Yəmən münaqişəsi: ABŞ, Səudiyyə Ərəbistanına silah dəstəyini sürətləndirir

yemen

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Yəmən hakimiyyətinə sadiq silahlılar husi hücumlarını dəf etməyə çalışır

ABŞ, Yəməndə hakimiyyətə qarşı döyüşən husi üsyançılarını bombalamaq üçün Səudiyyənin rəhbərlik etdiyi koalisiyaya silah yardımını sürətləndirir.

ABŞ həmçinin, koalisiya ilə bölüşmək üçün kəşfiyyatı da gücləndirir, dövlət katibinin müavini Antony Blinken bildirib.

Yəmənin Ədən şəhərindəki Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri BBC-ə deyib ki, ölkədəki münaqişə buranı “xarabalıq şəhərə” çevirib.

Robert Ghosen bildirib ki, şəhərə təcili qaydada tibb təchizatının təşkili lazımdır. Bazar ertəsi Yəmənə yardım gətirməli olan uçuş, təşkilatçılıq problemlərinə görə saxlanıb.

Son döyüşlərdə təxminən 550 insanın həlak olduğu bildirilir.

Son aylarda Yəmən bir-birinə düşmən bir neçə qrup arasında gedən döyüşlərin girdabına düşüb.

Əsas münaqişə husi qiyamçıları ilə hazırda Səudiyyəyə sığınmış keçmiş prezident Əbdərrəbuh Mənsur Hadiyə sadiq qüvvələr arasında gedir.

Ədən ölkənin paytaxtı Sanadan cənuba doğru irəliləyən husi qiyamçılarının mühasirəsindədir və Səudiyyə iki həftədir ki, husiləri havadan raket zərbələri ilə hədəfləyir. Ortalıqda qalanlar isə mülki adamlardır.

Heç kim gözə dəymir

“Xəstəxanalara çox sayda artıq ölmüş və ya ölməkdə olan adamlar gətirilir” – deyib cənab Ghosen BBC-nin Today proqramına, - Xəstəxanalarda normal ləvazimat və normal heyət çatışmır. Adamlar gözə dəymirlər. Onlar gizləniblər. İqtisadiyyat tamamilə dayanıb. Küçələr zibillə və uçan binaların daş-kəsəyi ilə doludur”.

Cənab Ghasen deyir ki, şəhər müxtəlif qruplaşmalardan olan silahlı adamlarla doludur. Bu böyük şəhərdir və indi burada heç nə işləmir.

UNİCEF-in məlumatına görə, indiyədək münaqişədə ölənlərin 74-ü uşaqlardır və 100,000-dən çox insan didərgin düşüb. Dünya Səhiyyə Təşkilatı (DST) bildirir ki, münaqişədə təxminən 2,000 nəfər xəsarət alıb.

BQXK bundan əvvəl Ədəndə 24 saatlıq atəşkəsə çağırmışdı. Rusiya da həmçinin hava reydlərinə “humanitar fasilə” verilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi.

Səudiyyənin rəhbərlik etdiyi koalisiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi heyət və ləvazimat daşıyan təyyarələrinə enmək icazəsi verib.

Bir sərnişin təyyarəsi sağ-salamat enib, lakin təchizat təyyarəsi təhlükəsizlik mülahizələrinə görə uça bilməyib.

<bold>Yəmən:</bold><link type="page"><caption> Kim kimlə döyüşür?</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2015/04/150408_yemen_who_fight_whom" platform="highweb"/></link>

Husilər: Şiəliyin Zeydi təriqətinə aid şimallı qiyamçılar ötən il paytaxt Sananı ələ keçiriblər və o vaxtdan bəri nəzarətlərində olan ərazini genişləndirirlər.

Prezident Hadi: Qiyamçılar onun Ədən şəhərindəki istehkamına hücuma başlayandan bəri qaçaraq Səudiyyə Ərəbistanına sığınıb.

Ərəb Yarımadasındakı əl-Qaeda (AQAP): ABŞ tərəfindən əl-Qaedanın ən təhlükəli qopmalarından biri sayılır. AQAP həm husilərə, həm də prezident Hadiyə qarşıdır.

İslam Dövləti: İD-in Yəmən bölümü. Bu yaxınlarda zühur edib və AQAP-ı kölgədə qoymağa çalışır.

Prezident Hadi iki həftə əvvəl qiyamçıların Ədənə hücumu nəticəsində Yəməndən qaçmağa məcbur edilib.

Husilər onların iddiasına görə Hadinin korrupsiyalaşmış hökumətini dəyişmək istəyirlər.

Onlara keçmiş prezident Əli Abdullah Saleh-ə sadiq hərbi qüvvələr dəstək verir. Saleh “Ərəb baharı” inqilabı nəticəsində devrilmişdi.

Səudiyyə Ərəbistanı iddia edir ki, husilərə onun regional rəqibi olan İran dəstək verir. Tehran bu ittihamı rədd edir.