Fifa böhranı: Sepp Blatter özünü günahkar hesab etmir

Şəklin mənbəyi, Getty
Fifa prezidenti Sepp Blatter futbolun adına "ayıb və ləkə gətirən" şəxslərin hərəkətlərini lənətlədiyini deyib.
Lakin o əlavə edib ki, çoxları onu bütün futbol icmasına görə məsul hesab etsələr də, o "həmişə, hamıya nəzarət edə bilməzdi".
Cənab Blatter bu bəyanatı FİFA konqresinin açılışında verib.
Bundan əvvəl isə, Dünya futboluna rəhbərlik edən qurum – FİFA özünün illik konqresinə hazırlaşdığı bir vaxtda Coca-Cola, Adidas və Visa da daxil olmaqla sponsorlar bu təşkilatdakı həbslərdən narahatlıqlarını bildiriblər.
Avropanın əsas futbol təşkilatı UEFA, FİFA-nın növbəti prezidentinin cümə günü keçiriləcək səsvrerməsini boykot edib-etməmək məsələsini müzakirə edir.
Çərşənbə günü Sürixdə FİFA-nın 7 yüksək vəzifəli rəsmisi həbs edilib. Onlar barələrində cinayət işi başlanmış 14 nəfərin arasındadırlar.
Çərşənbə günü FİFA ABŞ-ın apardığı cinayət işi ilə əlaqədar daha 11 nümayəndəsinin futbolla bağlı fəaliyyətini qadağan edib.
Blatter 5-ci dəfə seçilmək istəyir

Şəklin mənbəyi, Getty
Britaniyanın baş naziri David Cameron da daxil olmaqla Sett Blatterin istefasına çoxsaylı çağırışlar edilib.
UEFA-nın rəhbəri Michel Platini deyib ki, Blatterə istefa verməsini "dost kimi" xahiş edib.
Lakin təşkilat bildirib ki, hazırkı prezident Sepp Blatterin 5-ci müddətə seçilmək istədiyi səsverməni təxirə salmayacaq.
Həbsləri şərh edən Britaniya xarici işlər naziri Philip Hammond BBC-ə deyib ki, “FİFA-nın dərinliyində çox böyük qüsur gizlənib və beynəlxalq futbol islah edilməlidir”.
Hazırkı təhqiqatda adı keçməyən FİFA prezidenti Blatter deyib ki, “belə davranışın futbolda yeri yoxdur və biz əmin olmalıyıq ki, bu əməldə iştirakı olanlar oyundan xaric edilsinlər”.
İsveçrə prokurorları da 2018 və 2022-ci il futbol çempionatları üçün ev sahibliyinin Rusiya və Qətərə verilməsi ilə bağlı ayrıca təhqiqat açıblar.
“Yüksək standartlar”
Bu arada FİFA-nın sponsorları olan iri şirkətlərə bu təşkilata təsir göstərmələri üçün çağırışlar edilir.
Coca-Cola şirkəti bildirib ki, “xeyli zamandır davam edən ziddiyyətlər FİFA dünya çempionatının missiya və ideallarını alt-üst edib”.
Kredit kartları şirkəti “Visa” da son həbslərdən dərin narahatlıq keçirdiyini bəyan edib.
Adidas şirkəti isə bildirib ki, o, etika və qanunçuluğun yüksək standartlarını rəhbər tutur və öz partnyorlarından da eyni yanaşmanı gözləyir.
Sponsorların ikinci qrupuna daxil McDonald's bəyan edib ki, vəziyyət son dərəcə narahatedicidir və o, hadisələri diqqətlə izləyir.
Hyundai Motor şirkəti də eyni narahatlıqları səsləndirib.
UEFA FİFA səsverməsini təxirə salmağa çağırır

Şəklin mənbəyi, Reuters
Barələrində ittihamlar verilmiş hazırkı və keçmiş FİFA direktorlarının sırasında Rafael Esquivel, Nicolas Leoz, Jeffrey Webb, Jack Warner, Eduardo Li, Eugenio Figueredo və Jose Maria Marin də var.
Bu arada Avropa futboluna rəhbərlik edən qurum - UEFA cənab Blatterdən gileylənərək bildirib ki, “baş verən hadisələr FİFA üçün fəlakətdir və bütövlükdə futbolun imicinə zərbə vurub”.
UEFA-nın bəyanatında deyilir ki, korrupsiya FİFA mədəniyyətində dərin kök atıb.
Təşkilat həmçinin cümə günü keçirilməli olan FİFA səsverməsinin indiki vəziyyətdə təxirə salınmasını istəmişdi.
FİFA-ya “qırmızı kart”
Amerika Birləşmiş Ştatlarında isə bu həbslərlə bağlı baş prokurorun, ABŞ Federal Vergi Xidmətinin və FTB-nin iştirakilə mətbuat konfransı keçirilib.

Şəklin mənbəyi, AP
Federal Vergi Xidmətinin rəhbəri mətbuat konfransında deyib ki, “əgər FİFA barədə iddialar doğrulsa, onda məşhur mafioz Al Capone bunların yanında bağça uşağı kimi görünəcək”.
“Bu, dünya fırıldaq çempionatıdır və biz FİFA-ya qırmızı kart göstəririk” – vergi xidmətinin bəyanatında deyilir.
ABŞ-ın başlatdığı cinayət işində adı keçənlər 1991-ci ildən 24 il müddətində ümumikdə 150 milyon dollar rüşvət və “şapka” almaqda ittiham olunurlar.
Bu işin təfərrüatları barədə məlumat verən ABŞ baş prokuroru Loretta Lynch deyib ki, FİFA-nın bəzi icraçı direktorları tutduqları yüksək mövqedən rüşvət almaq üçün istifadə ediblər.
“Onlar bu əməlləri təkrar-təkrar, ildən-ilə, yarışdan-yarışa törədiblər” – deyib baş prokuror.




