MH17: cəsədləri daşıyan qatar Xarkova çatıb

Şəklin mənbəyi, BBC World Service

Ukraynada yerə düşən Malayziya təyyarəsində ölənlərin cəsədlərini daşıyan qatar Ukrayna hökümətinin idarə etdiyi Xarkov şəhərinə çatıb.

Cəsədlər rusiyapərəst üsyançılara beynəlxalq təzyiq ediləndən sonra MH17 reysli təyyarədən çıxarılıb. Bəzi ittihamlara görə təyyarə raketlə vurulub.

Daha əvvəl üsyançılar təyyarənin "qara qutularını", yəni pilot kabinəsindəki danışıqları yazan aparatları Malayziya rəsmilərinə təhvil vermişdi.

Cümə axşamı şərqi Ukraynada yerə düşən Boeing-777 təyyarəsinin göyərtəsində olan 298 adamın hamısı həlak olub.

Qutuların verilməsi gecə yarısı - jurnalistlərin gözü qarşısında baş verib, hərçənd ki, separatçılar bir neçə dəfə qutuları verməkdən boyun qaçırıb.

Bundan başqa, özünü "Donetsk Xalq Respublikasının baş naziri" adlandıran Aleksandr Boroday təyyarənin vurulmasına görə Ukrayna hökümətini təqsirli çıxaran nitq söyləyib.

MH17 təyyarəsində ölənlərin cəsədlərini daşıyan qatar Ukrayna hökümətinin idarə etdiyi Xarkova çatıb

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, MH17 təyyarəsində ölənlərin cəsədlərini daşıyan qatar Ukrayna hökümətinin idarə etdiyi Xarkova çatıb
Qara qutular

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, MH17 reysli təyyarədən çıxarılan "qara qutular"

Malayziya nümayəndələri isə bu nitqi sakitcə izləyib, hadisə yerindən jurnalistlər deyir.

17 iyulda Amsterdamdan Kuala-Lumpura uçan MH17 reysi Donetsk vilayətinin Hrabove qəsəbəsi yaxınlığında qəza keçirib.

Ukrayna höküməti və Qərb ölkələri təyyarənin separatçıların nəzarətdə saxladığı ərazidən raketlə vurulduğunu iddia edir.

Separatçılar hadisəyə görə məsuliyyətli olmadıqlarını deyir.