"Suriyada döyüşə gedənlər" parlamentdə müzakirə olunub

Şəklin mənbəyi, AP

Milli Məclisin bazar ertəsi keçirilən iclasında spiker "Suriyaya döyüşməyə gedən" gənclərin terrorçu riyadlandırılmasına qarşı çıxıb.

Oqtay Əsədov deyib ki, Suriyaya gedənlərin hamısını “terrorçu” adlandırmaq olmaz. O həmçinin Milli Məclisin ora gedənlərin qarşısını almaq üçün "bütün lazımi tədbirləri görəcəyini" bildirib.

İqtidaryönümlü deputat Zahid Oruc parlamentin iclasında Suriyaya döyüşməyə gedən azəbaycanlıların hüquq müstəvisində məsuliyyətə cəlb edilməsi təklif edib.

“Biz parlament olaraq bununla bağlı qanunvericilikdə dəyişik etməliyik və Baş Prokurorluq da buna əsasən bununla bağlı cinayət işi qaldırılmalıdır. Humanist və dini baxımdan buna yanaşdıqca, qarşısı alınmayacaq”, APA deputat Zahid Orucdan sitat gətirib.

Məlumata görə, cənab Oruc iddia edib ki, Suriyaya gedən azərbaycanlı gənclər döyüşlərə “konkret terror dəstələrinin tərkibinə qatılırlar”.

“Bu gün Suriyaya döyüşə gedənlər sabah Azərbaycan dövlətçiliyi üçün baş bəlasına çevriləcək”, o bildirib.

İnternetdə "təbliğat"

İqtidaryönümlü deputat Fuad Muradov deyib ki, internet saytlarında Suriyaya gedən gənclər təbliğ olunmamalıdır.

“Xarici ölkədə vuruşan gənclərin işini təbliğ etmək olmaz. Sosial şəbəkədə, saytların çoxunda onlardan danışılır ancaq. Bu il başlayandan ermənilərin təxribatı nəticəsində bir neçə zabitimiz həlak olub. Belə gənclərimizlə fəxr edib onları təbliğ etməliyik”, o bildirib.

Millət vəkilinin sözlərinə görə, internetdə Suriyada döyüşməyi təbliğ edildiyi saytlar "terrora çağırış edir və onları bağlamaq lazımdır".

“Beynəlxalq təşkilatların Azərbaycanda internetin məhdudlaşdırılması barədə bəyanatlarından çəkinməyə dəyməz. Bu, artıq terrorçuluğa çağırışdır və bununla bağlı ciddi addımlar atılmalı, cinayət işi açılmalı, həmin saytlar qapadılmalıdır”, cənab Muradov deyib.

Cənab Əsədov deyib ki, parlament internetdə bu “təbliğatın” qarşısının alınması məsələsinə baxacaq.