Twitter lüğəti: kütbeyinlik şirin, sevimli forma alanda adı nə olur?

Duckface

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Lüğətin əlavə etmək istədiyi sözlərdən biri: duckface, yəni "selfie"də bəzi adamların dodaqlarını büzməsi

Collins İngilis Dili Lüğəti Twitterdən istifadə edərək lüğətə əlavə olunacaq yeni sözləri müəyyən edəcək.

Leksikoqraflar internetdə yeni və formalaşmaqda olan sözləri tapmaq, onların necə istifadə olunması barədə məlumatlar əldə etmək və populyarlıqlarını müəyyən etmək üçün Twitter məlumatlarından istifadə edib.

Collins həmçinin Twitterdə səsvermə vasitəsilə lüğətə əlavə olunacaq növbəti sözü seçmək istəyir.

Adorkable - Kütbeyinlik şirin, sevimli forma alanda. "Dork" (kütbeyin) və "adorable" (sevimli) sözlərindən əmələ gəlir.

Duckface - "Selfie"də (avtofotoportretlər) bəzi adamların dodaqlarını büzməsi. "Duck" (ördək) və "face" (üz) sözlərindən əmələ gəlir.

Euromaidan - Avromaydan: Ukraynada keçirilən avropapərəst etirazlar. Kiyevdəki "Maydan" Müstəqillik Meydanına görə bu adı alıb.

Fatberg - Kanalizasiya sistemində əngəl törədən piy və ya digər materialların kütləsi. "Fat" (piy) və "iceberg" (aysberq) sözlərindən əmələ gəlir.

Felfie - Fermerin çəkdiyi selfie. "Farmer" (fermer) və "selfie" (avtofotoportret) sözlərindən əmələ gəlir.

Fracktivist - Frekinq - yəni, "hidravlik fraksiyalara ayırma" metoduna qarşı kampaniya aparan fəal. "Fracking" (frekinq) və "activist" (fəal) sözlərindən əmələ gəlir.

Gaybourhood - geylərə tolerant, mehriban olan ərazi. "Gay" (gey) və "neighbourhood" (ərazi, məhəllə, qonşuluq) sözlərindən əmələ gəlir.

Nomakeupselfie- qadının xeyriyyə təşkilatının kampaniyası üçün çəkdiyi makiyajsız selfie. Kişilər üçün ekvivalent - makeupselfie. "No make-up" (makiyajsız) və "selfie" (avtofotoportret) sözlərindən əmələ gəlir.

Vaguebooking - sosial şəbəkələrdə suallar və ya şərhlər doğurmaq üçün qəsdən qeyri-müəyyən statuslar yazmaq. "Vague" (dumanlı, qeyri-müəyyən) və Facebooking ("Facebooklaşmaq", Facebook şəbəkəsində nə isə etmək) sözlərindən əmələ gəlir.

Twitter vasitəsilə tapılan sözləri daxil edən "ilk lüğət" olduğunu bəyan edən Collins lüğətinin yeni nəşri oktyabrın 5-də nəşr olunacaq.