Qarabağ veteranı olduğunu sübut edə bilməyənlər

Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti illər ərzində vuruşduğunu sübüta yetirə bilməyən Yuriy Drobotova vəsiqə almaqda kömək etdiyini bildirir.
Şəklin alt yazısı, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti illər ərzində vuruşduğunu sübüta yetirə bilməyən Yuriy Drobotova vəsiqə almaqda kömək etdiyini bildirir.
    • Müəllif, Günel Səfər
    • Vəzifə, Bakı, bbcazeri.com üçün

Bərdənin Mollaəhmədli kəndində yaşayan Gülzar nənə 6 nəfərlik ailəsinə özü baxır. Onun 2-ci oğlu Qarabağ müharibəsinə könüllü gedib. 1993-cü ildə isə yaralanaraq düşmənə əsir düşür.

Əsirlikdən qaçaraq aldığı yaradan dolayı 7 kilometr ərazini sürünərək gəlir. Buna baxmayaraq o, nə müharibə əlili kimi, nə də müharibə veteranı kimi qeydiyyatdadır. 70 yaşlı Gülzar nənə deyir ki, ona bir şey olsa bu ailə yaşamaz.

“Həyətyanı sahəmdə tərəvəz əkirəm, bir inəyim var onun da südündən istifadə edirəm. Bu ailə mənsiz necə olar, bilmirəm. Oğlumun 3 körpəsi var. Çox istəyirəm ki, ona vəsiqə verilsin. O da müavinət alsın”.

Gülzar nənə bununla bağlı bir neçə dəfə rayon icra orqanlarına müraciət etdiyini deyir. Amma heç bir nəticə yoxdur.

Bu hekayə bir problemə diqqət yönəldir. Qarabağ müharibəsində döyüşüb sağ qalan hər kəs müharibə veteranı kimi tanınırmı?

Döyüşənlər müharibə veteranıdırmı?

Hərbi ekspertlər və cəmiyyətlər “tanınmır” deyir. Bir çoxları veteran vəsiqəsini saxta yollarla əldə edib. Əsl döyüşçülər isə kənarda qalıb.

Millət vəkili Zahid Oruc isə, siyahıdan heç kimin çıxarılmamasının tərəfadarıdır. O, belə olarsa, "ölkədə sosial gərginlik yaranar" deyir.

Hərbi Ekspert Telman Əbilov deyir ki, qeyri-rəsmi statistikaya görə Qarabağ müharibəsi veteranı statusunu daşıyan 100 minə yaxın insan var. Bu rəqəm isə düzgün siyahını əks etdirmir.

“Hər bir müharibənin qanunu var. Bir müharibədə 50 min adam iştirak edibsə, təxminən yarısı həlak olursa, yarısı da veteran qalır. Qarabağ müharibəsində heç 40 min adam iştirak etməyib. Biz 20 min şəhid vermişiksə, yerdə qalır 20 min adam. Əslində yalnız bu qədər adam veteran vəsiqəsini daşımalıdır”, ekspert deyir.

Qanunvericilik

1992-ci ildə Veteranlar Haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib. Bu qanuna görə, İkinci Dünya Müharibəsi illərində döyüşən, orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusun, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

Bu qanuna 2001-ci ildə edilmiş əlavəyə görə, veteran statusu Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə aid edilmir.

Cənab Əbilov onu da deyir ki, vəsiqələri saxta yollarla alanlar çoxdur. Əsl döyüşçülər isə ciddi çətinliklərlə qarşılaşırlar.

Gülzar xanım əsirliyə düşmüş oğluna vəsiqə ala bilmədiyini deyir.
Şəklin alt yazısı, Gülzar xanım əsirliyə düşmüş oğluna vəsiqə ala bilmədiyini deyir.

“Elə hərbi qulluqçular var ki, sənədlərində olan nöqtə, vergül, hərf səhvinə görə, onlara problem yaradıb vəsiqə vermirlər”.

Saxta döyüşçülər

Ekspert veteran statusunu əldə etmək üçün hərbi qulluqçuların müvafiq kommisiyalara döyüş bölgəsində, əməliyyatlarında iştirak etdiyini təsdiq edən arayış təqdim etməli olduğunu bildirir.

“Bundan başqa əmrin surəti və nömrələri işə əlavə olunmalıdır. Ehtiyatda olanlar rayon səfərbərlik şöbəsinə (keçmiş hərbi kommisarlıq), xidmətdə olanlar isə, hərbi hissə komandanlığına müraciət etməlidirlər”.

Adının çəkilməsini istəməyən keçmiş hərbi qulluqçu, indiki dövrdə veteran vəsiqələrinin çox olmasının səbəbini izah edir. O deyir ki, müharibə zamanı komandirlər tərəfindən ordu siyahısına bir çox adlar yazılırdı.

Bu adlar onun qohumlarına və ya tanışlarına aid idi. Onlar döyüş əməliyytlarında iştirak etməsələr də maaş alırdılar.

“Bir tağımda 35 əsgər olmalıdır, iki tağım bir bölükdür. Bir bölükdə 75 nəfər olmalıdır. 4 bölük isə birləşərək batalyon yaradır. Batalyon toplaşması üçün əmr veriləndə 70-80 nəfər ancaq toplaşardıq. Amma siyahıda lazımı qədər əsgər adı var idi. Bəzən yoxlamalar olanda, komandir özü kəndlərə gedib adı yazılmış yerli əhalini toplayırdı”.

Həmsöhbətimiz hazırda saxta vəsiqə daşıyan bir çox şəxsdən də danışır. “Birini şəxsən mən tanıyıram. Bakıda həbsdən çıxanda vərəm xəstəliyinə tutulmuşdu. Müharibəyə gələndən bir neçə gün sonra səhhətinə görə geri qayıtdı. Amma indi “Müharibə zamanı vərəm xəstəliyinə tutlduğuna” görə, veteranlıq statusu var”.

O, həm də döyüş bölgələrində işləyən polis işçilərinin də sonradan vəsiqə aldığını deyir. Bu isə doğru deyil, çünki onlar vəzifə borclarını yerinə yetiriblər.

Yuriyin hekayəsi

“Mənə hərbi kommissarlıqda dedilər ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayıb”, bu sözləri göz yaşlarını saxlaya bilməyən Marqarita Drobotova deyir. Onun oğlu Yuriy Drobotov Qarabağ müharibəsinin iştirakçısı olub. Yuri aldığı qəlpə yaralarına görə iki ayağından məhrum olub. Amma buna baxmayaraq o illərlə vəsiqə ala bilməyib.

Yuriy Drobotov 1991-ci ildə müharibəyə könüllü yollanıb. Əvvəlcə Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON)-nin sıralarında vuruluşub. Sonra isə kəşfiyyatçı bölməyə keçib. 1993-cü ildə əməliyyat iki ayağından da qəlbə yarası alır.

Ayaqlarını bintlə sarıyan Yuriy və dostları geri dönən zaman, kənddə bir neçə sakinin qaldığını görürlər.

Qalanlar qadın və uşaqlar idi. Döyüşçülər düşməndən qaçmaq üçün sakinləri bellərində daşıyaraq Araz çayını keçirlər. Bu prosess yenicə yaralanmış Yuriyin həyatında dönüş nöqtəsi olur.

1994-cü ildə müharibədən geri qayıdan Yuriy iş tapmaqda çətinlik çəkir və Rusiyaya gedir. 2006-cı ildə geri dönən Yurinin ayaqları artıq fəaliyyətini itirirdi.

O, əvvəlcə sol, sonra sağ ayağını itirir. Ümumi səbəbdən əlil kimi qeydiyyatda olan Yuriyin bircə arzusu var idi. O, döyüşçü kimi təsdiq olunmasını istəyirdi.

Yuriy və anası Marqarita Vasilyevna 2006-cı ildən başlayaraq veteran vəsiqəsi düzəltmək üçün çalışırlar. Marqarita Vasilyevnanın dediyinə görə, dəfələrlə hərbi komissarlıqda olmasına baxmayaraq oğulunun sənədləri ona verilməyib. "Axırda Yuriy Mehriban Əliyevaya məktub yazdı. Cavab gəldi ki, problemimiz həll olunmalıdır. Komissarlıqda bu dəfə üzümə yaxşı baxdılar, dedilər düzələck. Bir ay sonra getdim ki, olan sənədləri də it-bata salıblar”, deyən ana, oğlu ilə birgə vəsiqə sevdasından əlini üzdüyünü bildirir.

Yuriyin anası Marqarita Drobotova məhrum oğlunun vəsiqə almasına çox sevindiyini bidlirir.
Şəklin alt yazısı, Yuriyin anası Marqarita Drobotova məhrum oğlunun vəsiqə almasına çox sevindiyini bidlirir.

21 illik gözlənti

Bir neçə il sonra keçmiş döyüş yoldaşlarından biri olan Növrəstə Yusifova ilə hərbi hospitalda qarşılaşan Yuriy öz problemini ona da danışır. Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə xanım ona kömək edəcəyini bildirir.

“Hospitala döyüş yoldaşlarımı aparmışdım. Orada Yuriyi gördüm. Dedi ki, döyüşdüm, amma qiymət qoymadılar mənə. Sübut edə bilmirəm ki, döyüşdə olmuşam. Mənə vəsiqə vermirlər. Baxdım ki, əmrləri, ezamiyyət vərəqləri də var. Məktublar yazmaga başladım. Mətbuatı da bu işə qarışdırdıqdan sonra diqqət cəlb olundu. 2 həftənin içində vəsiqə hazırlandı”, deyir xanım Yusifova.

Növrəstə Yusifova əsl döyüşçülərin vəsiqə almaq üçün illərlə əziyyət çəkməklərini heç cür qəbul edə bilmir. “İki həftəyə düzələn bir sənəd üçün Yuriy 21 il çalışmalı idi?! Yox! Ağdamda toyda nağara çaldığı yerdə Qrad qəlpəsindən ayağını itirmiş adam illərdir, müharibə veteranı hesab olunur, amma Yuriykimilər tanınmır”.

Sədr onu da deyir ki, əsas vəsiqə alanlar yerli əhalidir. “Biz ordu üzvü idik, maaş da alırdıq. Amma ən çox sənəd alanlar “yerli özünü müdafiə dəstələr”-nin üzvləri oldu. Onlar heç bir əməliyyatda iştirak etmirdilər, yalnız öz evini qoruyurdular. Sonda da onlar oldular veteran statusu daşıyanlar”.

Kədərlisi isə odur ki, Yuriy arzusuna çatandan bir neçə gün sonra vəfat edib. Anası onun son günlərdə çox sevincli olduğunu deyir. “O həmişə deyirdi ki mən azərbaycan xalqının rus övladıyam. Fəxr edirdi bununla. Amma son dövrlərdəki münasibətdən çox üzülmüşdü. Vəsiqəni alanda gözləri gülürdü”.

Veteran statusu daşımaq üçün bu qədər can atanlar olduğuna görə, ortaya bir sual çıxır. Bu statusun verdiyi üstünlüklər nələrdir?

Ekspert Telman Əbilovun sözlərinə görə, xüsusi bir üstünlük yoxdur. “Əvvəlcə veteranlara kommunal xərclərdə güzəştlər var idi. Sonra isə, müavinət təyin olundu. Əgər veteran işləmirsə və pensiya almırsa, 45 manat müavinət alır. Bu da böyük rəqəm deyil. Amma çoxları bu vəsiqədən sui-istifadə edirlər”.

Bundan başqa veteran statusu daşıyanlar 400 manata qədər gəlir vergisindən azaddırlar. İşçilərinin 70 faizini veteranlar təşkil edən qurum gəlir vergisindən azaddır. Üstəlik müharibə veteranlarına dövlət tərəfindən evə və maşın kimi yardımlar da edilir.

"Vahid olmayan ordu"nun problemləri

Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Zahid Oruc Azərbaycanda 95 mindən artıq veteran statusu daşıyan şəxsin olduğunu deyir. O, bu rəqəmin böyük olduğunu qəbul edir.

“Biz 20 min şəhid vermişik, bu hesabla 120 minlik bir döyüşçü statistikası ortaya çıxır. Bu qədər döyüşçü olduğu halda ərazi bütövlüyünü qoruya bilməmək sual altında qalır ”, Zahid Oruc deyir.

Qarabağ veteranı Rey Kərimoğlu isə bu statistika ilə razı deyil. O deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əldə etdiyi statistikaya görə, hazırda ölkədə 49 min 692 Qarabağ müharibəsi veteranı müavinət alır.

O, bir çoxlarının vəsiqə ala bilməməsindəki çətinlikləri həmin dövrdəki qüsurlu sənədləşdirmə prosesi ilə bağlayır. Çıxış yolu isə məhkəmədir.

“Döyüşçü sənədlərini bərpa etmək istəyirsə, məhkəməyə müraciət etməlidir. Onunla eyni yerdə döyüşən 3 müharibə veteranı şahid kimi gətirməlidir, notarial qaydada akt tərtib olunmaldır. Bundan sonra statusu bərpa etmək olar”.

Millət vəkili Zahid Oruc veteran sayının çox olmasının səbəblərindən danışır. İlk səbəb kimi vahid ordunun yaradıla bilməməsini göstərir.

“Azərbaycan müharibəyə ordusuz cəlb olundu. Könüllü batalyonların, müxtəlif siyasi təşkilatların dəstəyi ilə ortaya çıxan dəstələrin hamısı vahid ordunun formalaşması üçün bir bayraq altına toplaşa bilmədilər. Yəni ali baş komandana tabe olan, vahid nizamlama ilə yönləndirilən vahid ordu yarada bilmədik” deyən Zahid Oruc 1994-cü ildə atəşkəs imzalanandan sonra veteran statusu əldə etmək üçün kütləvi cəhdlərin olduğunu deyir.

"İlk vaxtlar qanunda onların xidməti fəaliyyətinin tanınması ilə bağlı prosedur bəlli deyildi, yəni hansısa bir könüllü qrupun, nəinki batalyon, eləcə də kiçik taborların fəaliyyətini hüquqi cəhətdən təsdiqləmək mümkün olmadı. İkinci Dünya Müharibəsi zamanı hətta düşmən tərəfindən kiçik bir dağıntı etmiş şəxsin xidmətinin qiymətləndirilməsi üçün o dövr Sovet ordusunda konkret təlimatlar var idi. Bizdə isə bunlar olmadı”, deyən millət vəkili Müdafiə Nazirliyinin vahid arxiv sənədlərinin toplanmasını da sonra qədər təşkil etməyin mümkün olmadığını da bildirir.

Bu hallar müraciət edənlərin hamısının veteran kimi tanınmasına gətirib çıxarır. “Bizim birinci Qarabağ savaşının bütün hüquqi sənədlərinə sahib olmamağımız inkar edilməzdir".

Zahid Oruc sənədlərin çoxunda saxtalaşdırma hallarının olduğunu qəbul etsə də, bu mövzunun araşdırılmasının əleyhinədir.

“Veteran statusunun alınması üçün subyektiv hallara yol verilib. Həmin məsələnin təzədən təftiş olunması və kimlərinsə veteran statusunun əlindən alınmasını əleyhinəyəm. Çünki etiraf etmək lazımdır ki, biz ərazi bütövlüyümüzün tanınmasını sona qədər təmin edə bilmədiyimiz üçün, bu məsələ ölkə içərisində müəyyən sosial gərginlik yarada bilər", millət vəkili deyir.

Növrəstə Yusifova isə hakimiyyət orqanlarının bu məsələni diqqətdə saxladığını bildirir. O deyir ki, bir çox insanların sənnədlərinin doğruluğu yoxlanılır və "artıq saxta yollarla vəsiqə alanlar yoxdur".