Suriyaya döyüşməyə gedən britaniyalılar ömürlük həbs edilə bilər

Şəklin mənbəyi, BBC World Service
Suriyaya döyüşməyə və ya döyüş üçün təlim almağa gedən britaniyalılar ömürlük həbs cəzası ala bilərlər, Britaniya rəsmiləri deyib.
Krallıq Prokurorluq Xidmətinin terrorçuluqla mübarizə üzrə başçısı Sue Hemming Evening Standard qəzetinə deyib ki, britaniyalılar üçün başqa ölkədə vuruşmağa getmək cinayətdir və 2006-cı ilin Terrorçuluq Aktına görə sərt cəzalandırıla bilər.
Aktın 5-ci maddəsinə görə, "terror aktına hazırlayan" və ya "bu cür aktın hazırlanmasına yardım edən" şəxs ömürlük həbs cəzası ala bilər.
Aktın 6-cı və 8-ci maddələrində isə qeyd olunur ki, terrorçuluq üçün təlimdən keçən və ya bu cür təlimdə iştirak edən şəxslərə 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.
"Adamların müxtəlif yerlərdə baş verən müxtəlif münaqişələr barədə fikirləri var, amma hökümətimiz adamları istədikləri münaqişəyə qoşulmaqdan çəkindirmək üçün qanun tətbiq etməyə qərar verib", xanım Hemming deyib. "Biz bu qanunu sərt tətbiq edəcəyik".
Sue Hemming qeyd edib ki, humanitar yardım etmək cinayət olmasa da, vəziyyətin Britaniyada terror qorxusu yaradacağının "bütün əlamətləri" var.
Ən böyük narahatlıq
Ötən ay Britaniya polisi rəsmisi Ser Peter Fahy BBC-ə demişdi ki, Suriyadan Birləşmiş Krallığa qayıdan britaniyalılar sərhəddə saxlanılacaq və həbs oluna bilərlər.
Ser Fahy-nin sözlərinə görə, Suriyada döyüşüb qayıdan britaniyalıların Birləşmiş Krallıq üçün təhlükəli olması barədə "çox böyük narahatlıqlar var".
Scotland Yard deyib ki, ən böyük narahatlıq, bu şəxslərin bəzilərinin Suriyada "terrorçulara çevrilməsidir".
Cari ilin yanvar ayından ən azı 16 adam Suriya ilə Birləşmiş Krallıq arasında gəlib-gedəndən sonra terror cinayəti ilə bağlı ittihamlara görə həbs edilib.
2013-cü ildə cəmi 24 adam həbs edilmişdi.
London polisinin sözçüsü deyib ki, Suriyada təlim almaq üçün terror düşərgələrinə gedənlərin bəzilərinin cəmi 17 yaşı var, və əksəriyyəti gənc kişilər olsa da gedən qadınlar da var.




