Rusiya Ukraynadan südün idxalını qadağan edib

İnək

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Rusiya Ukrayna südünün idxalını dayandırıb.

Bazar ertəsindən başlayaraq Rusiyanın Rospotrebnadzor tənzimləyici qurumu ölkəyə Ukraynadan süd məhsullarının idxalını tamamilə qadağan edib.

Moskva bu addımı Ukrayna istehsalçıları tərəfindən sanitar-baytarlıq standartlarının təkrar-təkrar pozulması ilə əsaslandırır.

Bunu İnterfax agentliyinə Rosselxoznadzor-un rəhbəri Sergey Dankvert bildirib.

Dankvert hesab edir ki, Ukraynada süd və ət istehsalçıları mal-qaranın yemlənməsində antibiotiklər və digər təhlükəli maddələrdən nəzarətsiz istifadə etməkdədir, nəticədə, rusiyalı nazirin iddiasına əsasən Ukraynadan daxil olan qida məhsullarında həmin maddələrin konsentrasiyası normanı bəzən 10 qat aşır.

Son ay ərzində Rusiya Ukraynadan donuz əti və bitki məhsulu idxalını qadağan edib.

Lakin Kiyev Moskvanın qeyd olunmuş arqumentlərilə razı deyil.

"Ukrayna istehsal olunmuş qida məhsullarında zərərli maddələr aşkar edilməyib", - Ukrayna Aqrar Siyasət və Ərzaq naziri İqor Şvayka ötən cümə günü bildirib.

Ticarət müharibəsi

İyul ayının ortasında Ukrayna Baş naziri Arseni Yatsenyuk Rusiya ilə ticarətin tamamilə kəsilə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Rəsmi Kiyev hesab edir ki, "Moskva Ukraynaya qarşı ticarət müharibəsi aparır".

Rusiya ixracatında Ukraynanın payı elə də böyük deyil – cəmi 6%, süd məhsulunun payı isə 1%-dən də aşağıdır. Lakin həmin məhsullar Ukrayna ixracının 25%-i təşkil edir.

Ukrayna Rusiyaya idxalı qadağan olunmuş məhsulu daxili və xarici bazarlara yönəldə biləcəyinə ümid edir.

Rusiya bu il iyul ayının 4-dən Ukraynada istehsal olunan donuz əti, kartof və bir sıra süd məhsullarının idxalını dayandırmışdı.

Bundan əvvəl, 2013-cü ildən Rusiya ərazisində Ukraynanın "Roşen" şirniyayat fabrikinin məhsullarına qadağa qoyulmuşdu.

Öz növbəsində, rəsmi Kiyev də Rusiyada istehsal olunmuş qida mallarının idxalından imtina etmişdi.