Winston Churchillin rəsm əsəri 1.8 milyon funta satılıb

Şəklin mənbəyi, PA
Ser Winston Churchillə məxsus rəsm əsəri hərracda təqribən 1.8 milyon funta (2.2 milyon manat) satılıb.
Kentdəki mənzilində yerləşən gölməçəni təcəssüm etdirən "The Goldfish Pool at Chartwell" (Çartueldə Qızılbalıq Hovuzu) əsəri 1932-ci ildə çəkilib.
Rəsm əsəri Churchillin qızının fəfatının ardından (bu ilin may ayında), çərşənbə günü Londonda, Sotheby's auksionunda hərraca qoyulmuşdu.
Cənab Churchillin rəsmlərindən birinə aid öncəki hərrac rekordu bir milyon funt olub. Churchillə məxsus 15 rəsm əsəri ümumilikdə 15.4 milyon funt gəlir gətirib.
Sotheby's "The Goldfish Pool at Chartwell" əsərini "heç şübhəsiz Churchillin şah əsəri" və "rəssamın heyrətamiz təzahürü" kimi təsvir edib.
Bu əsərə təqribi 400,000 - 600,000 funt qiymət qoyulmuşdu.
Rəssamın digər əsəri, "Tapestries at Blenheim" isə bir milyon funta satılıb.
Churchillə məxsus digər əşyalardan, 1921-22 -ci illərdə dövlət katibi olarkən istifadə etdiyi qırmızı məlumat qutusu təxmini qiyməti olan 5,000 - 7,000 funtu aşaraq, 158,500 funta satılıb.
Winston Churchill İkinci Dünya Müharibəsi zamanı Britaniyanın baş naziri olub. O, 1965-ci ildə vəfat edib. 91 yaşında vəfat edən Mary Soames isə Churchillin sağ qalmış sonuncu övladı olub.




