Komissar Muiznieks Avropa Məhkəməsinə Leyla və Arif Yunusla bağlı müraciət edib

Şəklin mənbəyi, AFP
Avropa Şurasının İnsan haqları komissarı Nils Muiznieks həbsdə olan Leyla və Arif Yunusun işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə yazılı müraciət edib.
Bu müraciət fevral ayından bəri insan haqları komissarının Azərbaycanda ifadə və təşkilatlanma azadlıqlarının sistematik pozulması ilə bağlı məsələyə beşinci müdaxiləsidir.
“Leyla və Arif Yunusun işi Azərbaycanda son illərdə təşəkkül tapan repressiya meylini əks etdirir. Burada insan haqları müdafiəçiləri QHT-lər barədə məhdudlaşdırıcı qanunvericliklə təqib edilir, məqsədli şəkildə və həqiqətə uyğun gəlməyən ittihamlar əsasında cinayət təhqiqatı təqibi ilə hədəflənirlər” – komissarın müraciətində deyilir.
Avropa Şurasının mətbuat üçün məlumatında deyilir ki, Avropa Məhkəməsinə üçüncü tərəf kimi müdaxilə hüququ insan haqları komissarının ixtiyarında olan legitim alətlərdən biridir.
Bu da bildirilir ki, bu akt işin mahiyyətinə və faktlarına birbaşa müdaxilə deyil, sadəcə olaraq komissarın müşahidə və narahatlıqlarının ifadəsidir.

Şəklin mənbəyi, Aziz Kerimov
İnsan haqları komissarı 2012, 2013, 2014-cü illərdə Azərbaycana səfər edib.
Nils Muižnieksin Avropa İnsan Haqları Məhkəməsinə müraciətində bildirilir ki, Azərbaycanda tənqidi səslərə qarşı hüquqi təqib də daxil olmaqla qisasçılıq geniş fenomenə çevrilib.
Komissar yazır ki, onun öz narahatlıqlarını dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətinə çatdırmasına baxmayaraq, Bakı insan haqlarına və təməl azadlıqlara dair beynəlxalq öhdəliklərini yerinə yetirmir.
Müraciətdə Azərbaycanda hökumət tənqidçilərinə - insan haqları müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəllarına və jurnalistlərə qarşı standart və sual doğuran ittihamların irəli sürülməsinin praktikaya çevrildiyi vurğulanır.





