Yaponiya və Kanada Rusiyaya qarşı yeni sanksiyalar qərarı verib

Şəklin mənbəyi, Reuters
Ukrayna böhranıyla bağlı ABŞ-dan sonra Rusiyaya qarşı əlavə sanksiyalar Yaponiya və Kanada tərəfindən də yeridilib.
Yaponiya adları hələlik açıqlanmayan 23 Rusiyalı siyasətçi və biznesmenə qarşı viza sanksiyası tətbiq edib.
Kanadanın siyahısında 9 rusiyalı vətəndaş və 2 kredit təşkilatı (“Expobank» və “Rosenerqobank”) var. Bu siyahıya o cümlədən, LDPR partiyasının lideri Vladimir Jirinovskinin də adı salınıb.
“Rusiya Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət bəslədiyini nümayiş etdirməyənə qədər Kanada Rusiyanın siyasi və iqtisadi təcridi istiqamətində addımlarını davam etdirəcək", - Kanada Baş naziri Stephen Harper-in bəyanatında bildirilib.
Moskvaya qarşı ilk sanksiyalar bu iki ölkə tərəfindən ötən ay yeridilmişdi.
Martın 18-də Yaponiya Rusiya ilə viza rejiminin yüngülləşdirilməsi barədə məsləhətləşmələri dayandırıb və investisiya, hərbiyyə və kosmos sahəsində əməkdaşlığı dondurub.
Martın 5-də Kanada Rusiya ilə hərbi əməkdaşlığı dayandırıb və ölkədən 9 Rusiyalı hərbi qulluqçunu xaric edib.
Daha sonra Kanada rəsmiləri 59 Rusiya və Ukrayna məmuruna ölkəyə girişi qadağan edib və onların aktivləri dondurulub.
Moskvanın reaksiyası
Xarici İşlər nazirinin müavini Sergey Ryabkov İnterfax agentliyinə bildirib ki, ABŞ Ukraynada baş verən hadisələri “anlamadığını nümayiş etdirib”.
“Ağ Evin bəyanatı ikrah hissi doğurur”, - Rusiyalı məmur deyib.
Onun sözlərinə görə, ABŞ “Ukraynada yeni toqquşmalara zəmin yaradan qüvvələrə rəvac verir”.
Ryabkovun təbirincə, Rusiya məruz qaldığı sanksiyalara cavab vermək imkanına malikdir.
Rusiya Baş nazirinin müavini Dmitri Roqozin isə Tvitterində Rusiya kosmik sənayesinə qarşı ABŞ-ın sanksiya yeritdiyini qeyd edərək “hərəkətə qarşı hərəkətlə” cavab veriləcəyini vəd edib.




