Nigeriyada partlayış: ən azı 14 nəfər ölüb

Şəklin mənbəyi, afp

Nigeriyanın şimal-şərqində futbol matçını izləmə klubunda partlayış ən azı 14 nəfəri öldürüb, polis bildirir.

Partlayış ərazisi Kamerunla sərhəddə, Adamawa ştatının Mubi kəndidir.

Adamawa Nigeriyada islamçı Boko Haram qiyamçılarının əməliyyat apardığı 3 regiondan biridir.

Lakin hələlik hadisəni heç kim üzərinə götürməyib.

"İndiyə qədər 14 nəfər ölüb, 12 nəfər yaralanıb", polis rəsmisi bildirib.

Bəzi məlumatlarda ölüm sayı çox göstərilir.

BBC-nin Nigeriya müxbiri Will Ross bildirib ki, hava qaranlıq olduğundan şahidləri danışdırmaq mümkün deyil.

Keçən aylar ərzində Boko Haram Nigeriyanın şimal və mərkəzində ən azı 200 nəfərin ölümü ilə nəticələnən partlayışlar törədib.

Qruplaşma, həmçinin 200 qızın məktəbdən qaçırılması hadisəsiylə beynəlxalq icmanın diqqəti altındadır.

Hələlik qızları qaytarmaq mümkün olmayıb.