Azərbaycanlıların Suriya cihadı və QMİ-nin Suriyasız fətvası

Suriya müxalifət

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşənlər arasında azərbaycanlıların olmasına dair məlumatlar var.
    • Müəllif, Zülfüqar Rüfətoğlu
    • Vəzifə, www.bbcazeri.com

Son zamanlar Suriyada həlak olan Azərbaycan vətəndaşlarının sayının artması və bununla bağlı cəmiyyətdə olan narahatlıq barədə suallarımızı Qafqaz Müsəlmanları İdarəsinə hələ bir neçə gün əvvəl yönləndirəndə BBC Azərbaycancaya deyilmişdi ki, bu barədə xüsusi fətva olacaq.

Nəhayət fətva bu gün elan edildi, lakin suallarımızın böyük bir hissəsi cavabsız qalıb.

Biz bu sualları QMİ Fətva şöbəsinin müdiri, Qazilər Şurasının üzvü, Qazi Hacı Mirəziz Seyidzadəyə ünvanladıq.

Maraqlıdır ki, bu fətvada nə Suriyanın, nə də mediada sözü gedən qeyri-ənənəvi İslam cərəyanlarının və onların təsiri altında olan dini ocaq və məscidlərin konkret olaraq adları çəkilmir.

Halbuki, fətvanın mətnində hətta bir neçə xarici ölkəyə işarə edilir: “Bizi narahat edən məqam bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasıdir”.

Hacı Mirəziz Seyidzadə bildirdi ki, beynəlxalq münasibətlər nəzərə alınmaqla, konkret ölkə adlarının çəkilməməsi “məsləhət olub”.

Konkret dini cərəyan və onların davamçılarına, onların təsirləri altında və ya nəzarətində olan məsçidlərin adlarının çəkilməməsinə gəlincə isə, Hacı Mirəziz deyir ki, “biz belə insanların düşünmək və səhv yoldan yarımçıq qayıtmalarına imkan vermək istədik”.

Fətvanın bir hissəsində deyilir: “Qazılar Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətlərindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir”.

Bu müddəanı da aydınlaşdırmaq istədik. Fətvanın bu hissəsini dövləti konkret addım və tədbirlərə dəvət kimi başa düşmək olarmı?

QMİ Fətva şöbəsinin müdiri bildirdi ki, Azərbaycanda din dövlətdən ayrıdır və bu mənada din dövlətin işlərinə qarışa bilməz. “Biz dindarlarımızı, cəmiyyətimizi narahat edən bir məsələyə aid fətva vermişik” – deyib Hacı Mirəziz Seyidzadə.

Biz həmçinin “bu fətvanın problemin həllinə konkret köməyi olsacaqmı?” sualını da verdik. Hacı Mirəziz QMİ-nin buna inandığını söylədi.

Cihada gedənləri necə qaytarmalı?

Suriyada silahlılar

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bəzi məlumatlara görə, Suriyada onlarla azərbaycanlı döyüşür.

Azərbaycanda bu gün yayılmış məlumatlara görə, Bakıdakı məscidlərdən birini valideynlər övladlarının Suriyaya getməsində "günahkar bilir".

Bununla belə, Azərbaycanda valideynlər Suriyaya yollanmış övladlarını tapmaq və geri qaytarmaq üçün konkret təşkilatlara müraciət edirlər.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (The International Committee of the Red Cross) Suriyada müxtəlif qruplaşmaların tərkibində döyüşən Azərbaycan vətəndaşları barədə mətbuatda yayılan xəbərlərdən ciddi narahatlıq ifadə edib.

Bu narahatlığı komitənin Bakı ofisinin rəhbəri Denise Duran jurnalistlərlə görüşündə bildirib.

Xanım Duran deyib ki, Suriyada olan azərbaycanlılardan birinin ailəsi övladlarını geri qaytarmaq üçün ona müraciət edib.

“Onun ailəsi övladları barədə informasiya almaq istəyir və biz onlara kömək etməyə çalışırıq, - deyib Denise Duran, - təəssüf ki, Suriyadakı hazırkı vəziyyətlə bağlı biz belə bir informasiyanı əldə edə bilmirik. Qırmızı Xaç Komitəsinin Suriya ofisi Dəməşqə Suriya hakimiyyəti tərəfindən həbs edildikləri iddia olunan 355 şəxsin siyahısını göndərib”.

Xanım Duran deyib ki, bu 355 adamın arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını söyləmək hələlik imkan xaricindədir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu açıqlaması olmadan da son günlər Suriya münaqişəsinin döyüş meydanlarında öldürülmüş Azərbaycan vətəndaşları barədə xəbərlər artmaqda idi.

Cihadın xronikası

Bu mənada müxtəlif mənbələrdən gələn xəbərlərin qısa xronikasına diqqət yetirmək kifayətdir.

Mücahidlərə məxsus saytlara istinadla APA agentliyi çərşənbə axşamı "Azəri şəhid Orxan Rəhimullah”ın öldüyünü xəbər verib.

Bu ilin yanvar ayında agentliyin Suriyada öldürülən azərbaycanlılar bağlı digər xəbərində deyilir: “Suriyada daha bir Azərbaycan vətəndaşı öldürülüb. Bu şəxs hökumət qoşunlarına qarşı döyüşən “Əl-Nüsrə Cəbhəsinin” üzvü olub. APA agentliyi xəbər verib ki, öldürülən şəxs Suriya döyüşçüləri arasında “Əbuzər Azəri” adı ilə tanınırmış”...

Başqa bir xəbərdə deyilir ki, Bəşər əl-Əsədin qüvvələrinə qarşı vuruşan və əl-Qaedaya bağlı olduğu iddia edilən İraqın və Şamın İslam Dövləti (Islamic State of Iraq and al-Sham) təşkilatının dəstələrindən birində olan və “Primorski Mamed” ləğəbi ilə tanınan Azərbaycan vətəndaşı öldürülüb.

Bundan başqa agentlik daha iki azərbaycanlının öldürüldüyü barədə məlumat yayıb. Onların Namiq Əsgərov“Azəri Seyfulla” ayamalı şəxs olduqları bildirilib.

Ötən ilin aprelində Türkiyə saytları Suriyada Azərbaycandan olan 30 döyüşçünün öldürüldüyünü xəbər vermişdi.

Suriya münaqişəsinə qoşulmuş azərbaycanlıların sayı barədə ziddiyyətli məlumatlar mövcuddur.

Məsələn, ANS Suriyada 60-a yaxın, İrana bağlı olduğu deyilən İslamTimes.org saytı isə 270 azərbaycanlının olduğunu xəbər verib.

Münaqişələr üzrə ekspert Arif Yunusun dediyinə görə, hazırda Suriyada 100-dək Azərbaycan vətəndaşı var.

Hərçənd bu rəqəmlərin hansı təhlil və ya mənbə əsasında təxmin edildiyi bilinmir.

Digər tərəfdən, burada əsas məsələ heç statistikada da deyil. Başlıca sual vəziyyətin nə dərəcədə problemli olub-olmamasıdır.

Avropa narahatdır

Qərb ölkələri özlərinin Suriya cihadına qatılan vətəndaşlarından dərin narahatlıq ifadə edir. Əslində narahatlıq həmin vətəndaşlardan yox, onların “cihad ezamiyyətindən” qayıtdıqdan sonra nə kimi təhlükə təşkil edə biləcəklərindəndir.

Narahat Avropa ölkələri arasında Böyük Britaniya xüsusilə seçilir. Bu da təbiidir. Baş şəhəri Avropa müsəlmanlarının paytaxtı kimi tanınan Birləşmiş Krallıq Əfqanıstan və Pakistan kimi ölkələrdə “istirahət edib qayıdan” vətəndaşlarının real terror əməlləri ilə üzləşib və itkilər verib.

Britaniya Ali Rütbəli Polis Zabitləri Assosiasiyasının sədri Peter Fahy ötən həftə bildirib ki, Suriya müharibəsinə könüllü kimi gedən Britaniya vətəndaşları ölkəyə qayıdarkən həbslə üzləşə bilərlər.

Cənab Fahy deyib ki, sayları getdikcə artan və əsas etibarilə gənclər və yeniyetmələr olan bu şəxslər Britaniya üçün potensial risk sayılırlar.

Xəbər verilir ki, Britaniya polisi artıq bu ilin ilk ayında 16 nəfəri həbs edib. Onların arasında 17 yaşı olanlar da var. Müqayisə üçün bildirilir ki, bütün ötən il ərzində 24 Britaniya vətəndaşı Suriya qayıdarkən həbs olunub.

Onlardan 20-nin Britaniya vətəndaşlığı əllərindən alınıb.

Cənab Fahy BBC radiosuna müsahibəsində deyib ki, bu adamlar Britaniya üçün ciddi təhlükə təşkil edirlər, çünki Suriyada terror təlimi keçiblər.

O izah edib ki, elə hava limanındaca həyata keçirilən həbslər məhz bununla bağlıdır.

Məlumdur ki, Birləşmiş Krallığın öz ərazisində, 2005-ci ildə 52 nədərin həyatına qoymuş London metro partlayışlarını törədən intiharçılar da daxil olmaqla, terror aktlarının demək olar, hamısı Əfqanıstan və Pakistan kimi ölkələrdə təlim görmüş şəxslər həyata keçiriblər.

Təhlükəsizlik təxminlərinə görə hazırda Suriyada olan və ya oradan artıq qayıtmış 500 Britaniya vətəndaşı var.

Bu da xəbər verilir ki, ötən il Britaniyanın bəzi qanunları dəyişdirilib və hökumətin, cəmiyyət üçün real və potensial təhlükə şübhəlisi olan şəxslərin pasportlarını müsadirə etməsini asanlaşdırıb.

Azərbaycan vətəndaşları cihada necə gedirlər?

Elman Abdullayev
Şəklin alt yazısı, Azərbaycan XİN sözçüsü məlumatların araşdırıldığını deyir.

Yanvar ayının ortalarında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev “son günlər Suriyada Azərbaycan vətəndaşlarının öldürülməsi ilə bağlı yayılan xəbərlərə” münasibət bildirib.

“Biz əvvəllər də qeyd etmişik ki, Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini dayandırıb. Səfirlik Livanın paytaxtı Beyruta köçürülüb və orada fəaliyyət göstərir. Buna baxmayaraq, biz Suriyada baş verənləri yaxından izləyirik və ilk növbədə çalışırıq ki, orada öldürüldüyü bildirilən şəxslərin Azərbaycan vətəndaşı, yaxud azərbaycanlı olub-olmadığını müəyyənləşdirək. Həmin şəxslərin Azərbaycan vətəndaşı və yaxud azərbaycanlı olması müəyyənləşərsə, bundan sonra araşdırılmalıdır ki, onlar Suriyaya hansı yollarla və hansı vasitələrlə gedib çıxıblar”- deyib sözçü.

Bununla belə, Azərbaycan mediasında və sosial şəbəkələrdə azərbaycanlıların Suriyanın hərb meydanlarına necə gedib çıxdıqları barədə çox sayda iddia və xəbərlər var.

Bu xəbər və postlarda könüllülərin Azərbaycanın hansı məsçidlərində və kimlər tərəfindən Suriya cihadı üçün səfərbər edildikləri barədə spesifik iddialar yer alıb.

YouTube saytında Suriyada olduqları iddia edilən şəxslər tərəfindən təbliğat xarakterli videolar da yayılıb.

Yəni axtarış üçün ipucu tapıla bilər.

Azərbaycan narahat olmalıdırmı?

Azərbaycan Respublikası Milli Məclisinin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bununla əlaqədar BBC Azərbaycancaya şərhində bildirib ki, onun ölkə vətəndaşlarının bu şəkildə həlak olmasına münasibəti birmənalı mənfidir və o düşünür ki, bunun nə dini təəssübkeşlik, nə də vətənpərvərliklə heç bir əlaqəsi yoxdur.

Bununla belə, millət vəkili hesab edir ki, Azərbaycan azad ölkədir və onun vətəndaşları azad hərəkət hüququna malikdirlər.

Dövlət bu sahədə hər hansı addımları atmalıdırmı? Məsələn, Qərb ölkələri öz vətəndaşlarının Suriyaya cihada yollanmasına çox həssaslıq və narahatlıqla yanaşırlar.

Aydın Mirzəzadə bu məqamı şərh edərkən bildirib ki, bəlkə də Qərb ölkələrinin bu sahədəki təcrübəsinə diqqət yetirmək lazımdır.

“Vətəndaşlıqdan məhrumetməni deyə bilmərəm, lakin bəlkə də gələcəkdə belə şəxslər üçün cinayət məsuliyyətinin tətbiqi barədə düşünməyə dəyər” – deyib millət vəkili.

Azərbaycan mətbuatı ölkədə vəhabilik və sələfilik kimi qeyri-ənənəvi təriqətlərin yayılması barədə materiallar dərc edir. Bəzən hətta bütöv kəndlərin bu təriqətlərin təsiri altında olduğu iddia olunur. Burda dövlətçilik üçün potensial təhlükə mövcuddurmu?

Bu suala cavabında Aydın Mirzəzadə bildirir ki, Azərbaycanda dinindən asılı olmayaraq insanların bərabər hüquqları var və onlar qanun qarşısında da eyni məsuliyyəti daşıyırlar.

Azərbaycanın Suriya münaqişəsinə rəsmi münasibəti barədə suala cavabında isə millət vəkili bildirdi ki, rəsmi Bakı bu ölkədə baş verənləri Suriyanın daxili işi hesab edir, lakin münaqişənin tezliklə və sülhlə başa çatmasını arzulayır.

BBC Azərbaycanca eyni suallarla Müsavat Partiyasının Divan üzvü, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidenti Hikmət Hacızadəyə də müraciət edib.

Cənab Hacızadə bildirib ki, o, azərbaycanlı gənclərin bu şəkildə yad bir ölkədə son məqsədi bilinməyən ideallar uğrunda döyüşə yollanmasından məyusluq keçirir.

O həmçinin qeyd edib ki, azərbaycanlı gənclərin Suriya münaqişəsində iştirakını Azərbaycan cəmiyyətinin gələcəyi üçün real təhlükə hesab edir.

Bununla belə Hikmət Hacızadə hesab etmir ki, belə şəxslərin vətəndaşlıqdan məhrum edilməsi ağlabatandır.

Onun fikrincə, bu üsula Qərb ölkələri əl ata bilərlər, çünki oradan Suriyaya gedənlərin ən azı valideynləri müsəlman şərqində doğulublar və onları hara deportasiya etmək sualı o qədər də çətin səslənmir. Halbuki, azərbaycanlıların Azərbaycan Respublikasından başqa heç bir vətəni yoxdur və bu mənada kimisə vətəndaşlıqdan məhrum etmək problematik olardı, o deyir.

Hikmət Hacızadənin fikrincə, Suriyaya dini inanc, müharibə romantikası və ya maddi maraqlar məqsədi ilə getmələrindən asılı olmayaraq bu gənclərlə işləmək lazımdır.

Siyasətçi bu qənaətdədir ki, Azərbaycanda çox sayda nüfuzlu din xadimləri var və onlar bu məsələyə daha fəal cəlb olunmalıdırlar. Hikmət Hacızadə bildirir ki, bu sahədə ən böyük yük vətəndaş cəmiyyətinin üzərinə düşməlidir.

“Lakin vətəndaş cəmiyyətinin hazırkı durumu belədir ki, onun özünün köməyə ehtiyacı var” – deyib cənab Hacızadə.