AŞ İnsan Haqları Komissarı İntiqam Əliyevin işinə müdaxilə edir

Avropa Şurasının İnsan Haqları Komissarı Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin Avropa İnsan Haqları Məhkəməsindəki işinə müdaxilə etdiyini bəyan edib.
Komissar Nils Muiznieks-in bununla bağlı ərizəsində deyilir ki, müdaxilə onun son iki il yarım ərzində Azərbaycana baş tutan üç səfəri əsasında edilib.
"Komissarın və digər beynəlxalq tərəfdaşların çoxsaylı səylərinə baxmayaraq ... Azərbaycanda sistemik insan haqları promleminin çözümü axtarılmayıb".
Ötən ay cənab Muiznieks həbsdə olan azərbaycanlı jurnalist Hilal Məmmədovun Avropa İnsan Haqları Məhkəməsindəki işinə müdaxilə etdiyini <link type="page"><caption> bildirmişdi</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/02/150224_muiznieks_interview.shtml" platform="highweb"/></link>. Ümumi olaraq, bu cür müdaxilələrin nadir hallarda baş verdiyi deyilir.
Hüquq müdafiəçisi və QHT rəhbəri İntiqam Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur.
İntiqam Əliyevin 2014-cü ilin avqust ayında həbs edilməsi "Azərbaycanda insan haqları fəallarına qarşı görülən sərt tədbirlərin intensivləşməsinin bir hissəsidir", Komissarın ərizəsində deyilir.

Şəklin mənbəyi, AFP
Ərizədə İntiqam Əliyevin ölkənin "ən tanınmış insan haqları müdafiəçilərindən biri" olduğu qeyd olunur.
BBC Azərbaycancaya müsahibəsində prosesi izah edən İnsan Haqları Komissarı demişdi ki, müdaxiləsinin arxasında bir neçə səbəb var:
"Birincisi, düşünürəm ki, mən başqalarının verə bilməyəcəyi məlumatlar verə bilərəm, çünki mən bu şəxsləri və onların işlərini tanıyıram. İkincisi, mənim müdaxiləm Azərbaycanda mövcud olan daha geniş, sistemik problemlərə işarə edir. Üçüncüsü isə, mənim müdaxiləmə görə media orqanları və ümid edirəm ki, digərləri üçün məsələyə maraq artacaq".
Komissar Rəsul Cəfərov, İlqar Məmmədov Leyla Yunus və Arif Yunusov kimi digər məhbusların məhkəmə proseslərinə də müdaxilə edəcəyini deyib.




