İsveçrə polisi FİFA rəsmilərini həbs edib

Polis reydi Sürixdəki beş ulduzlu oteldə həyata keçirilib

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Polis reydi Sürixdəki beş ulduzlu oteldə həyata keçirilib

Dünya futbol təşkilatı olan FİFA-da korrupsiya ilə bağlı iki cinayət işi açılıb, Sürixdə ABŞ-ın ittihamları ilə yeddi FİFA rəsmisi saxlanılıb.

Ayrıca olaraq, isveçrəli ittihamçılar 2018-ci və 2022-ci illərdə müvafiq olaraq Qətərdə və Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatları ilə bağlı cinayət işi açıb.

Həbs edilmiş yeddi FİFA rəsmisi korrupsiyada ittiham olunur, ABŞ rəsmiləri bildirib.

"Beş yüksək rütbəli icraçı rəsmi Cənubi Afrikada 2010-cu il Dünya Çempionatının keçirilməsi üçün rüşvət qəbul ediblər", ABŞ-ın Baş Prokuroru Loretta Lynch deyib.

FİFA bildirib ki, təşkilat cümə günü keçirilməsi planlaşdırılan yeni prezident seçkilərini həyata keçirəcək.

Beşinci müddətə prezident seçiləmək istəyən hazırki prezident Zepp Blatter, həbs olunmuş yeddi yüksək rütbəli rəsminin arasında deyil.

FİFA həmçinin bildirib ki, İsveçrənin həyata keçirdiyi istintaqa baxmayaraq, 2018-ci ildə Rusiyada, 2022-ci ildə isə Qətərdə planlaşdırılan Dünya Çempionatı ilə bağlı yeni tender keçirilməyəcək.

Zepp Blatterin prezident seçkilərində rəqibi olan İordaniya şahzadəsi Əli Bin əl-Hüseyn hadisələri "futbol üçün kədərli gün" adlandırıb.

FİFA-nın Sürixdəki qərargahı da polis tərəfindən reyd edilib, bəzi sənədlər götürülüb, isveçrəli ittihamçılar bildirib.

ABŞ ədliyyə departamenti bildirib ki, məsələ ilə bağlı 14 nəfər istintaqa cəlb olunub. Onların arasında 24 il ərzində 150 milyondan çox rüşvət almaqda ittiham olunan keçmiş FİFA vitse prezidenti Jeffrey Webb də var.

İstintaqa cəlb olunmuş yeddi nəfər, polisin çərşənbə günü səhər Sürxdəki beş ulduzlu oteldə həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Sözü keçən FİFA rəsmilərinə daxildir: Rafael Esquivel, Nicolas Leoz, Jeffrey Webb, Jack Warner, Eduardo Li, Eugenio Figueredo və Jose Maria Marin

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Sözü keçən FİFA rəsmilərinə daxildir: Rafael Esquivel, Nicolas Leoz, Jeffrey Webb, Jack Warner, Eduardo Li, Eugenio Figueredo və Jose Maria Marin

İttihamlara çirkli pulların yuyulması, reketçilik və fırıldaqçılıq daxildir.

FİFA üzvləri cümə günü keçiriləcək illik toplantıda iştirak etmək üçün Sürixdə bir araya gəliblər.

Bəzi rəsmilər artıq günahını etiraf edib, ABŞ Ədliyyə Departamenti bildirib. Bunların arasında Concacaf-ın keçmiş rəhbəri Charles Blazer də var.

İsveçrə Federal Ədliyyə və Polis Departamenti (FOJ) çərşənbə günü bildirib ki, ABŞ hökumət orqanları FİFA rəsmilərinin 1990-cı illərdən bəri 100 milyonlarla dollar dəyərində rüşvət almaqda şübhəli bilib. Cinayətlər ABŞ banklarında razılaşdırılıb və həyata keçirilib, əlavə olunur.

İsveçrə rəsmiləri dərhal ekstradisiyanı təsdiq edə bilər, bəyanatda bildirilir.

Bundan başqa ittihamçılar "2018 və 2022-ci illər futbol üzrə Dünya Çempionatının keçirilməsinə ayrılmış vəsaitin düzgün xərclənməməsi və çirkli pulların yuyulmasında şübhəli bilinən naməlum şəxslərə qarşı" cinayət işi açıblar, İsveçrə baş prokurorluğundan bildirilib.

İsveçrə polisi bildirib ki, onlar dünya çempionatının Rusiya və Qətərdə keçirilməsi üçün 2010-cu ildə keçirilmiş səsvermədə iştirak etmiş 10 FİFA icraiyyə komitəsi üzvlərini dindirəcəklər.

Bu ayın əvvəli cənab Blatter bildirmişdi ki, bəzi keçmiş əməkdaşlarının istintaq altında olmasından xəbərdardır.