MH17: Niderland ekspertləri cəsədləri yoxlayır
Şərqi Ukraynadakı qatar vağzalında rusiyapərəst üsyançılar Niderland müstəntiqlərinə yerə düşmüş Malaysia Airlines təyyarəsində ölənlərin cəsədlərini yoxlamağa imkan veriblər.
Qatar artıq Torez şəhərindən yola düşüb.
MH17 reysli təyyarə iyulun 17-də üsyançıların idarə etdiyi ərazi üzərində uçarkən yerə düşəndən sonra göyərtəsində olan 298 nəfər həyatını itirib. ABŞ və digər ölkələr bunda Rusiyanın iştirak etdiyinə dair sübutların olduğunu deyir.
Eyni zamanda məlumatlara görə, üsyançıların idarə etdiyi Donetsk şəhərində gərgin döyüşlər davam etməkdədir.
Şahidlər deyirlər ki, toqquşmalar Donetsk aeroportu və qatar vağzalı yaxınlığında baş verir.
Ən azı üç mülki şəxsin öldürüldüyü və çoxmərtəbəli binada yanğın olduğu barədə məlumat verilir.
BBC-nin Donetskdəki müxbirləri məlumat verirlər ki, sakinlər şəhərdən qaçır.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
Bazar ertəsi baş verən digər yeniliklər:
- Ukrayna rəsmiləri deyirlər ki, indiyədək 272 cəsəd tapılıb
- Ukraynanın Baş naziri Arseniy Yatsenyuk təklif edib ki, beynəlxalq araşdırmaya Niderland başçılıq etsin
- 31 beynəlxalq müstəntiqdən ibarəd olan digər ekspertlər qrupu şərqdəki Xarkov şəhərindədir. Gözlənilir ki, onlar qısa bir müddətdə qəza yerinə yaxınlaşacaqlar
- Ukrayna prezidenti Petro Poroşeneko göstəriş verib ki, hökümət qüvvələri qəza yerinin ətrafındakı 40km-lik ərazidə atəş açmasın
- Rusiya prezidenti Vladimir Putin deyir ki, beynəlxalq ekspertlərin təhlükəsizliyini təmin etmək lazımdır ki, onlar müstəqil araşdırma apara bilsin.
Cənab Kerry Rusiyanı üsyançıların hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
Rusiya, üsyançıları raket hücumunda istifadə etdikləri sistemlə təmin etdiyinə görə tənqid edilib.
Bundan əvvəl, Ukraynanın şərqində - hadisə yerində 196 nəfərin cəsədi soyuducu vaqonlara yüklənib və naməlum istiqamətə aparılıb.
Avstraliyanın xarici işlər naziri Julie Bishop rusiyapərəst separatçılara ünvanlı çıxışında meyitlərdən Ukrayna hökümətinə qarşı oyuncaq kimi istifadə etməməyə çağırıb.
"Orada 298 nəfər olub- onların ailəsi, sevdikləri onları geri istəyir", o deyib.
Son ayda Rusiyanın üsyançıları silahla təmin etdiyinə dair sübutların olduğunu deyən cənab Kerry isə Rusiyanı əlavə sanksiyalarla təhdid edib və Avropadan prezident Putinə qarşı daha sərt olmağı istəyib.
Onun sözlərinə görə, ABŞ-da Rusiyanın üsyançılara SA-11 raketini verməsi və MH17 təyyarəsinin qəzasından sonra Rusiyaya qaytarılmasına dair görüntülər var.
Britaniyanın baş naziri David Cameron da bildirib ki, cənab Putin "Ukraynaya münasibətini dəyişməzsə", Avropa və Qərb "Rusiyaya qarşı davranışını tamamilə dəyişməlidir".




