Misir: etirazçıların gizləndiyi məscid yaxınlığında atəş səsləri

Ramzes meydanı

Cümə günü “Müsəlman qardaşları” aksiyasının dağıdılmasından sonra etirazçıların gizləndiyi Əl-Fəth məscidi yaxınlığında atəş səsləri eşidilir.

Hadisə yerindən çəkilmiş təsvirlərdə məscid minarəsinin atəşə tutulduğunu görmək olar.

Dövlət mediası məscidin içindən atəş açıldığını bildirir.

Daxili işlər naziri devrilmiş prezident Morsinin vəzifəsində bərpa edilməsini israrlayan “Müsəlman qardaşları” təşkilatını buraxmaq təşəbbüsü ilə çıxış edib.

İslamçı təşkilat 1954-cü ildə buraxıldıqdan sonra bu ilin əvvəlində qeyri-hökumət qurumu kimi qeydiyyatdan keçib.

Prezident Morsinin devrilməsinə etiraz edənlər Qahirədəki məscidə avqustun 16-da keçən “Qəzəb marşı” yürüşünün dağıdılmaslından sonra daldalanıblar.

Cümə gün keçən aksiyada onlarla adam həyatını itirib.

Müdaxilə

Şənbə günü məscidə daxil olan təhlükəsizlik qüvvələri ərazini boşaltmaq tələbini irəli sürüblər.

Canlı yayımda məscidin girişində iğtişaş polisinin durduğu nümayiş etdirilib.

Televiziya kadrlarında hadisənin dinc keçdiyini görmək olar.

Şahidlər məsciddə 1000-dək adamın qaldığını bildirir digər mənbələrə əsasən binanı tərk edənlər olub və hazırda içəridə qalanların sayı 100-ə yaxındır.

Cümə günü polisin məscidə zor gücü ilə soxulmaq cəhdi baş tutmaytıb.

Misirin MENA agentliyi təhlükəsizlik qüvvələrinin “atəşlə qarşılandığını” bildirib.

Zorakılıq

“Müsəlman qardaşları” “qanlı toqquşmadan” yayınmaq istədiyini bildirərək zorakılığın kəskinləşməsində qarşı tərəfi ittiham edir.

Məsciddə qalan adamlar "bir sahat ərzində arası kəsilməyən şiddətli atəşə tutulub”, “Müsəlman qardaşları”nın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının bəyanatında deyilir.

Rəsmi rəqəmlərə əsasən cümə günü etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 80 adam öldürülüb.

“Müsəlman qardaşları” tərəfdarlarını prezident Morsinin hakimiyyətdən kənarlaşdırılmasına qarşı hər gün etiraz keçirməyə çağırıb.

Ölkədə fövqəladə vəziyyət elan edən hərbçilər vəziyyətin gərgişləşməsinə yol verməyəcəyini vurğulayırlar.