Zəlzələdən sonra Nepal "hərbi vəziyyət" şəraitindədir

Şəklin mənbəyi, SEDAT SUNA EPA
Şənbə günü baş vermiş güclü zəlzələdən əhasinin dörddə biri zərər çəkmiş Nepal "hərbi vəziyyət şəraitindədir", ölkənin Baş naziri bildirib.
Baş nazir Suşili Koirala hökümətin zələzələdən sağ çıxanlara əlindən gələn yardımı göstərməyə çalışdığını, lakin problemlərin həddindən artıq çox olduğunu bildirib.
Xarici ölkələrdən göndərilən yardımın ehtiyacı olanlara çatdırılması ölkənin yeganə aeroportu olan Katmandu hava limanında yaranmış nəqiyyat tıxaclarına görə yubadılır.
Baş nazir Koiralanın sözlərinə görə ölənlərin sayı 10,000 nəfərə çata bilər.
"Hökümət hərbi vəziyyət şəraitində insanların xilası və onların durumunun yüngülləşdirilməsi üçün əlindən gələni edir", Baş nazir Koirala Reuters xəbər agentliyinə bildirib.
Milyonlarla insan zərər çəkib

Şəklin mənbəyi, Getty
Nepalda baş vermiş güclü zəlzələdən səkkiz milyon insan zərər çəkib. Bu, ölkə əhalisinin dörddə birdən çoxunu təşkil edir, BMT bildirir.
Beynəlxalq yardım daxil olmağa başlayıb, lakin hələ də böyük ehtiyac var – 1.4 milyon insanın ərzaq yardımına ehtiyacı var, BMT deyir.
7.8 bal gücündə zəlzələ Nepalı şənbə günü yaxalayıb və Katmandu şəhəri və digər bölgələr boyu binaları dağıdıb.
Ölənlərin sayı artıq 4356 nəfərə çatıb, təxminən 8000 insan xəsarət alıb, rəsmilər deyir.
Nepal və ətrafdakı ərazilər sonradan baş vermiş təkanları hiss etməyə davam edib. Nepalın paytaxtı Katmanduda minlərlə insan üçüncü gecələrini açıq havada keçirir, evlərinə getməkdən qorxurlar.
Su, yemək və elektrik enerjisi çatışmazlığı və xəstəliklərin yayılacağı qorxusu var.
“İlkin hesablamalara və ən son zəlzələ fəallığı xəritəsinə görə, 39 bölgədə səkkiz milyon insan zərər çəkib. Bunlardan iki milyondan çoxu ciddi təsirə məruz qalmış bölgələrdə yaşayır,” BMT-nin ən son məlumatında deyilir.

Vəziyyət şənbə günü baş vermiş zəlzələnin episentrinə yaxın ucqar ərazilərdə kritik həddədir.
“Ucqar ərazilərdə əhalinin 90 faizi bu fəlakətdən zərər çəkib”, Surya Mohan Adhikari, ucqar Qorka şəhərinin rəsmisi AP xəbər agentliyinə bildirib.
Baş vermiş zəlzələ nəticəsində qonşu Çin və Hindistanda da onlarla adamın öldüyü bildirilir.
Baş vermiş 7.8 bal gücündə zəlzələnin ardından, minlərlə insan üçüncü gecələrini küçələrdə keçirməli olur.

Şəklin mənbəyi, AP
Bir çoxu qorxaraq evlərinə geri qayıtmaqdan imtina etdiyi üçün, Nepalın paytaxtı Katmanduda çadır düşərgələrinin sayı çoxalıb.
Zəlzələ Everest dağında da uçquna səbəb olub.
Everest dağı zonasından azı 200 alpinistin xilas edildiyi xəbər verilir.
Beynəlxalq yardım
Bir çox ölkələr və beynəlxallq xeyriyyə təşkilatları Nepal rəsmilərinə zəlzələ fəsadlarının öhdəsindən gəlməyə kömək edəcəklərini vəd ediblər.
Nepal hökümətinin Baş katibi Leela Mani Paudel xarici ölkələrə tibbi preparatlar və həkim briqadaların göndərilməsi xahişilə çağırış edib.
Hindistan, Pakistan və Çin Nepala xilasedicilər heyəti və yardım göndəriblər. Britaniya, Avstraliya və Yeni Zelandiya da yardım göstəriblər.
BMT-nin Dünya Ərzaq proqramının sözçüsü Elisabeth Byrs AFP agentliyinə Nepala "irimiqyaslı yardım göstəriləcəyini" bildirib.
Zəlzələ baş vermiş əraziyə öz heyətlərini Beynəlxalq Qırmızı Xaç, Oxfam, "Sərhədsiz həkimlər" və Britaniyanın "Xristian yardımı" təşkilatları göndəriblər.
Paytaxt Katmandu və Pokhra şəhəri arasında episentri yerləşən baş vermiş zəlzələnin gücü 7.8 bal olub, yeraltı təkanlar böyük dağıntılar törədib.
Zəlzələnin episentri paytaxt Katmandudan 77 kilometr aralıqda yerləşib.

Şəklin mənbəyi, BBC World Service





