ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir

Barack Obama

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Barack Obama ABŞ-a Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etmək üçün sərəncam imzaladığını bildirib

ABŞ Prezidenti Barack Obama Krım böhranına görə Rusiya rəsmilərinə və bir banka qarşı yeni sanksiyalar elan edib.

ABŞ cənubi və şərqi Ukraynadakı vəziyyəti narahatlıqla izləyir, cənab Obama deyib, və ABŞ-a Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etmək üçün sərəncam imzaladığını bildirib.

Eyni zamanda Aİ liderləri bphranı müzakirə etmək üçün Brüsselə gəliblər.

Bundan əvvəl Almaniyada Kansler Angela Merkel deyib ki, Krım üzrə böhranı yumşaltmaq üçün addımlar atmasa Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək.

Brüsseldə keçirilən Aİ sammitində xanım Merkel deyib ki, hazırkı siyasi vəziyyətə görə G8 (Böyük Səkkizlər) artıq faktiki olaraq mövcud deyil.

Krım liderləri Ukraynadan ayrılıb Rusiyaya birləşmək üçün Moskva ilə razılaşma imzalayandan sonra regionda gərginlik yüksək səviyyədədir.

Çərşənbə günü rusiyapərəst qüvvələr Krımda azı iki hərbi bazanı <link type="page"><caption> zəbt edib</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/03/140319_crimea_russia_navy.shtml" platform="highweb"/></link>.

Ukraynanın hərbi-dəniz komandiri Serhiy Hayduk saxlanılandan sonra sərbəst buraxılıb.

Qərb və rəsmi Kiyev Krım liderləri ilə Moskva arasında çərşənbə axşamı imzalanan sazişi qeyri-leqal adlandırıb.

Duma Krım sazişini cümə axşamı, yuxarı palata isə cümə günü təsdiqləyəcək.

Cümə axşamı qəbul edilən qətnamədə Ukrayna parlamenti deyib ki, ölkə "heç vaxt və heç bir təqdirdə Krımı işğalçılardan azad etmək üzrə mübarizədən üz döndərməyəcək".

Qərb liderləri Rusiyanın addımlarını - Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq qanunun pozulması kimi dəyərləndirib.

Krım hadisələri ilə bağlı Aİ artıq Rusiya və Ukraynada 21 adama qarşı sanksiya tətbiq edib. Gözlənilir ki, cümə axşamı Brüsseldə Aİ bu sanksiyaların Prezident Putinə daha yaxın olan adamlara da tətbiq olunmasını müzakirə edəck.