Ukrayna ordusuna təlim vermək üçün 300 ABŞ desantçısı gəlib

ABŞ desantçıları Lvov hava limanında.

Şəklin mənbəyi, us army website

Şəklin alt yazısı, ABŞ desantçıları Lvov hava limanında.

ABŞ ordusu bildirib ki, Ukrayna Milli Qvardiyası əsgərlərini təlimləndirmək məqsədilə Qərbi Ukraynaya 300 Amerika desantçısı gəlib.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, bu addım Ukraynadakı vəziyyəti “ciddi şəkildə sabitsizləşdirə bilər”.

O deyib ki, ABŞ-ın bu ölkədəki hərbi mövcudiyyətini münaqişənin çözümünə yönəlmiş addım adlandırmaq olmaz.

ABŞ və NATO isə Rusiyanı Ukraynanın şərqindəki separatçıların dəstəklənməsi üçün silah və canlı qüvvə göndərməkdə ittiham edirlər.

Rusiya prezidenti Vladimir Putin ötən çümə axşamı günü Qərbin bu iddialarını rədd edib və milyonlarla insan qarşısındakı çıxışında deyib ki, Ukraynada Rusiya hərbçiləri yoxdur.

Ukraynanın şərqindəki qiyamçılar Kiyevlə ötən fevralda atəşkəs razılığı əldə ediblər, lakin son vaxtlar atəşkəsin pozulması halları artıb.

Qiyamçıların nəzarətində olan Donetsk şəhəri ətrafında və Mariupol yaxınlığında ağır silahlardan atəşlər açılıb.

Ukraynanın milli qvardiyası döyüşlərdə iştirak edir. Bu qvardiyaya könüllü birləşmələr də daxildir və son vaxtlarda onların nizami ordu sıralarına inteqrasiyası başlanıb.

ABŞ ordusu bildirir ki, təlim üçün gələn desantçılar 173-cü hava briqadasındadırlar.

Təlim məşqləri Ukraynanın qərbində, Lvov yaxınlığındakı Yavorivdə keçiriləcək.

ABŞ desantçıları 3 Ukrayna batalyonunu təlimləndirəcəklər.