Boko Haram "lideri" Baqa hücumuna görə məsuliyyəti üzərinə götürür

Nigeriyanın bir çox şəhərlərində əsgəri qüvvə yerləşdirilib.

Şəklin mənbəyi, epa

Şəklin alt yazısı, Nigeriyanın bir çox şəhərlərində əsgəri qüvvə yerləşdirilib.

Boko Haram islamçı qrupunun lideri olduğu deyilən şəxs ayın əvvəlində şimaldakı Baqa şəhərinə ölümcül hücumların onun döyüşçüləri tərəfindən həyata keçirildiyini bildirib.

Abubakar Shekau kimi təqdim edilən şəxs video vasitəsilə yaydığı bəyanatda deyir ki, qrup Nigeriyanı "məhv etmək" üçün kifayət qədər silaha malikdir.

O, həmçinin qonşu Kamerun, Niger və Çadı hücumla hədələyir.

4 yanvarda Baqaya hücum vaxtı şəhərdəki beynəlxalq qüvvələrin tərkibində 50-dək Niger dövlətinin hərbçisi xidmət edib.

Şəhəri tərk edərək qonşu Çada üz tutan qaçqınlar çox sayda adamların öldürüldüyünü və şəhərə od vuruluduğunu deyiblər.

Bəzi məlumatlarda silahlıların hücumu vaxtı 2000-dək adamın öldürüldüyü göstərilir. Lakin Nigeriya hökuməti hadisədə 150 adamın qətlə yetirildiyini hesab edir.

Boko Haram qrupu Nigeriyanın şimalı ilə yanaşı qonşu Çad və Kamerun ərazilərində xilafət yaratmaq niyyətində olduğunu bildirir.

Təşkilat müsəlmanların Qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyəti "haram" sayaraq qadağan edir.