Blatter qəsd qurbanı olub, onun qızı deyir

corinne blatter
Şəklin alt yazısı, Corinne Blatter əmindir ki, qalmaqal tezliklə unudulacaq

FİFA prezidenti Sepp Blatter “kulis arxası qəsd” qurbanı olub, BBC-yə müsahibədə onun qızı Corinne Blatter bəyan edib.

“Heç kəs günahsız deyil, lakin... o, elə adam deyil ki, pul götürsün”, - Corinne Blatter deyib.

Ötən həftə FİFA-nın korrupsiyada şübhəli bilinən bir neçə yüksək vəzifəli rəsmisi həbs olunub.

Beşinci dəfə FİFA prezidenti vəzifəsinə seçilmiş Blatterin hələki bu qalmaqalla əlaqəsi yoxdur, lakin çoxları onu istefa verməyə çağırır.

Blatterin sui-qəsd qurbanı olduğuna dair suala Corinne Blatterin cavabı: “Mən deməzdim ki, bunda amerikalıların ya britaniyalıların əli var, amma, şübhəsiz, buna səhnə dalında işləyən adamların əlaqəsi var”, - olub.

“Qara qüvvələr”

“Mən bilmirəm, onlara qara qüvvələr demək olarmı, lakin onlar yaxşıca çalışıblar. Onlar ötən il sentyabr və oktyabrda çalışıblar. Necə ola bilər ki, özünü “ən qüdrətli konfederasiya” elan edən UEFA öz namizədini irəli sürməsin?” – Blatterin qızı sual edir.

2014-ci ilin sentyabrında 2018 və 2022-ci il dünya çempionatlarının keçirilməsi yerlərinin rüşvət əsasında seçildiyi ittihamları ilə bağlı araşdırmaların nəticələrini dərc etməkdən imtina etdikdən sonra istefaya məcbur etmək üçün Sepp Blatter təzyiqə məruz qalıb.

İngiltərə Futbol Assosiasiyasının sədri Greg Dyke UEFA prezidenti Michel Platini-ni bütün Avropanı birləşdirib 2018-ci il Dünya Çempionatını boykot etməyə çağırıb.

Eyni zamanda Cənubi Afrika Respublikasının mətbuatı bildirir ki, həqiqətən də Cənubi Afrika hazırda rəhbəri FİFA sıralarında korrupsiya ilə bağlı ittihamlar mərkəzində olan futbol assosiasiyasına 10 milyon dollar verib. İndiyədək CAR bu ittihamları rədd edirdi.

Corinne Blatter son günlərin hadisələri atasının tamamilə nüfuzdan düşməsinə səbəb olmasını inkar edir.

“Bu, yalnız onu nüfuzdan salmaq üçün, onu istefa verməyə məcbur etmək üçün edilib. Lakin sizi inandıra bilərəm ki, iki-üç həftədən sonra heç kəs bu barədə daha danışmayacaq”, - o deyib.