Kim Jong-Un Şimali Koreyanın "ən yüksək zirvəsinə qalxıb"

Kim Jong-Un-un ölkənin ən uca dağına qalxması barədə xəbəri Şimali Koreyanın dövlət televiziyası yayıb.

Fotolar onun qarlı zirvədə Günəşin qarşısında dayandığını əks etdirir.

Onun atası Kim Jong-Il-in də dağ zirvəsində doğulduğunu deyirlər, lakin bir çox tarixçilər keçmiş Koreya liderinin doğum yerinin Rusiya olduğuna əmindirlər.

Xəbərlərdə deyilir ki, Kim Jong-Un 2750 metr hündürlüyə yüzlərlə hərbi təyyarəçinin və partiya rəsmilərinin müşayiəti ilə qalxıb.

Şəklin mənbəyi, Reuters

“Rodonq” qəzetinin yazdığına görə Koreya lideri öz hərbçilərinə belə deyib: “Pektusan dağına çıxmaq insana nüvə silahından da güclü zehni qida verir”.

Düzü, bir çox dil ekspertləri onun bu kəlamındakı müqayisənin mənası üzərində baş sındırırlar.

Xəbər verilir ki, bu səfərdə məqsəd liderin bu yerlərdə hərbi manevrləri yenicə başa çatdırmış Koreya Xalq Ordusunun pilotları ilə görüşü olub.

Çinlə sərhəddə yerləşən vulkanik Pektusan dağı Koreya folklorunda müqəddəs sayılır.

Xəbər verilir ki, bu səfərdən məqsəd liderin bu yerlərdə hərbi manevrləri yenicə başa çatdırmış Koreya Xalq Ordusunun pilotları ilə görüşü olub.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Xəbər verilir ki, bu səfərdən məqsəd liderin bu yerlərdə hərbi manevrləri yenicə başa çatdırmış Koreya Xalq Ordusunun pilotları ilə görüşü olub.

Bu dağ həmçinin Kim ailəsinin “Pektusan qanına” mənsub olmasının simvolu kimi təbliğ edilir.

Bu yaxınlarda belə iddia edilmişdi ki, Kim maşın sürməyi üç yaşına qədər artıq öyrənibmiş.

Rejim həmçinin iddia edir ki, Kim Jong-Il 2011-ci ildə vəfat edənə qədər ən mahir qolf ustası olub.

Atası kimi gənc Kim də ordu bazalarına, fabrik və başqa mühüm obyektlərə tez-tez baş çəkir.

Analitiklər deyirlər ki, bu yolla o, özünü xalqa enerjili lider kimi göstərməyə çalışır.

BMT-nin məlumatına görə Şimali Koreya əhalisinin üçdə ikisi, yəni 16 milyon adam sabahı gün yeməyə nə tapacağını bilmir.

Şəklin mənbəyi, Reuters

Əvəzində Koreya nüvə silahlarını inkişaf etdirməyə çalışır. Son nüvə sınağı 2013-cü ilin fevralında keçirilib.

Başqa bir BMT hesabatında isə deyilir ki, Şimali Koreya öz xalqını normal qidalandırmaqdansa, silah cəbbəxanasını gücləndirir.

Bu ilin əvvəllərində Şimali Koreyada insan haqları pozuntularını araşdıran BMT komissiyasının rəhbəri Michael Kirby BBC Dünya xidmətinə bildirmişdi ki, bəzi ailələr öz qohumlarının külündən gübrə kimi istifadə etməyə məcbur edilirlər.

Bu arada hökumət iri məbləğdə pulları “ali rəhbərə” və “onun şəxsiyyətinə pərəstişə” xərcləyir.