#BBCAzeriTrending: #RamazanProblemləri nədir?

#RamadanProblems

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Soldan: "Ac olanda dediyim sözlərə görə üzr istəyirəm"; "İftar açanda hiss etdiklərimiz"

Dünyada minlərlə oruc tutan müsəlman #RamadanProblems (#RamazanProblemləri) həştəqini bütün tanınmış sosial şəbəkələrdə - Twitter, Instagram, Facebook, Vine və digərlərində istifadə edib.

Bundan əvvəl geniş yayılmış #FirstWorldProblems (#BirinciDünyaProblemləri) həştəqinin formatından istifadə edən istifadəçilərin tweetləri əsasən gülməli, zarafatcıl olub.

"Bu, özlərini o qədər ciddiyə almayan, oruc tutan müsəlmanlardır", Dubayda yaşayan Uzma Atcha deyir. O da bu həştəqdən istifadə edib. "Adamlara göstərir ki, biz də adi insanıq - eyni çətinlikləri yaşayırıq".

Həştəq çoxdandır istifadə olunur, amma "bu il Twittersferada partlayış edib", o deyir. ABŞ, Britaniya, Pakistan, Kanada və BƏƏ bu həştəqdən ən çox istifadə edən ölkələrdir.

Bəzi adamlar məsləhətlər, praktiki tövsiyyələr paylaşıb. Digərləri müsəlman olmayanları Ramazan barədə məlumatlandırmaq üçün statuslar paylaşıb. Amma diskussiyanın əksəriyyətinin aclıq barədə olması yəqin ki, təəccüb doğurmayacaq.

#RamadanProblems

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, "Bu şəkli Instagramda gördüm, fikirləşdim "necə də dadlı görsənir". Sonra altyazını oxudum: "Boyanı qarışdırıram". #RamadanProblems"

"Deyəsən saatımın əqrəbləri 2:54-dən 2:53-ə keçdi. Zarafatsız #RamadanProblems"

"Soyuducuya elə baxıram, sanki keçmiş sevgilimdir #RamadanProblems"

"RamadanProblems gəzəndə, insanların əvəzində, gözünə yeməklər görünəndə".

"Bu gün daha bir "doğrudan, heç su da olmaz?!" söhbəti oldu #Ramadanproblems"

Bu il Ramazanla bağlı bir çox trendlər var. Məsələn "Happy Fasting" ("Orucunuz mübarək") ifadəsi təxminən 200 000 dəfə istifadə olunub.

Sosial media Ramazan ayında müsəlmanlar arasında qürur və birlik hissi yaradır, bu həştəqlə bağlı diskussiya təşkil edən jurnalist Laila Alawa deyir.

Ramazanla bağlı saysız-hesabsız smartfon tətbiqləri işə salınıb. "Ramadan Tips" ("Ramazan məsləhətləri") adlı Twitter hesabı da var. Facebookda isə "Productive Muslim" ("Səmərəli müsəlman") adlı səhifə yaradılıb. Bir çox məscid və islamşünaslar sosial mediadan geniş şəkildə istifadə edir.

Şəklin mənbəyi, BBC World Service

Twitter də bayrama qoşulub: Ramazanla bağlı həştəqlərin yanında kiçik şəkillər peyda olur: #Ramazan sözü yazılanda yanında aypara və ya ərəbcə kalliqrafik yazı peyda olur.