Ukrayna Aİ ilə assosiasiya sazişinin siyasi hissəsini imzalayıb

Şəklin mənbəyi, AP

Ukraynanın baş naziri Arseniy Yatsenyuk Avropa İttifaqı daxilində 28 ölkənin rəhbərləri ilə assosiasiya sazişinin ikitərəfli siyasi hissəsini imzalayıb.

"Təsdiq edə bilərəm ki, sazişin siyasi hissəsi imzalanıb", Aİ sədrinin mətbuat katibi deyib.

Rusiya Dövlət Duması ötən gün Krımın Rusiyaya birləşdiyini təsdiq edib. Hərçənd ki, bu, nə Ukrayna, nə də Aİ tərəfindən tanınır.

Aİ ilə assosiasiya sazişi fevral ayında devrilmiş prezident Viktor Yanukoviçlə müxalifət arasında əsas problem olub, nəticədə aylar sonra Ukraynada hakimiyyət dəyişikliyi olub.

Rusiyadan ABŞ rəsmilərinə qadağa

Bu arada Rusiyanın Xarici İşlər Naziri Rusiya Federasiyasına daxil olması yasaqlanan ABŞ Konqress üzvləri də olmaqla, on rəsmi şəxsin adını açıqlayıb.

Siyahı, ötən gün ABŞ-ın 20 rusiyalı siyasətçiyə qarşı sanksiya tətbiq etməsi məlumatlarından sonra açıqlanıb.

Rusiyanın qadağa qoyduqları arasında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə yardımçısının müavini Caroline Atkinson, prezident yardımçıları Daniel Pfeiffer və Benjamin Rhodes, senator John Mccain, Mary Landrieu və Daniel Coats var.

ABŞ prezidentliyinə sabiq namizəd, respublikaçı John Mccain Moskva əleyhinə sərt tənqidləri ilə tanınır.

Senator Mccain Rusiyaya səyahət qadağası xəbərinə istehza ilə cavab verib.

"Görünür ki, mənim Sibirə tətilim bitdi, Qazpromdakı səhm paketi sonlandı, Moskvadakı gizli hesabımsa donduruldu. Amma mən bütün hallarda Krım da daxil olmaqla, Ukraynanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğruna danışacağam".

Rusiya banklarında problem

Həmçinin Visa və MasterCard ödəmə sistemləri "Rossiya" bankının müştərilərinə xidmət göstərməyi dayandırıb.

Səbəb bankın həmrəhbəri Yuriy Kovalçukun da ABŞ sanksiyalarının tətbiq edildiyi siyahıya düşməsidir.

"Rəhbərlik hazırki vəziyyətdə müştərilərin problemlərini anlayışla qarşılayır və əlindən gələni edir ki, məsələni həll etsin. Bank bütün müştərilər qarşısında bütün öhdəliklərini tam gücü ilə yerinə yetirir və yetirəcək", bankın press-relizində yazılır.

Cənab Kovalçun Rusiya prezidenti Vladimir Putin və məmurların "şəxsi bankir"i hesab edilir.

Bankla yanaşı, sanksiya altına "Ozero" bağ şirkətlər qrupunun idarəediciləri Gennadi Timçenko və Arkadi və Boris Rotenberq qardaşları da düşüb.

Rotenberq qardaşlarının idarə etdiyi "СМП" bankın müştəriləri də eyni problemlə qarşılaşıb.

"Səhərdən bəri Visa və MasterCard bizim bankda kart əməliyyatları göstərməyi bloklayıb", bankın açıqlamasında deyilir.