Sepp Blatter avropalıların "nifrət kampaniya"sını pisləyir

Şəklin mənbəyi, AFP

Yenidən FİFA rəhbəri seçilən Sepp Blatter, dünya futbolunu idarə edən təşkilata qarşı avropa “rəsmilərinin nifrət kampaniya”sını pisləyib.

Bir çox Avropa ölkəsində Sepp Blatter-in növbəti müddətə FİFA sədri seçilməsilə bağlı narahtlıq ifadə olunur.

Danimarka Milli Futbol Assosiasiyasının rəhbəri cənab Blatter-in yenidən FİFA-nın baş vəzifəsində qərarlaşmasını “şəffaflığın məğlubiyyəti” adlandırıb.

Britaniya FA sədri isə Dünya Çempionatının boykotunu istisna etməyib.

Seçkilərdən bir gün əvvəl Avropa futboluna rəhbərlik edən UEFA təşkilatı seçkilərin təxirə salınmasına səsləyib və onun başçısı Blatteri istefaya çıxmağa çağırıb.

Bu arada futbol üzrə növbəti dünya birinciliyinə ev sahibliyi edəcək Rusiya Sürixdə keçən seçkilərin nəticələrindən məmnun qaldığını bəyan edir.

Cümə günü İsveçrənin Sürix şəhərində Sepp Blatter yenidən təşkilatın sədri vəzifəsinə seçilib. 79 yaşlı Blatter bu vəzifəyə beşinci dəfədir ki, seçilir.

Onun seçkilərdə əsas rəqibi İordaniya şahzadəsi Əli Bin əl-Hüseyn olub.

Səsvermə firıldaqçılaq ittihamları ilə bağlı yüksək rütbəli FİFA rəsmilərinin ABŞ hüquq-mühafizəçiləri tərəfindən saxlanılmasından sonra yer alıb.

Artıq 17 ildir ki, FİFA sədri olan cənab Blatter korrupsiyaya qarşı mübarizə aparmaq istədiyini deyib.

Dünya futbol qurumunun baş sponsorları təşkilatın reputasiyasının bərpa olunmasına yönələn addımlar gözlədiyini bildiriblər.