Sosial media: "Biz hamımız Zaur Həsənovuq"

Mülklə bağlı çəkişmələr səbəbilə özünə od vurmuş Qarabağ veteranı Zaur Həsənovun vəfat etməsi xəbəri sosial şəbəkələrdə aktivliyi artırıb.
Xəbərin gəlməsi ilə Facebook sosial şəbəkəsində istifadəçilərin gərgin şərhlərinin yayılması demək olar ki eyni anda baş verib.
Zaur Həsənovun ölümündən bir neçə saat sonra yas mərasimi ilə əlaqədar Facebook sosial şəbəkəsində səhifə yaradılıb. Səhifədə yazılan tələblərdə bildirir ki, "günahkarlar sərt cəzalandırılsın, matəm elan olunsun və Səttar Mehbalıyev işindən uzaqlaşdırılsın".
Nigar Yaqublu yazıb ki, "Qazidən sonra kim yanmalı, kim ölməlidir ki, bəlkə xalqı bir az tərpətsin? Deyəsən, bu xəmir hələ çox su aparacaq. Görün, indi belə problemləri olan nə qədər insan var".
"Zaur Həsənov rəhmətə getdi, uşaqlarının gözünün qabağında həm də. Bu gün başqa biri də "iş tapa bilmirəm, evimə çörək apara bilmirəm, ailəmin üzünə baxa bilmirəm" deyə deyə özünü yandırıb, əsas səhifəm siyasi durumundan aslı olmayaraq şikayətlə doludu, tanımadığım insanlar üçün ağlayıram...", Aynur Sadiq bildirib.
Ziya Quliyev paylaşıb ki, "İndi növbə özünü yandırmayan qazilərindir. 100 minin müqabilində susacaqlar mı? yoxsa?"
Jurnalist Sevinc Vaqifqızı yazıb ki, "Səttar Mehbalıyev o hadisədən sonra necə otağının pəncərəsindən küçəyə baxır? Axı o həyətdə, oranın havasında qazinin bədənindən qırıntılar var".
Elxan Salahov bildirib ki, "Daha yaşamağa dözüm qalmadı!!! Biz hamımız Zaur Həsənovuq. O ölüdü, canını qurtardı. Biz yana-yana qalmışıq..."
Fariz Khalilli "Necə yataq, necə yeyək, necə içək? Hara baxırsan, yanmış cəsəd görürsən..."
"Bəli, haqsızlığa əlindəki son silahı olan ölümü ilə etiraz edən qazimiz vəfat etdi. İndi xalq nə deyəcək? İlhamdan nəsə gözləyənlərə isə bildirirəm ki, o hələ heç Mehbalıyeva güldən artıq söz deməyib və deməyəcəkdə. Çünki o nə qazini, nə şəhid anasını , nə də xalqı vecinə almır. Bu qədər sadə!!!", Tural Abbasli yazıb.
Elnur Mejidliyazıb ki, "Cinayət Məcəlləsinin 125 ci maddəsiylə (ölüm həddinə catdırma) Səttar Mehbalıyevə cinayət işi acılmalıdır. Bir ailəni başsız qoydugu ücün.."
Jasur Mammadov Sumerinli "Qarabağ qazilərini öldürən hakimiyyətə ar olsun!" paylaşıb.
Bəzi istifadəçilər həmçinin, profil fotolarını qara rəngin əks olunduğu foto ilə dəyişdirilib.
Twitterdə @drbaku1h "Zaur Həsənovun xüsusən özünü yandırdıqdan sonra bu bir neçə gündə çəkdikləri əzabların yanında nə 100 min nə milyon?" paylaşıb.
"Zaur Həsənov öldü. Onun ölümündə harınlamış, qudurğan məmurlar və bu sistemdə olan hərkəs günahkardı", @Mansurisrafilli17m bildirib.
25 dekabrda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyevin onun mülkiyyət hüquqlarının pozduğunu iddia edib və Konfederasiyanın binası qarşısında özünə od vurub və xəstəxanaya götürülüb. Cənab Mehbalıyev cümə axşamı veteranın onu "şərlədiyini və şantaj etdiyini" bildirib.
Veteran xəstəxanada yatdığı zaman Prezident Administrasiyasının yüksək rütbəli rəsmisi deyib ki, prezident Zaur Həsənovun özünü yandırmağa cəhd etməsi barədə xəbərdən “çox narahat olub və sarsılıb”.
Müharibə veteranının müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqların verildiyini deyilib.
Həmçinin AHİK-in zərəri aradan qaldırmaq üçün veterana yüz min manat məbləğində kompensasiya və uşaqlarına isə aylıq 1500 manat vəsait ödəyəcəyi açıqlanıb.
Həsənov 28 dekabrda axşamı vəziyyətinin pisləşməsi nəticəsində həyatını dəyişib, 5 nömrəli Klinik Xəstəxanadan BBC Azərbaycancaya bildirilib.
Onun sabah günorta saatlarında torpağa veriləcəyi deyilir.




