Minlərlə miqrant dənizdə xilas edilib

Şəklin mənbəyi, Reuters
Həftə sonu 5800-dən çox miqrant xilas edilib və 10 cəsəd Liviya sahillərinə çıxarılıb, İtaliya sahil mühafizəsindən bildiriblər.
Xilas olanlar, İtaliya və Fransa gəmiləri vasitəsilə həyata keçirilmiş 17 fərqli əməliyyat nəticəsində taxta və rezin qayıqlardan götürülüblər.
İtaliya gəmisi bazar ertəsi təxminən 900 nəfəri Siciliyaya çıxarıb.
Bu il Aralıq dənizini keçməyə çalışan ən azı 1750 insan həlak olub. 2014-cü ilin eyni vaxtında isə ölənlərin sayı 96 nəfər olub.
Həftə sonu xilas edilmiş insanların sayının artacağı gözlənilir. Bu il xilasedicilər üçün ən sıx iki gün isə aprelin 12 və 13-ü olub. Həmin vaxt 6500 insan xilas edilib.
Qaçaqçılar əlverişli havadan istifadə etdiyi üçün, növbəti həftələrdə daha çox miqrantın dənizi keçməyə cəhd edəcəyi gözlənilir.
Bazar günü baş vermiş digər bir hadisədə miqrantları Avropaya daşıyan qayığın Misir sahillərində batması nəticəsində üç nəfər ölüb, Misirin dövlət mətbuatı bildirir. Bildirildiyinə görə, 31 miqrant xilas edilib.
Böhranı müzakirə etmək üçün keçən ay keçirilmiş fövqəladə iclasda Avropa İttifaqı liderləri bildiriblər ki, onlar Aİ sərhəd agentliyi Frontex tərəfindən idarə olunan xilasetmə əməliyyatlarının maliyyələşdirilməsini üç dəfə artıracaqlar və qaçaqçı gəmilərini hərbi zərbələrlə hədələyiblər.
Apreldə bir qayığın batması nəticəsində 800 nəfər həlak olmuşdu. Qəzada xilas olanlardan 27 nəfəri bildirmişdi ki, qaçaqçılar qayığa daha çox miqrant yerləşdirməyə çalışıblar.
Həddindən artıq yüklənmiş qayıq Liviyanı tərk etdikdən qısa müddət sonra yük gəmisi ilə toqquşmuşdu.






