"Cihadistan": İŞİD yaraqlıları tutduqları ərazini idarə edə biləcəklərmi?

- Müəllif, Frank Gardner
- Vəzifə, BBC, təhlükəsizlik məsələləri üzrə müxbir
Kiçik, amma fanatlardan ibarət İŞİD ordusunun Suriya və İraqda zəbt etdiyi böyük əraziləri idarə etməyə gücü çatacaqmı?
Bu yaxınlarda "İslam dövləti" adını qəbul etmiş İŞİD iyun ayında İraqın ikinci böyük şəhəri olan Mosulu və Fərat Çayı vadisini işğal etdikdən sonra Bağdadın ətrafınadək irəliləyə bilib.
İŞİD-in tutduğu ərazilərdə ən sərt Şəriət qanunları tətbiq olunmaqdadır.
Təhlilçilər qeyd edir ki, əraziləri tutmaq bir işdir, ancaq onları idarə etmək tamam bir başqa işdir.
Suriya və İraq hökümətlərinin indiki zəif durumu nəzərə alınmaqla, İŞİD qüvvələri yaxın zamanlarda tutduqları ərazilərdən qovulacağına oxşamır.
Bəs onlar ələ keçirdikləri əraziləri idarə edə biləcəklərmi?
Bu sualın cavabı yerli tayfaların dəstəyi, iqtisadi amillər, yanacaq və suya çıxış, "Xilafətin" rəhbər şəxslərindən, özünü xəlifə elan etmiş Əbu Bəkr əl-Bağdadinin rəhbər keyfiyyətlərindən və bu kimi digər amillərdən asılıdır.
"Özündən yekə"
İndiyə qədər İŞİD silah və yaratdığı vahimə hesabına qısa bir zaman ərzində görünməmiş hərbi uğur əldə edə bilib.

Şəklin mənbəyi, BBC World Service
Onlar hətta məğlub olsalar da belə tarixçilər İŞİD-in həyata keçirtdiyi "blitskriq" əməliyyatını, sosial şəbəkələrdə vahiməli görüntülər dərc etmək yolu ilə təşkil etdiyi psixoloji təzyiq kampaniyasını unutmayacaqlar.
Başkəsmə, çarmıxa çəkilmə, edam səhnələri İraq təhlükəsizlik qüvvələrini silahı atıb qaçmağa məbur etməyə kifayət etdi.
Boks terminologiyası ilə deyilsə, İŞİD qarşıduran tərəfə "özündən yekə", çəkisindən ağır zərbələr endirib.
İraqın qərbində hücuma keçdiyi zaman qrupun cəmi 10-15 min döyüşçüsü olub.
Məlumatlara görə, İŞİD Mosul şəhərini cəmi 800 döyüşçü ilə ələ keçirə bilib.
İŞİD-in uğuru xeyli dərəcədə yerli icmaların və silahlı dəstələrin dəstəyindən asılıdır.
Mosuldan olan Ash-Sharq al-Awsat qəzetinin redaktoru Mina al-Orabi qeyd edir ki, İŞİD tutduğu əraziləri yerli silahlı dəstələrin vasitəsilə idarə edir.
"İŞİD ilə yerli dəstələr arasında əldə olunmuş razılığın kökündə ümumi maraqlar və ya maliyyə sövdələşməsi durur", qəzetçi hesab edir.
Səhvlərdən dərs götürmək
Son dəfə çıhadçılar 2006-cı ildə kifayət qədər böyük olan Anbar bölgəsinə xeyli müddət nəzarət ediblər.

Şəklin mənbəyi, BBC World Service
İordanyialı keçmiş məhkum, Əbu Müsəb əl-Zarqavi qəddar və amansız idarəçiliyilə yerli əhalini özündən bezdirdi.
Nəticədə İordaniya kəşfiyyatı onun izinə düşdü, sonra isə ABŞ-ın hava zərbəsi onun həyatına son qoydu, çihadçılar isə Anbar bögəsindən qovuldu.
Lakin 8 ildən sonra sonra cihadçılar yenidən bu bölgədə peyda olub.
Görəsən indiki cihadçılar sələflərinin səhvlərindən dərs götürə biliblərmi?
Şuriyanın şimal-şərqində, İŞİD-in 2013-cü ildən nəzarət etdiyi Raqqa şəhərinin sakinlərinə bu sual verilsə, onlar deyəcək: "Yox!"
Cüzi qanun pozulmalara görə sərt cəzalar, qadınların evdən bayıra buraxılmaması, insanların oğurlanması və sahibkarlara ağır rüsüm yükündən xeyli sayda bəhs edənlər var.
İş o yerə çatdı kı, fevral ayında əl-Qaidə İŞİD-i qəddarlıqlara görə pisləyərək bu təşkilatdan əlini üzdü.
Neft və su
Lakin digərlərindən İŞİD barədə fərqli fikirlər də eşitmək olar.

Şəklin mənbəyi, BBC World Service
Bəzi məlumatlara görə, İŞİD nəzarəti altında olan ərazilərdə vaxtı-vaxtında zibil yığışdırılır, küçələrdə təhlükəsizlik təmin edilir, yoxsullara yanacaq və ərzaq paylanır.
Tanış gəlirmi? Əfqanıstanda Taliban da eynilə belə başlayaraq getdikcə nəzarət etdiyi əraziləri genişləndirirdi. Buna 9/11 hücumundan sonra ABŞ-ın 2001-ci ildə başladığı hərbi kampaniya son qoydu.
İraq hökümətinin zəif idarəçilik üsulü və korrupsiya iddiaları İŞİD üçün əlverişli şərait yaradır.
Dövlət kimi davam gətirmək üçün İŞİD-in neft və su ehtiyatlarına çıxışı olmalıdır.
Hər ikisinə də bu qurum həm Suriyada, həm də İraqda artıq malikdir.
"Cihadistan?"
İŞİD-in bu yaxınlarda elan etdiyi Xilafətin müsəlman ümməsi tərəfindən qəbul edilib-edilməməsi məsələsi bir tərəfə, bu qurumun Yaxın Şərqin geniş ərazilərinə nəzarət etməsi fakt olaraq qalmaqdadır.
Nə Suriya prezident Əsədin, nə də İraq hökümətinin qüvvələri İŞİD-i tutduğu ərazilərdən vurub çıxarmaq gücündə deyil.
İŞİD-i həmin ərazilərdən sıxışdırıb çıxarmağa qadir olan yeganə qüvvə bölgədəki yerli tayfalar ola bilər.
Lakin nə qədər ki, Suriyada vətəndaş müharibəsi davam edir, İraqda isə şiə baş nazirinin başçılıq etdiyi hökümət hakimiyyətdədir, həmin tayfalar hərəkətə keçmək həvəsində deyil.
Nəticədə ekstermist, zorakı, yaxşı silahlanmış və yaxşı maliyyəsi, qeyri dini təriqətlərə dözümsüz olan bir qurum Yaxın Şərq mənzərəsinin daimi bir amilinə, bir növ, "cihadistana" çevrilmək perspektivi yaranır.
Nəzərə almaq lazımdı kı, İŞİD son məqsəd kimi İspaniya, Avstriya və Çinədək uzanan bir xilafət yaratmaq istəyini dilə gətirib.
Amma İŞİD hətta indiki hüdudlarında qalsa belə, nəzarət etdiyi ərazidən İordaniya və Livan kimi ölkələrə hücumlar hazırlmaq üçün istifadə edəcək, eyni zamanda sıralarına Qərbdən və Britaniyadan yüzlərlə gənc cihadçıları cəlb edəcək.
Londondakı King's College-in Suriya üzrə eksperti Shiraz Maher hesab edir ki, beynəlxalq güclərin İŞİD-ə qarşı hərbi kampaniya başlamaq həvəsi müçahidə edilmir.
"Həm İraqda, həm Suriyada dövlət sistemi tənəzzül vəziyyətindədir, orduları gücsüzdür. Belə olan şəraitdə Qərb müdaxilə etməyə həvəs göstərməyəcək".
Bu səbəbdən İŞİD ABŞ-ın Pennsilvaniya ştatı boyda işğal etdiyi ərazini yaxın perspektidə idarə etməkdə davam edə bilər, Shiraz Maher qeyd edir.
Lakin Mina əl-Orabi hesab edir ki, İŞİD-in yerli silahlı dəstələrlə dil tapmaq imkanları artıq bitmək üzrədir.
"İŞİD-in idarəçilik üsulu yalnız qəddarlıq və amansız zorakılıqdan ibarətdir", Mina əl-Orabi vurğulayır.




