Karpatda şəriət: Ukrayna kəndinin krım tatarları

Karpatın yeni sələfiləri - Əbdürrəhman və Dilarənin ailəsi.
Şəklin alt yazısı, Karpatın yeni sələfiləri - Əbdürrəhman və Dilarənin ailəsi.

“Bir il bundan əvvəl Karpat dağlarında, Lvovun 160 kilometrliyində, Polşa sərhədinin lap yanında yerləşən Borınya qəsəbəsinə bu yerlər üçün qeyri-adi görkəmli adamlar məskun olub: içki içməyən, təmkinli, zəhmli və saqqallı kişilər və onların hicablı qadınları və uşaqları” – yazır BBC Ukrayna xidmətinin müxbiri Oleq Karpyak.

Bunlar Rusiyanın Krımı ilhaq etməsindən sonra dini təqiblərdən qaçan 4 tatar ailəsidir. Onlar sünni İslamın çox vaxt vəhabiliklə müqayisə edilən sələfilik təriqətinə məxsusdurlar.

Sələfilər iddia edirlər ki, onlar İslamın ilkin, tarixi dəyişikliklərə uğramamış formasına sitayiş edirlər.

Alman kəşfiyyatının məlumatına görə sələfilik İslamın hazırda ən sürətlə yayılan formasıdır.

Borınyanın sələfiləri

Borınya qəsəbəsinə köçmüş bu dörd ailə son vaxtlaradək yataqxanada yaşayırdı. Bu yaxınlarda ailələrdən biri onlar üçün ayrılmış evə köçüb.

“Sonbeşikləri artıq Karpatda doğulmuş beş uşaqlı Əbdürrəhman və arvadı Dilarəyə verilən ev bir az darısqaldır, amma hər halda bu artıq onların öz evidir” – yazır Karpyak, ikiotaqlı evin hətta kiçik dirliyi də var. Bu evin 3 min dollara alınmasına xeyriyyəçilər yardım göstəriblər”.

Tatar ailəsi Karpatı bəyənib. Krıma qayıtmaq fikirləri yoxdur. “Burda hər şey ürəyimizcədir. Meşə, təmiz su..." - deyirlər.
Şəklin alt yazısı, Tatar ailəsi Karpatı bəyənib. Krıma qayıtmaq fikirləri yoxdur. “Burda hər şey ürəyimizcədir. Meşə, təmiz su..." - deyirlər.

Hələlik bütün ailə döşəmənin üstündə yatır. Onlar elə namazlarını da burada qılırlar.

Əbdürrəhman deyir ki, işlədiyi yerli meşəçilik təsərrüfatından ayda 1500 qriven maaş alır, bir az da dövlət yardımı verirlər.

Tatar ailəsi Karpatı bəyənib. Krıma qayıtmaq fikirləri yoxdur.

“Burda hər şey ürəyimizcədir. Meşə, təmiz su. Şəhər yerində, xüsusilə də uşaqlılar üçün yaşamaq çətindir – deyir, - Bizim ailəyə lazım olan odur ki, yaxınlıqda məktəb və xəstəxana olsun”.

Məktəbə getməyən Məhəmməd

Hərçənd müsəlmanların uşaqları məktəbə getmirlər. Dördüncü sinif şagirdi Məhəmməd internet vasitəsilə valideynlərinin nəzarəti altında təhsil alır. Məktəbə yalnız imtahanları vermək üçün gedir. Dilarə deyir ki, o biri uşaqlar da yaşları çatanda bu cür oxuyacaqlar. Bu, məktəbin çox da ürəyincə deyil, amma birtəhər razılaşıblar.

Uşaqların atası deyir ki, övladlarına belə tərbiyə vermək onun üçün daha münasibdir.

“Orda uşağa söyüş də öyrədə bilərlər, burada icazə verilən başqa pis adətlər də... – deyir Əbdürrəhman, - Mən din qanunları ilə yaşayıram: mənə içmək, söyüş söymək, qızlarla kef eləmək qadağandır”.

Məktəbə getməyən Məhəmməd bacıları ilə oynayır.
Şəklin alt yazısı, Məktəbə getməyən Məhəmməd bacıları ilə oynayır.

Amma yerli əhalinin mənəvi durumu onu qane edir.

“İçkidir də...pis adətdir. Amma Krımda gördüyüm əxlaqısızlıq burada yoxdur” - deyir.

“Burada Rusiyadakı kimi deyil. Götürüb dini dünyəvidən ayırıblar, - deyə daha ciddi siyasi müstəviyə keçir, - Burda bu ikisi sıx əlaqəlidir. İslamda isə bu ikisini bir-birindən ümumiyyətlə ayırmaq olmaz".

Qurandan əvvəlki qanunlar

“İslamda şəriət qanunları ilə yaşayırlar. Burda adamlar yerə Qurandan əvvəl göndərilmiş qanunlarla yaşayırlar”.

O gileylənir ki, terror aktları İslamın dünyadakı imicinə zərbə vurur.

Bunu da əlavə edir ki, yerlilər bəzən vəziyyəti gərginləşdirilər. Şayiə buraxırlar ki, guya müsəlmanlar burda məsçid açmaq istəyirlər.

“Bizim belə imkanlarımız yoxdur, - deyir Əbdürrəhman, - bura İslam ərazisi deyil ki, şəriət qanunlarını tətbiq edib adamları xütbəyə çağırasan, cəmiyyəti maarifləndirəsən...”

Qoy yaşasınlar...özləri üçün

Oleq Karpyak yazır ki, yerlilərin fikrini öyrənmək üçün uzağa getməli olmayıb. Qəsəbədə katolik kilsəsi ilə üzbəüz meydanda pivə içən iki nəfərə yaxınlaşıb.

Darısqallıq olsa da, öz evləridir...
Şəklin alt yazısı, Darısqallıq olsa da, öz evləridir...

Onlardan biri deyirmiş ki, “bu Borınyada daha kimlər yoxdur? Katoliklər, pravoslavlar, baptistlər, hətta tatarlarımız da var!”

Əvvəlcə yerlilər gəlmələr haqda xoş sözlərlə danışırmışlar: “İçmirlər, içməsinlər də...Zəhmətkeşdirlər. Qoy yaşasınlar özləri üçün...”

Sakit söhbəti Mişa adlı əli pivəli və cüssəli bir şəxs pozur. Deyir ki, Əfqanıstanda xidmət edib və öz kəndində məsçid görmək istəmir.

Qonaq ev yiyəsinin quludur?

Təzə kostyum geyinmiş başqa bir kişi əlavə edir: “Burda yaşamaq istəyirsənsə, buraların qaydaları ilə yaşa. Qonaq gedəndə ev yiyəsi nə desə onu edirsən, özün istəyəni etmirsən ki...”

Balaca Əbdülmuiz Karpatda doğulub.
Şəklin alt yazısı, Balaca Əbdülmuiz Karpatda doğulub.

Əbdürrəhmansa deyir ki, o xristian bayramlarında işləyəndə yerlilərin acığı tutur, amma bu qadağanlar onun üçün deyil:

“Mən indi hamını yığıb desəm ki, müsəlman olun, mən nə desəm, onu edin, onda siz üsyan edəcəksiniz, düz deyilmi? Onda bəs məni niyə məcbur edirsiniz? Dində məcburiyyət yoxdur. Mənim öz hüquqlarım var. Mən, mənə icazə verilənləri edirəm...”

Qalisiya ləhcəsi

Lvov vilayəti Krım-tatar cəmiyyətinin sədri Ernest Abkelamov isə deyir ki, Əbdürrəhman kimi sələfi ailələr tatarların arasında cüzi azlığı təmsil edirlər. Qaliçiniya köçən tatarların çoxu İslamın daha mötədil cərəyanına aiddirlər. Çoxları ümuimiyyətli dünyəvi həyat yaşayır.

“Biz inteqrasiyanın əleyhinə deyilik, amma biz assimilyasiyadan qorxuruq – deyir Abkelamov, - din biz tatarları birləşdirıən bəlkə də yeganə bağdır. Əgər o olmasa, biz yerli əhaliyə qarışıb yox olarıq.”

Lvov tatarlarının rəhbəri Ernest Abkelamov: Uşaqlarımız artıq Qalisiya ləhcəsində danışırlar...
Şəklin alt yazısı, Lvov tatarlarının rəhbəri Ernest Abkelamov: Uşaqlarımız artıq Qalisiya ləhcəsində danışırlar...

Ernest Abkelamov deyir ki, köçkün tatarların problemi məsçid yox, Krıma qayıda bilməkdir, hərçənd onların çoxu özlərini ən pis ssenariyə hazırlayıblar.

“Allah nə hökm etsə, o olacaq, - deyir şair və fəal Abkelamov, - Bir də gördün beş, on, on beş il burada qalası olduq, onda necə? Uşaqlarımız artıq Qalisiya ləhcəsində danışırlar...”