Ukrayna: Putin sanksiyaları sanksiyalarla cavablayır

Şəklin mənbəyi, AFP

Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrdən kənd təsərrüfatı idxalını qadağan edib və ya məhdudlaşdırıb.

Kremlin rəsmi saytında dərc olunan sərəncamda Prezident Putin bu ölçülərin bir illik tətbiq olunması barədə göstəriş verib.

Hökumət departamentlərinə göstəriş verilib ki, bu sərəncama aid ediləcək məhsulların siyahısı tərtib olunsun.

Rusiya bundan əvvəl də digər dövlətlərdən idxalı qadağan edib, amma adətən səbəb olaraq ictimai sağlamlıq gətirilir.

Meyvə-tərəvəz

Çərşənbə günü verilən sərəncamın hansı ölkələrə şamil olunacağı bildirilmir, amma bu yaxınlarda ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Rusiyanın Aİ-dən idxal etdiyi meyvə və tərəvəzlərin illik məbləği 2 milyard avrodur.

Ötən həftə Rusiya bu məhsulların Polşadan idxal olunmasına qadağa qoyanda səbəb olaraq ictimai sağlamlıq gətirilmişdi. Amma bu qərar daha çox Polşanın Ukrayna üzrə qərbi dəstəkləməsinə "cəza" kimi qiymətləndirilib.

Mart ayında Krımı ilhaq edəndən sonra sanksiyalara məruz qalan Rusiya şərqi Ukraynada silahlı üsyanı dəstəkləməkdə ittiham olunub.