Tikritdə İD tərəfindən öldürülmüş İraq əsgərlərinin kütləvi məzarlığı aşkarlanıb

tikrit

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, “Bu ürəkağrıdan mənzərə idi. Biz göz yaşlarımızı saxlaya bilmədik," istindaqçılardan biri deyib

İslam Dövləti qruplaşması (İD) tərəfindən qətlə yetirilmiş 1,700 İraq əsgərinin kütləvi məzarlığı Tikrit şəhərində aşkar edilib.

Ərazi, keçmiş ABŞ hərbi bazasının yerləşdiyi Camp Speicher yaxınlığındadır.

İraqın məhkəmə tibbi ekspertizası şəhərin İD-dən azad edilməsinin ardından 12 məzarlığı qazmağa başlayıb.

Bu hadisə İD-nin əsasən şiə əsgərlərin edamı ilə bağlı video və şəkilləri sosial mediada paylaşmasından sonra məlum idi.

Xilas olanların sözlərinə görə, silahlılar əsgərləri öldürməzdən əvvəl şiə olduqlarını aşkarlamaq üçün onları dindiriblər.

Bir ay davam etmiş döyüşlərin ardından Tikritin İraq ordusu və şiə qüvvələrinin əlinə keçməsindən bir neçə gün sonra məzarlığın qazılmasına başlanılıb.

Cəsədlər çıxarıldıqdan sonra kimliklərinin aşkarlanması üçün DNT analizləri həyata keçiriləcək. Bir çox ailələrə yaxınlarının ölümü ilə bağlı heç bir xəbər verilməyib.

tikrit

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Ailələr cəsədlərin aşkarlanması üçün İraq hökumətinə təzyiqləri artırırlar

“Ürəkağrıdan səhnə”

“Biz ilk kütləvi məzarlığı bu gün qazdıq. İndiyə qədər ən azı 20 cəsəd aşkarlamışıq. İlkin əlamətlərə görə cəsədlərin Speicher qurbanlarına aid olduğu görünür,” Xalid əl-Atbi bazar günü Reuters xəbər agentliyinə bildirib.

“Bu ürəkağrıdan mənzərə idi. Biz göz yaşlarımızı saxlaya bilmədik. Hansı vəhşi barbar 1,700 insanı soyuq qanla öldürə bilər?” o əlavə edib.

Əsgərlərin qətli xəbərindən sonra şiə qüvvələri intiqam alacaqları ilə bağlı söz veriblər. Döyüşçülər keçən il İslam Dövlətinin irəliləməsinin qarşısını aldıqları üçün nüfuz qazanıblar, lakin özləri də müharibə cinayətlərində ittiham ediliblər.

iraq

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Əsgərlərin qətli xəbərindən sonra şiə qüvvələri intiqam alacaqları ilə bağlı söz veriblər

Tikritin geri alınması ilə bağlı əməliyyat martın ikisində başlamış, hücumda təxminən 30,000 döyüşçü iştirak edib. Onlardan üçdə ikisi İran tərəfindən dəstəklənən şiə döyüşçülərdən ibarət Xalq Səfərbərliyini təmsil edir.

İndi İraq qoşunlarının diqqətini Dəclə çayından 225 km şimalda yerləşən Mosul şəhərinə yönəldəcəyi gözlənilir. İD-nin İraqdakı ən vacib istinadgahı olan Mosul, ABŞ-ın rəhbərliyilə olan müttəfiq hava qüvvələri və İraqın quru qoşunları üçün Tikiritlə müqayisədə daha ciddi sınaqdır.