FİFA: Sepp Blatter istefa verir

Şəklin mənbəyi, Reuters
Sepp Blatter deyir ki, futbola rəhbərlik edən FİFA qurumunun prezidenti vəzifəsindən istefa verəcək.
79 yaşlı Blatter yeni prezidentin seçilməsi üçün növbədənkənar iclasın "mümkün qədər tez" keçirilməsinə səsləyib.
Sepp Blatter ötən həftə yenidən prezident vəzifəsinə seçilmişdi. Bundan iki gün öncə yeddi yüksək rütbəli FİFA rəsmisi korrupsiya ilə bağlı cinayət işlərinə görə həbs edilmişdi.
Beşinci dəfə FİFA prezidenti vəzifəsinə seçilmiş Blatterin hələ ki, bu qalmaqalla əlaqəsi yoxdur, lakin çoxları onu istefa verməyə çağırıb.
"Mənim mandatımı hamı dəstəkləmirmiş", cənab Blatter deyib. "Mən FİFA-ya və onun maraqlarına çox bağlıyam. Bu maraqlar mənə çox yaxındır və buna görə də bu qərara gəlmişəm. Mənim üçün ən önəmlisi, FİFA qurumu və dünya futboludur".
Korrupsiya ittihamları
Polisin ötən həftə Sürxdəki beş ulduzlu oteldə həyata keçirdiyi əməliyyat nəticəsində yeddi nəfər saxlanılıb. İttihamlara çirkli pulların yuyulması, reketçilik və fırıldaqçılıq daxildir.
ABŞ-ın başlatdığı cinayət işində adı keçənlər 1991-ci ildən 24 il müddətində ümumikdə 150 milyon dollar rüşvət almaqda ittiham olunurlar.
Bu işin təfərrüatları barədə məlumat verən ABŞ baş prokuroru Loretta Lynch deyib ki, FİFA-nın bəzi icraçı direktorları tutduqları yüksək mövqedən rüşvət almaq üçün istifadə ediblər.
"Onlar bu əməlləri təkrar-təkrar, ildən-ilə, yarışdan-yarışa törədiblər" – deyib baş prokuror.





