Suriyadakı azərbaycanlı döyüşçülər barədə sual-cavab

Şəklin mənbəyi, Youtube
Xəbərlərə görə Suriyadakı vətəndaş müharibəsində bir neçə yüz Azərbaycan mənşəli silahlı iştirak edir. İndiyədək münaqişədə 40-dan artıq döyüşçü öldürülüb.
Döyüşçülərin əksəriyyəti Azərbaycanın Şimali Qafqazla bağlılığı olan etnik azlıqların məskunlaşdığı şimal-qərb bölgəsindən gəlir.
Onlar əsasən Bəşər Əsədə qarşı vuruşan sunni ekstremist qruplarının üzvləridir. Eyni zamanda Əsəd qüvvələri tərəfində şiə döyüşçülərinin vuruşduğu barədə məlumatlar mövcuddur.
Döyüşçülər Azərbaycanın hansı bölgəsini təmsil edirlər?
Son illər ərzində vəhhabiçilik şimal-qərbdəki Quba, Qusar, Şəki, Xaçmaz və Zaqatala rayonlarında ( xüsusilə də Muxax kəndində ) kök salıb.
Ötən ilin oktyabr-noyabr aylarında polis qüvvələri vəhhabiçilərə qarşı bir neçə əməliyyat keçiriblər.
BayMedia xəbərlər saytına müsahibəsində təhlükəsizlik məsələləri üzrə eskpert İlham İsmayıl vəhhabilərin sayının Sumqayıt şəhərində də artdığını qeyd edib.
O, Sumqayıta Suriyadakı azərbaycanlı döyüşçülərin baş çəkdiyini bildirir.
Suriyada neçə azərbaycanlı vuruşur?
ANS TV kanalı “qeyri-rəsmi mənbələrə” istinadən Suriyada Bəşər Əsədə qarşı təkcə Şəki, Zaqatala bölgəsindən 250-dən artıq azərbaycanlının vuruşduğunu bildirir.
Onlar nəyin uğrunda vuruşurlar?
"Biz nə Amerika, nə də ki Rusiya üçün vuruşuruq. Biz bu ərazilərdə Allahın qanunlarını təsbit etmək üçünük və biz Allah adına mücadilə aparırıq", 2013-cü ildə üsyançıların rus dilli Fisyria.com saytında dərc edilmiş bəyanatda azərbaycanlı birləşmənin başçısı Abu Yahya əl-Azəri deyib. O, "şiələrə qarşı" vuruşduğunu bəyan edib.
Bundan əlavə Suriyada öldürülən mücahid döyüşçülər Rizvan Suleymanov və Rəşad Məmmədovun qohumları ANS-ə onların dini əqidələri uğrunda vuruşduğunu deyiblər.
Onlara kim sponsorluq edir?
Suriya üzrə ekspert Emin Həsənov ANS-ə bildirib ki, “əvvəl azərbaycanlılar Suriyaya fərdi şəkildə səyahət ediblər. Lakin sonradan bir neçə dövlət, xüsusən də Səudiyyə Ərəbistanı, onların Suriyaya getməsini maliyyələşdirməyə başlayılb”.
Müstəqil ekspert Elxan Şahinoglu Facebook postunda kütləvi şəkildə cihada yollanan azərbaycanlılar arxasında “məxfi” şəbəkənin olduğunu yazır.
"Bu şəbəkə əcnəbi sponsora malikdir. Maraqlıdır ki, onlar Suriyada öldürülən vəhhabi (sələfilərin) ailələrini yaddan çıxarmırlar”.
Onlar Suriyaya necə gedirlər?
Əsasən Türkiyə üzərindən. Bəzi məlumatlara görə onlar bir çox hallarda Türkiyə-Suriya sərhədini humanitar yardım aparan yük maşınları ilə keçirlər.
Azərbaycanlı mücahidlər gizli yollarla qismən üsyançıların nəzarətində olan Hələb və İdlib şəhərlərinə keçirlər.
Yeni Musavat qəzetinə əsasən Azərbaycanın təhlükəsizlik orqanları vətəndaşların Suriyaya getməsinin qarşısını almaq məqsədilə Türkiyə həmkarlarından kömək istəyib.
Onlar hansı mücahid qruplarına qoşulurlar?
Bəzi məlumatlara görə, Azərbaycan vətəndaşları Suriyadakı mücahid qruplarına daxil olarkən onların tərkibində “Azərbaycan camahatı” birləşmələrini qururlar.
Dəqiq məlumat mövcud olmasa da, əksəriyyətin əcnəbi və yerli döyüşçülərdən ibarət əl-Qaidə ilə bağlı “Ceyş əl-Mühacirin və əl-Ənsar" qrupuna daxil olduğu güman edilir. Qrupa gürcüstanlı çeçen Omar Şişani başçılıq edir.
Ötən ilin avqust ayında fisyria.com səhifəsində qrupdan Emir Seifullah adlı komandirlə yanaşı 27 döyüşçünün xaric edildiyi bildirilib.
Bir neçə azərbycanlı döyüşçü əl-Qaidə ilə bağlı "Suriya və İraq İslam Dövləti" qrupuna üzv olublar. Onlardan birinin 7 yanvarda Bəşər Əsəd qüvvələrilə döyüşdə öldürüldüyü xəbər verilir.
Yerdə qalanlar Dağıstan əsilli sabiq Rusiya zabiti Abu əl-Banat-ın (Magomed Abdurakhmanov) təsis etdiyi eyni adlı qrupa daxil olublar.
Bəzi islamçılar əl-Qaidə ilə əlaqəli əl-Nusra Cəbhəsinin sıralarında vuruşur.
Qrupun lideri kimdir?
Abu Yahya əl-Azəri (əsl adı Nicaddır ) 2013-cü ilə kimi tərkibində azərbaycanlıların olduğu “Ceyş əl-Mühacirin və əl-Ənsar” grupuna başçılıq edib.
Bundan öncə o Azərbaycanda "Sumqayıt Camaatı" dini qrupunun lideri olub. Əl-Azəri ötən ilin sentyabr ayında Həma şəhərində hökumət qüvvələrinə qarşı döyüşdə öldürülüb, Suriya səhifəsinə istinadən APA agentliyi bildirib.
Əl-Azərinin ölümündən sonra “Azərbaycan Camaatı” qrupuna zaqatalalı Abu Usəma başçılıq edir. Həmin qrupda daha bir nüfuzlu şəxs Abu Sudeyif Azəridir.
Suriyada neçə adam öldürülüb?
Yanvarın 6-da ANS Televiziyası indiyədək Suriyada 40-dan artıq azərbaycanlı üsyançının öldürüldüyünü xəbər verib.
APA agentliyi mücahidlərin vebsaytına əsasən yanvarın 7-də daha bir nəfərin və ondan əvvəl daha 2 döyüşçünün öldürüldüyünü bildirib.
Onların fəaliyyətinin Azərbaycana fəsadları nədir?
Yaxın Şərq üzrə təhlilçi Camal Əzimbəyli Bakı-Xəbər nəşrinə vəhhabilərin fəaliyyətinin Azərbaycanın təhlükəsizliyinə hədə yaratdığını deyib.
“Hər zaman silahla təchiz edilə biləcək bu radikal şəxslər Azərbaycan dövlətçiliyi üçün potensial hədə təşkil edir”.
O, silahlılara qarşı "anti-terror əməliyyatının" keçirilməsinə səsləyib.
Əsəd üçün döyüşən şiələr barədə nə kimi məlumat mövcuddur?
Bəzi xəbərlərdə şiə döyüşçlərinin münaqişəyə Əsəd qüvvələri tərəfində qatıldığı göstərilib.
Onlar İran üzərindən Suriyaya keçirilərək ələvilərin üstünlük təşkil etdiyi Suriya ordusu, ələvi təriqat qruplarının silahlı birləşmələri və şiələrin Hizbullah qrupuna üzv olurlar.
İslam Səyadxan Lent.az saytına müsahibəsində Qum şəhərində Əsəd tərəfində vuruşaraq öldürülən 3 Lənkəran sakininin dəfn mərasiminə qatıldığını bildirib.
Sual-cavabı media məlumatlarına əsasən BBC Monitoring hazırlayıb.




