İŞİD-i Amerikamı yaradıb?

Şəklin mənbəyi, BBC World Service
İslam Dövlətini - İŞİD-i Amerikamı yaradıb? BBC-dən Suzanne Kianpour Livanda son zaman dolaşan konspirasiya nəzəriyyəsinə Beirutdan nəzər salır.
"Yaxın Şərqdə konspirasiya nəzəriyyələrini müzakirə etmək qanımızdadır", Beyrutdakı restoranda şam yeməyi üstündə söhbət zamanı bir keçmiş livanlı rəsmi etiraf edir.
O, paytaxtı son zamanlar bürüyən söz-söhbətə istinad edir: İslam Dövləti (İD) adlı qrupu ABŞ yaradıb və bunu hətta Hillary Clinton "Çətin seçim" kitabında da yazıb.
Ötən həftə İD yaraqlıları Livan ərazisinə müdaxilə edərək Suriya ilə sərhəddə yerləşən Arsal məntəqəsində qəddarlıqlar törədiblər, yüzlərlə yerli sakini evlərindən didərgin salıblar. Bu hadisə İD arxasında ABŞ-ın durduğu barədə şaiyələrə daha bir təkan verib.
İnternetdə İD-nin Livan Ordsuna qarşı dəhşətli qəddarlıqlarını əks etdirən videolar yayılmaqdadır.
İD dəstələrinin arxasında ABŞ-ın durduğunu iddia edənlər ABŞ prezidentliyinə növbəti seçkidə iddiaçı olacağı proqnozlaşdırılan Hillary Clintonun sözlərini sübut kimi gətirirlər.
Şaiyələr
Kitabdan götürülmüş skrinşotlar Livanın sosial şəbəkələrində yayılıb. Həmin skrinşotlara istinadən, ABŞ-ın İD hərəkatını regionda qeyri-sabitlik toxumu səpmək məqsədilə yaratdığı iddia olunur.
Dolaşan sayiələrə görə Livan Xarici İşlər Nazirliyi hətta ABŞ-ın ölkədəki səfiri David Hale-dən izahat da istəyib.
Beyrutda ABŞ səfirliyi Facebook səhifəsində xüsusi bəyanat yerləşdirərək, ABŞ tərəfindən İD/İŞİD-in dəstəklənməsi barədə xəbərləri qətiyyətlə təkzib edərək rəsmi Vaşinqtonun bu qrupu "terrorçu təşkilat" saydığını vurğulayıb.

Şəklin mənbəyi, BBC World Service
Hillary Clinton isə kitabında əslində qeyd edib ki, Suriyaya yardım edilməməsi İD-in güclənməsinə səbəb olub.
ABŞ-ın partizan silahlı dəstələri dəstəkləməsi tarixçəsi əslində qeyd olunan şaiyələrin yaranmasını heç də təəccüblü etmir.
İlk növbədə ABŞ-ın Əl-Qaidənin yaranmasının əsasını qoyan Əfqanıstan mücahidlərinə yardım göstərməsi yada düşür.
"Belə nəzəriyyələr kifayət qədərdir, çünki Vaşinqton xarici müdaxilə yolu ilə rejimləri dəyişməyə meylli olduğunu nümayiş etdirib. Bu mənada üsyançı qruplara dəstək yeni praktika deyil, sonuncu dəfə isə bu cür əməliyyat heç də səmərəli olmayıb", hazırda Beyrutda araşdırmalar aparan, Brüsseldə yaşayan təhlilçi Octavius Pinkard qeyd edir.
Zədələnmiş nüfuz
Belə şayiələr ABŞ-ın Livanda maraqlarına ziyan vura bilər.
İD-in törətdiyi vəhşiliklərə görə Amerikanın cavabdehlik daşıya bilməsi fikri ABŞ-ın nüfuzuna ağır zərbə vurmağa qadirdir.
Beyrut küçələrində aparılan söz-söhbətin əsas məzmunu Amerikanın Livana komək etməsi yox, "Hizbullanın İD qüvvələrini Beyruta buraxmayacağı" mövzusudur.

Şəklin mənbəyi, BBC World Service
"Camaat hesab edir ki, Sudiyə ilə ABŞ birdir və İD-in yaranmasından da qazanan elə Səüdiyyə ilə ABŞ-dır. Bunu bizə həyat öyrədib", Beyrut sakini Amer Murad deyir.
Octavius Pinkard isə diqqəti Livan ordusu ilə Hizbullanın İD-ə qarşı səylərinin birləşdirilməsinə çəkir.
Böhranlı vəziyyət davam etdikcə Livanda Vaşinqtona qarşı şübhələr artır - Hizbullah, Dəməşq və Tehran isə təbliğat savaşında üstünlük qazanır.
Lakin ötən cümə axşamı prezident Obama ABŞ aviasiyasının İraqda İD qüvvələrinə zərbə endirəcəyini elan edəndə livanlı Facebook istifadəçiləri yenidən ABŞ-a simpatiyalarını bildirməyə başladılar.
“Mən heç zaman ABŞ hərbi müdaxiləsindən bu dərəcədə razı olmamışdım”, bir livanlı istifadəçi səhifəsində yazıb.
ABŞ-ın Livanda son zamanlar zədələnmiş nüfuzunu bərpə edə biləcəyini dəmək hələ tezdir, lakin yerli amerikapərəstlərin hazırda xəyal qırıqlığı keçirdiyi göz qabağındadır.




