Azərbaycanlı üsyançının Suriyada cihada çağırışları qəzəb doğurub

Suriyada etnik azərbaycanlı üsyançının azərbaycanlıları Suriyadakı "cihadı" dəstəkləməyə çağıran video müraciəti Azərbaycanın internet istifadəçilərdə qəzəbli reaksiya doğurub.

Mayın 8-də yüklənilən videoda Suriya üsyançı qüvvələrinin "Azərbaycan dəstəsi"nin amiri Abu Yahya əl-Azəri kimi təqdim olunan kişi, Suriyanın hökümət qüvvələrinə qarşı cihada çağırışını Azərbaycan xalqına ünvanlayıb.

BBC Monitorinqin apardığı media monitorinqinin nəticələrindən məlum olur ki, bir çox adam YouTube video şəbəkəsində və disput.az forumunda şərh yazaraq bu cür müraciətə qarşı olduğunu bildirib.

"Təəssüflər olsun ki, bunlar daha azərbaycanlı deyillər. Onlar vətənlərinə və Qarabağa xəyanət ediblər! Ümid edirəm ki, KQB-miz bu videonu görüb!" - bir istifadəçi deyib.

'Ramin Borcali' adlı YouTube istifadəçisi isə videonun altında şərh yazaraq deyib ki, cihad aparmaq istəyənlər "əsgər olub cəbhə xəttində vuruşmalıdırlar".

"Şuşanın ermənilər tərəfindən işğal olduğu gün (8 may 1992), torpaqları hələ də işğal altında olarkən, azərbaycanlıları xarici ölkədə döyüşməyə çağıran video hazırlamaq necə olar?.. Onlar sadəcə döyüşmürlər, onlar müsəlmanlara qarşı və hüquqi hökümətə qarşı, əl-Qaidə yaramazlarının tərəfində döyüşürlər", tənqid edənlərdən biri yazıb.

"Azərbaycanlılar terrorçu deyillər! Azərbaycanlıların sərhədin yanındakı düşmənə qarşı aparmalı öz cihadları var... Suriyalılar bizim düşmənlərimiz deyil", digəri yazıb.

Fikirlərini forumda bildirən digər şəxs isə, "Bu adamlar bilmirlər vətən nədir, vətəndaş nədir. Din və "iman qardaşları" onlara daha yaxındırlar" yazıb.

Hazırda video YouTube-dan saytın "zorakılıq siyasətini pozduğuna görə" çıxarılıb.