Boko Haram onlarla “qadın və qız uşağını” oğurlayıb

Şəklin mənbəyi, AFP
Nigeriyanın şimal-şərqindəki Adamava ştatının iki kəndindən onlarla qadın və qız uşağı islamçı silahlılar olduğu zənn edilən şəxslər tərəfindən oğurlanıb, yerli sakinlər bildirirlər.
Hakimiyyət orqanları məlumatı təsdiq etməyib.
Hadisə? Boko Haram qrupu ilə atəşkəsin razılaşdırıldığı barədə Nigeriya ordusunun cümə günü verdiyi bəyanatdan bir gün keçmiş yer alıb, sakinkər deyirlər.
Boko Haram atəşkəsin əldə olunması barədə xəbəri təsdiqləməyib.
Hökumət atəşkəs barədə danışıqlar sayəsində aprel ayında girov götürülmüş 200-dən artıq qızın azad olunacağına ümid edir.

Şəklin mənbəyi, AP
Hökumət həftə ərzində qonşu Çad ərazisində Boko Haramla danışıqların davam etdiriləcəyini bildirib.
Bu arada Nigeriyanın şimalındakı Bauçi ştatında bomba hücumu ən azı 5 adamın ölümünə səbəb olub. Avtobus dayanacağında baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
Girovların dəyişidrilməsi
Adamava ştatından daxil olan xəbərdən əvvəl parlament ordunun texniki bazasını yeniləmək üçün və şimal-şərqdəki üsyançılara qarşı vuruşacaq əlavə birləşmələrin təlimlərinə istənilən 1 milyard dollar dəyərində maliyyə kreditini təsdiqləyib.
Təqribən 6 milyard dollara yaxın olan təhlükəsizlik xərcləri artıq ölkə büdcəsinin dörddə birini təşkil edir.
Borno ştatında məktəbli qızların oğurlanması onları azad etmək tələbilə keçirilən qlobal aksiyalara təkan verib.
Boko Haram qrupunun istehkamı sayılan Borno ilə qonşu Adamava və Yobe ştatlarında artıq bir ildən artıqdır ki, fövqəladə vəziyyət elan olunub.
Hücuma məruz qalan - Waga Mangoro və Garta - kəndləri bir neçə həftədir ki, Boko Haram qrupunun nəzarətində olan Madagali və Miçika şəhərləri yaxınlığında yerləşir.

Şəklin mənbəyi, AFP PHOTO BOKO HARAM
Yerli sakinlərə əsasən şənbə günü kəndlərə hücum edən üsyançılar qadın və qızları əhatəyə alaraq aparıblar.
Ucqar ərazilə əlaqənin çətinləşməsi hücum barədə xəbərin ləngiməsinə səbəb olub.
Ötən həftəsonu yerli sakinlər Boko Haram tərəfindən həyata keçirildiyi güman edilən başqa hücumlar barədə də xəbər veriblər.
Fövqəladə vəziyyətin elan olunmasından sonra Boko Haram uşaq və qadınlar da daxil olmaqla xeyli adamı girov götürüb. Qrup onlardan bəzilərinin dəyişdirilməsinə razılaşıb.
Ən çox əhalisi olan Afrika ölkəsi Nigeriyada partlayışlar, oğurlamalar, qətllər törətməkdə adı hallanan hərbiləşmiş islamçı Boko Haram qrupu qarşısına mövcud höküməti devirib İslam dövləti yaratmaq məqsədini qoyub.




