Tikritdə İD-ə qarşı "əməliyyat başlayıb"

Şəklin mənbəyi, AP
İraq hərbiyyəsi İslam Dövlətinin əlində olan, Səddam Hüsseynin doğma Tikrit şəhərinə nəzarəti bərpa etmək məqsədilə hərbi əməliyyata başlayıb, dövlət televiziyası xəbər verir.
Yerli mediya şəhər üzərinə hava qüvvələrinin dəstəyilə hücumların keçirildiyini bildirir.
İD paytaxt Bağdaddan 150 kilometr şimala doğru yerləşən Tikrit şəhərini iyun ayında tutub.
Hücumdan əvvəl İraqın baş naziri şəhərin yerləşdiyi Səlahəddin vilayətində hökumət qüvvələrinin hərbçilərilə görüşüb.
Heydər əl-Abadi İD-ni tərk edən yerli sünni tayfaları döyüşçülərinin əfv olunacağını deyib.

Şəklin mənbəyi, Reuters
Cənab Abadi əməliyyatın başlanması barədə bəyanatla bazar günü çıxış edib.
O, şəhərin tezliklə öz sakinlərinə qaytarılacağını deyib.
İD döyüşçüləri əsasən sünni müsəlmanların yaşadığı Səlahəddin vilayətində bir neçə bölgəyə nəzarət edirlər.
Tikrit üzərinə əməliyyatda hökumət qüvvələrinin əsgərlərilə müttəfiq şiə döyüşçüləri iştirak edirlər.
Onların həmlələri koalisiya qüvvələrinin hava zərbələri ilə müşayiət olunur.
Eyni zamanda kürdlərin Peşmərgə qüvvələri İD nəzarətində olan mühüm Mosul şəhərinə doğru irəliləyirlər.
Ötən ay İraqın baş naziri "bir neçə ay ərzində" İD nəzarətində olan Mosul üzərinə irimiqyaslı əməliyyatın həyata keçiriləcəyini bəyan edib.





