Özünü yandıran Qarabağ veteranı vəfat edib

Özünü yandıran Zaur Həsənov AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin onun mülkiyyət hüquqlarının pozduğunu iddia edib. Cənab Mehbalıyev isə bu iddiaları rədd edir.
Şəklin alt yazısı, Özünü yandıran Zaur Həsənov AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin onun mülkiyyət hüquqlarının pozduğunu iddia edib. Cənab Mehbalıyev isə bu iddiaları rədd edir.

Mülklə bağlı çəkişmələr səbəbilə özünə od vurmuş Qarabağ veteranı Zaur Həsənov vəfat edib.

Məsciddə yuyulduqdan sonra Lökbatan qəsəbəsindəki evinə aparılan veteranın ölüm xəbərinə prezident İlham Əliyevin reaksiyası məlum deyil.

Prezidentin mətbuat katibi Azər Qasımov BBC Azərbaycancaya bu barədə məlumatsız olduğunu deyib.

Həsənov şənbə axşamı vəziyyətinin pisləşməsi nəticəsində həyatını dəyişib, 5 nömrəli Klinik Xəstəxanadan BBC Azərbaycancaya bildirilib.

Onun sabah günorta saatlarında torpağa veriləcəyi deyilir.

Zaur Həsənov 25 dekabrda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyevin onun mülkiyyət hüquqlarının pozduğunu iddia edib və Konfederasiyanın binası qarşısında özünə od vurub. Cənab Mehbalıyev cümə axşamı veteranın onu "şərlədiyini və şantaj etdiyini" bildirib.

Prezident “çox narahat olub və sarsılıb”

Prezident Administrasiyasının yüksək rütbəli rəsmisi deyib ki, prezident Zaur Həsənovun özünü yandırmağa cəhd etməsi barədə xəbərdən “çox narahat olub və sarsılıb”.

Əli Həsənov müharibə əlilinin müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqların verildiyini deyib.

Cümə günü Mehbalıyev də Həsənovun övladlarının yetkinlik yaşına çatana qədər Həsənovun ailəsinə AHİK tərəfindən hər ay 1500 manat vəsait ödəniləcəyini elan edib,

AHİK həmçinin zərəri aradan qaldırmaq üçün veterana kompensasiya ödəniləcəyini deyib.

“Bizə dedi ki, Zaurun obyektini bərpa edəcəyik, necə lazımdı təmir edib işlətməsi üçün özünə verəcəyik”, Zaurun atası Həsən Həsənov BBC Azərbaycancaya deyib. Cənab Həsənov oğlunun vəziyyətinin “ çox pis” olduğunu və süni nəfəs aparatına qoşulduğunu bildirib. Bundan əvvəl xəstəxana Həsənovun süni nəfəs aparatına qoşulması ilə bağlı yayılan informasiyaları təkzib etmişdir.

Kömək

Həsənovun ailəsinə kömək ediləcəyi barədə vəd prezident administrasiyasından səslənən bəyanatdan sonra edilib.

“Azərbaycan Prezidenti İlham Əliyev Zaur Həsənovun özünü yandırmağa cəhd etməsi barədə xəbərdən çox narahat olub və sarsılıb. O, müharibə əlilinin müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara lazımi tapşırıqlar verib”, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şəbəsinin müdiri Əli Həsənov cümə günü APA-ya açıqlamasında deyib.

Cənab Həsənov deyib ki, “heç bir dövlət orqanı, o cümlədən ali icra hakimiyyətini həyata keçirən Azərbaycan Prezidenti və onun Administrasiyası hakimiyyətin digər qolu olan məhkəmələrin qərarına müdaxilə edə bilməz”.

“Bizə məlum olan informasiyaya görə, Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan “Şıx” sanatoriyası ərazisində Zaur Həsənovun bir müddət işlətdiyi iaşə obyekti qanunsuz fəaliyyət göstərdiyinə görə məhkəmənin qərarı ilə sökülüb”, o bildirib.

PA rəsmisinin sözlərinə görə, hər bir dövlət orqanı və ictimai təşkilat, ilk növbədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz imkan və səlahiyyətləri daxilində Həsənovun sosial problemlərinin həllinə kömək göstərməlidir.

Xəstənin durumu

5 saylı Kliniki Xəstəxanadan BBC Azərbaycancaya verilən məlumata görə, Qarabağ veteranının vəziyyəti “çox ağırdır” və hazırda reanimasiyada saxlanılır.

"Onun təzyiqi aşağı düşüb və həkimlər onun vəziyyətini yaxşılaşdırmaq üçün çalışırlar", BBC Azərbaycancaya “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirib.

Cümə günü Həsənovu hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavininləri Mübariz Qurbanlı və Siyavuş Novruzov 5 saylı Klinik Xəstəxanada ziyarət edib və onun müalicəsinin dövlət nəzarətinə götürüldüyünü bildirib.

“Onlar baş verən hadisədən təəssüfləndiklərini dilə gətirdilər və Zaurun müalicəsi ilə bağlı məsələnin dövlətin nəzarəti altında olduğunu dedilər”, Rey Kərimoğlu deyir.

Ötən gün səhiyyə naziri Oqtay Şirəliyev də Həsənovu ziyarət edib, zərərçəkmişin həyatını xilas etmək məqsədilə bütün addımların atılması barədə "göstəriş verib".

Araşdırma

Səbayıl Rayon Prokurorluğu Qarabağ veteranı Zaur Həsənovun AHİK binası qarşısında özünü yandırması ilə bağlı araşdırma aparır.

“Fakt üzrə araşdırmalara başlamışıq və artıq ekspertiza təyin olunub. Əgər hadisədə hər hansı cinayət faktoru aşkarlanarsa, o zaman cinayət işi açıla bilər”, prokurorun köməkçisi Əhməd Məmmədov BBC Azərbaycancaya deyib.

AHİK sədri Səttar Mehbalıyev isə, Qarabağ veteranının onu "şərlədiyini" və "şantaj etdiyini" deyib.

"Mənə dedi ki, məhkəmə qərarlarını ləğv et. Mən dedim ki, mənim səlahiyyətim yoxdur. Məhkəmə bunun sökülməsi barəsində qərar verib. Mən bunu edə bilmərəm. Ancaq sənə sanatoriyada iş verilməsi ilə bağlı tapşırıq verə bilərəm", cənab Mehbalıyev ANS TV-nin "Salam Azərbaycan" proqramına açıqlayıb.

Onun sözlərinə görə, Həsənov dəfələrlə özünü yandıracağı ilə bağlı təşkilata məktublar göndərib.

Qanunsuzluk

AHİK cümə axçamı yaydığı bəyanatda deyib ki, Həsənovun özünü yandıraraq intihara cəhd etməsi səbəbini onun "Azərbaycan qanunlarına münasibətində axtarmaq lazımdır".

AHİK bildirib ki, Həsənova verilmiş torpaq sahəsi bələdiyyə mülkiyyəti deyil və həmin torpaq sahəsi AHİK-ə “Şıx” sanatoriyasının istifadəsi üçün verilmiş dövlət mülkiyyətidir. Bu səbəbdən bələdiyyənin həmin torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti yoxdur.

"Bibi-Heybət Bələdiyyəsi tərəfindən «Şıx» sanatoriyasının qanuni və daimi istifadəsində olan 1,67 ha torpaq sahəsi hüdudlarındakı 70 kv.m torpaq sahəsinin Həsənov Zaur Həsən oğluna icarəyə verilməsi, həmin ərazidə iki otaqdan ibarət ictimai-iaşə obyektinin tikilməsi, sahil boyunca stol və stulların qoyulması Bibi-Heybət Bələdiyyəsi tərəfindən yol verilmiş qanunsuzluq kimi qiymətləndirilməlidir", təşkilatın bəyanatında deyilir.

Cümə günü AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov APA -ya deyib ki, Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 000 (yüz min) manat məbləğində maddi yardım edilir. Ona ölkə xaricində müalicəyə ehtiyacı olarsa, bütün xərclər AHİK-in hesabına ödəniləcək.

BBC Azərbaycancanın çoxsaylı cəhdlərinə baxmayaraq Bibi-Heybət Bələdiyyəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Zaur Həsənovun atası BBC Azərbaycancaya deyib ki, 1995-ci ildə Bibi-heybət Bələdiyyə Bələdiyyəsi Qarabağ veteranına torpaq verib.

“Oğlum torpağa sənəd almaq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəndə dedilər ki, heç kim sənə heç nə deyə bilməz, sən özün elə sənədsən. Bizim bələdiyyə ilə bağladığımız müqavilənin müddəti 2015-ci ildə bitir”, Həsənov bildirib.

Onun sözlərinə görə, Həsənovun obyekti bir il öncə sökülüb, amma ətrafdakı digər obyektlər istifadədədir.

İnsana ayrı yol qoymayıblar...

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib ki, Qarabağ veteranını özünü öldürmə həddinə çatdıranların kim olduğu bəllidir. “İnsana ayrı yol qoymayıblar, bilə-bilə onu özünü yandırmağa imkan veriblər. Ona dəstək olmaq üçün xəstəxananın qarşısına toplaşmışıq", Kərimoğlu bildirib.

Bakı Müharibə Əlilləri və Veteranları İctimai Birliyinin sədri Fuad Rzayevin sözlərinə görə, Həsənovun məsələsi ilə əlaqədar Səttar Mehbalıyevin qəbulunda olub. “Zaur cəmiyyətin üzvü olmasa da, onun məsələsi ilə əlaqədar Səttar Mehbalıyevin yanına getmişdik. Söz vermişdi and içmişdi ki, problemlərini həll edəcək”, o qeyd edib.

“Zauru bu günə qoyanlar cəzasına çatmalıdırlar. 5 uşaq atasının mülkünü əlindən almaq istəyirlər. Bu qədər də qisasçılıq olmaz. Məmurlar anlamalıdırlar ki, Qarabağ veteranının evi əlindən alınmamalıdır”, birlik sədri deyib.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov BBC Azərbaycancaya deyib ki, Həsənovun iaşə obyekti kimi işlətdiyi həmin torpaq sahəsi “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan «Şıx» sanatoriyası üçün ayrılıb, amma sonuncu bu torpaq sahəsini zəbt edib.

Konfederasiya sözçüsü bildirib ki, məsələyə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində baxılıb və Qarabağ Əlilinin şikayəti əsassız sayılıb.

Zaurun atası Həsən Həsənov oğlunun Bibiheybət qəsəbəsində, dəniz kənarında çayxana işlədərək ailəsini dolandırdığını bildirib.

“Çayxananı təmir etmək üçün evini girov qoyub bankdan borc götürdü. Səttar Mehbalıyev gecə ilə oğlumun çayxanasını sökdü və ərazini zəbt etdi. Oğlum onu məhkəməyə versə də, bir xeyri olmadı”, Həsənov iddia edir.

Çərşənbə günü öncə AHİK sədri ilə görüşmək istəyən Həsənovu ərazidən uzaqlaşdırmaq üçün əraziyə polis əməkdaşları cəlb olunub, “Bizim Yol” qəzeti yazır.

Lakin bu zaman Zaur Həsənov bir əlində Azərbaycan bayrağı, digər əlində olan benzini üstünə tökərək özünü yandırıb.