Ukrayna və Rusiya prezidentlərinin görüşü gözlənilir

Şəklin mənbəyi, AFP
Minskdəki Müstəqillik Sarayında Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Avropa İttifaqı nümayəndələrinin görüşü keçirilir.
Ukrayna lideri və Avrokomissiya nümayəndələrinin də iştirak etdiyi Gömrük İttifaqı sammiti çərçivəsində yer alan görüşdən əvvəl Ukrayna prezidenti Minsk danışıqlarında dünya və Avropanın aqibətinin həll olunduğunu bildirib.
"Mənim Minskə səfərimin məqsədi qan axıdılmasına son qoymaq və siyasi kompromis prosesinin axtarışına başlamaqdır”, Petro Poroşenko deyib.
Öz növbəsində Ukrayna prezidentinin iştirakı ilə Gömrük İttifaqı ölkələrinin liderləri və Avropa İttifaqı nümayəndələrilə görüşən Vladimir Putin Ukrayna böhranının güc yolu ilə həlli olmadığını bildirib.
Danışıqlar iştirakçılarının birgə şəkili çəkilərkən Vladimir Putinlə Petro Poroşenko əl sıxıblar.
Rusiya prezidentinin mətbuat katibi Poroşenko ilə Putin arasında ayrıca görüşün keçirilicəyini istisna etməyib.
Minskdə keçən görüşdə Ukrayna böhranı və Kiyevin Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanmasından sonra iqtisadi əlaqələr müzakirə olunacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşdən əvvəl güman edib ki, tərəflər Ukrayna böhranı, humanitar yardım və Ukrayna şərqindən Rusiya ərazisinə qaçqın axını kimi məsələləri müzakirə edə bilərlər.
Görüş iki ölkə arasında əlaqələrin kəskin şəkildə gərginləşməsinə təsadüf edir.
Bazar ertəsi Ukrayna hakimiyyəti 10 rusiyalı əsgərin tutulduğunu bildirib.
Kreml Ukrayna ərazisində hərbçilərinin olması barədə ittihamları həmişə rədd edib.
Ukraynanın şərqində rusiyapərəst separatçılarla döyüşlərdə 2 mindən artıq adam həlak olub.




