İraq münaqişəsi: Tikrit döyüşləri zamanı Səddamın məqbərəsi dağıdılıb

Şəklin mənbəyi, BBC World Service
İraqın edam edilmiş lideri Səddam Hüseynin məqbərəsi Tikrit şəhəri yaxınlığında gedən şiddətli döyüşlər nəticəsində dağıdılıb.
Associated Press agentliyinin çəkdiyi videoda bir vaxtlar əl-Avja kəndindəki dəbdəbəli məqbərədən indi yalnız sütunların qaldığı görünür.
İraq qoşunları və İran tərəfindən dəstəklənən şiə könüllülər Tikrit şəhərini İslam Dövləti (İD) döyüşçülərindən almağa çalışırlar.
Ötən il yerli sünni sakinlər deyirdilər ki, onlar Səddam Hüseynin cəsədini məqbərədən çıxararaq qeyri-müəyyən yerə aparıblar.
Növbəti 48 saat
Tikritin cənubunda yerləşən bu məqbərənin olduğu yer hazırda İraq qoşunlarının nəzarətinə keçib.

Şəklin mənbəyi, AP
Hökumətin silahlı qüvvələri 48 saat ərzində şəhərin mərkəzini alacaqlarını elan ediblər.
AP agentliyinin videosunda məqbərədən yalnız xarabalıq qaldığı görünür.
Səddam Hüseynin bir vaxtlar məqbərinin divarlarına vurulmuş plakat-şəkillərini indi şiə dəstələrinin bayraqları və şiə liderlərin portretləri əvəz edir.

Şəklin mənbəyi, BBC World Service
Bu şəkillərin arasında İran generalı Qassem Süleymaninin də portreti var.
Şiə könüllülər bildirirlər ki, İD bu kəndi qızğın müdafiə edib və cihadçılar özlərindən sonra çoxsaylı bomba və mina tələlərini qoyaraq gediblər.
Məzhəb təhlükəsi
BBC müxbiri bildirir ki, məqbərə döyüşlər nəticəsində dağılsa da, çox ehtimal, sünnilər onun şiələr tərəfindən qəsdən dağıdıldığını deyəcəklər.
İraq hökumət qüvvələrinin tərkibində şiə yaraqlıların olması sünni ərazilərdə məzhəb təlatümlərinin baş verməsi təhlükəsi yaradır.
Şəhəri tərk etmiş sünni əhali indi şiə yaraqlıların İD-in zorakılıqları üçün qisas alacaqlarından çəkinərək evlərinə qayıtmaqdan qorxur.
AP bildirib ki, onun müxbirlərinə İraq qoşunları ilə birlikdə olmaq icazəsi verilib və bu səbəbdən də onların reportajlarında müəyyən məhdudiyyətlər ola bilər.
“Bu ərazi Səddamın məzarı burada olduğuna görə İD döyüşçülərinin ən çox cəmləşdiyi nöqtədir” – deyib şiə könüllülərinin arasında rəsmi nümayəndə, kapitan Yasser Numa.

“İD döyüşçüləri bizi bu ərazidə bomba tələlərinə salmaq üçün pusqu qurublar” – deyib rəsmi.
Səkkizbucaqlı türbə
İD ötən avqustda Səddamın məqbərəsinin tamamilə dağıldığını bildirmişdi, lakin yerli rəsmilər bu xəbəri təkzib edirdilər və deyirdilər ki, türbə qarət olunub və azacıq dağıntıya məruz qalıb.
Əslən Tiktrit şəhərindən olan Səddam Hüseyn ABŞ qüvvələri tərəfindən 2003-cü ildə ələ keçirilmişdi.
İraq tribunalı onu şiə müsəlmanları və kürdləri kütləvi qətliam etdiyi üçün bəşəriyyətə qarşı cinayətlərə görə məhkum etmiş və o, 2006-cı ildə asılmaqla edam olunmuşdu. Onun cəsədi 2007-ci ildən bəri sözü gedən məqbərədə saxlanırdı.
Səkkizbucaqlı mərmər məqbərinin ortasında çiçəklər əkilmişdi və Səddamın da məhz burada dəfn olunduğu söylənirdi.
Şiə çoxluqlı hökumət qoşunu
İraq mediasında yayılmış xəbərlərə görə, Səddama sədaqətli adamlar buralarda baş verən döyüşlərə görə cəsədi çıxararaq başqa yerə aparıblar.
Tikrit şəhəri İD-in əlinə ötən iyunda keçmişdi və orada bir neçə yüz cihadçının olduğu düşünülürdü.
Onlara qarşı çıxarılmış hökumət yönlü qoşunlar İraq ordusunun 3000 əsgərindən, 20 minlik şiə yaraqlılıarından və az sayda sünni tayfa döyüşçülərindən ibarətdir.
İraq rəsmiləri şəhərin tutulmasını, ölkənin ikinci böyük şəhəri Mosul da daxil olmaqla, İD-in nəzarətində olan ərazinin geri alınmasında mühüm mərhələ hesab edirlər.




