Obama: Sanksiyalara görə Rusiya iqtisadiyyatının "inkişafı dayanıb"

Şəklin mənbəyi, Getty
ABŞ prezidenti Barack Obama Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatının "inkişafının dayandığını" hesab edir.
Ağ Evin təmsilçisi Laura Lucas Magnuson Rusiyanın kənd təsərrüfatı, xammal və qida məhsullarının idxalını dayandırmasını şərh edərkən deyib ki, "Qərb ölkələri və qərb şirkətlərinə qarşı cavab tədbirləri Rusiyanın beynəlxalq təcridini gücləndirəcək və onun iqtisadiyyatına mənfi təsirini daha çox göstərəcək".
Bundan öncə Rusiya prezidenti Vladimir Putin xüsusi iqtisadi tədbirlərin tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncam Rusiyanın Ukraynadakı hadisələrlə bağlı ona qarşı sanksiya tətbiq edən ölkələrdən bir il ərzində kənd təsərrüfatı, xammal və qida məhsullarının idxalına qadağa qoyur.
Hökümətə qadağa altına düşən ərzaqların siyahısını hazırlamaq tapşırılıb.
Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin rəhbərinin köməkçisi Aleksey Alekseenko ölkəyə gətirilməsinə qadağa qoyulacaq ərzaqlarının siyahısının "maksimum geniş" olacağına işarə vurub.
Xüsusislə dövlət məmuru qeyd edib ki, Rusiya Avropa İttifaqı ölkələrindən meyvə və tərəvəzlərin idxalını tamamilə qadağan etməyə hazırdır. Alekseenko, həmçinin Rusiyanın Amerikadan toyuq məhsullarının idxalını tamamilə dayandıracağını əlavə edib.
Aİ-də diplomatik mənbənin Ria Novosti Agentliyinə müsahibəsində Rusiyanın qida məhsullarına qadağa qoymasını "əsassız və faydasız" adlandırıb. Aİ qadağa tətbiq ediləcək ölkələrin siyahısı ortaya çıxandan sonra rəsmi cavabla çıxış edəcəyinə söz verib.




