Blatter Fransa və Almaniyanı FİFA-ya təzyiq göstərməkdə ittiham edib

Sepp Blatter FİFA üzvlərinə Fransa və Almaniyadan təsir edildiyini bildirib.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Sepp Blatter FİFA üzvlərinə Fransa və Almaniyadan təsir edildiyini bildirib.

FİFA prezidenti Sepp Blatter Fransa və Almaniyanı siyasi təzyiq etməkdə, 2018 və 2022-ci illərin futbol üzrə dünya çempionatlarına ev sahibliyi edəcək ölkənin seçilməsinə təsir göstərmək cəhdində ittiham edib.

Almaniyanın Welt am Sonntag qəzetinə müsahibəsində Blatter iddia edib ki, FİFA-da səsvermədən əvvəl Fransanın keçmiş prezidenti Nikolya Sarkozi və Almaniyanın keçmiş prezidenti Kristian Vulf öz ölkələrinin nümayəndələrinin etdikləri seçiminə təsir göstərməyə çalışıblar.

Beynəlxalq futbol federasiyasının qərarına əsasən, 2018-ci ilin dünya çempionatı Rusiyada, 2022-ci ilin dünya çempionatı isə Qətərdə keçirilməlidir.

Korrupsiya ittihamları ilə bağlı ABŞ Federal Təhlükəsizlik Bürosu tərəfindən fəaliyyəti araşdırılan Sepp Blatter bəyan edib ki, ona qarşı ittihamların əsassız olduğunu təkrar etməkdən yorulub.

Bu yaxınlarda Sepp Blatter FIFA prezidentliyinə növbədənkənar seçkilərdə namizədliyini irəli sürəcəyini istisna etmədiyini bildirmişdi.

Bu barədə BBC-ə onun çevrəsindəki mənbə xəbər vermişdi.

İyunun 2-də 79 yaşlı isveçrəli FİFA konqresi tərəfindən bu təşkilatın prezidenti vəzifəsinə beşinci müddətə seçildikdən cəmi 2 gün sonra bəyan etdi ki, qurumun yeni rəhbəri seçiləndən sonra vəzifəsindən gedəcək.

Növbədənkənar seçkilərin bu ilin dekabrın ortalarında keçiriləcəyi gözlənilir.