Margaret Thatcher: baqqal qızının uğur hekayəsi

Margaret Thatcher 20-ci əsrin ən nüfuzlu siyasi fiqurlarından biri idi.

Onun irsi həm Mühafizəkarlar, həm də Leyboristlərdən olan davamçılarının siyasətinə əsaslı təsir etmişdi. Thatcherin radikal və bəzən konfrontasiyalı yanaşması isə onun Baş Nazir ofisində 11 illik siyasi həyatını müəyyənləşdirmişdi.

Onun Baş Nazirlik müddətində minlərlə adi seçici cəmiyyətdə yer qazandı, özlərinə (ucuz) bələdiyyə evləri aldılar və yeni özəlləşdirilmiş British Gas enerji və BT telekommunikasiya şirkətində səhmlərə sahib oldular.

Ancaq konsensus siyasətini qətiyyətlə rədd etməsi onu parçalayıcı fiqura çevirdi və siyasətinə müxalifət və onun hökumət stili öz partiyası daxilində üsyan və küçələrdə iğtişaşlar yaratdı.

Atasının təsiri

Margaret Hilda Thatcher 1925-ci il oktyabrın 13-də Lincolnshire qraflığındakı Grantham şəhərində anadan olmuşdu. Onun atası Alfred Roberts, anası isə Beatrice idi.

Alfred Roberts baqqal, metodist kilsəsində ruhani, həm də yerli bələdiyyə nümayəndəsi idi. Onun qızının həyatına və gələcək siyasətinə təsiri böyük olmuşdu.

"Əlbəttə ki, atama hər şeyimi borcluyam. Həqiqətən də", o sonralar belə demişdi. "O mənə indi inandığım şeylərə inanmağı öyrətdi."

O, Oksforddakı Somerville kollecində təbii elmləri öyrənmişdi və Oxford Universitetinin Mühafizəkarlar assosiasiyasının üçüncü qadın prezidenti olmuşdu.

Təhsil aldıqdan sonra o, Colchesterə köçdü. Orada plastik şirkəti üçün işlədi və yerli Mühafizəkarlar Partiyası təşkilatına cəlb olundu.

O, Kentdə, Dartforddan mühafizəkarların namizədi olmağa çalışsa da, 1950 və 1951-ci illərdə seçkiləri qazana bilmədi.

Margaret Thatcher
Şəklin alt yazısı, Vəkil olmaqdan qabaq xanım Thatcher kimyaçı olub.

Ancaq o, leyboristlər çoxluğu üzərində əhəmiyyətli uğur qazandı və ilk ən gənc mühafizəkar namizədi kimi medianın diqqətinə sahib oldu.

1951-ci ildə o, arvadından boşanmış biznesmen Denis Thatcher ilə evləndi və hüquq imtahanlarına hazırlaşmağa başladı. O, 1953-cü ildə vəkillik ixtisasına yiyələndi. Həmin il onun ekiz uşaqları Mark və Carol dünyaya gəldi.

O, 1955-ci ildə namizəd ola bilmədi, ancaq nəhayət 1959-cu il seçkilərində qalib gələrək parlamentə Mühafizəkarların nümayəndəsi kimi daxil oldu.

İki ilin içərisində o, nazir köməkçisi oldu və 1964-cü ildə Mühafizəkarların məğlubiyyətindən sonra kölgə kabinətinə irəli çəkildi.

Süd oğrusu

Ser Alec Douglas-Home Mühafizəkarlar partiyasının sədri vəzifəsindən istefa verəndə, 1965-ci ilin liderlik seçkilərində xanım Thatcher Ted Heath-a səs vermişdi. O, infrastruktur və torpaq məsələləri üzrə sözçü vəzifəsilə mükafatlandırıldı.

Xanım Thatcher İşçilər partiyasının yüksək vergilər siyasətinin sərt tənqidçisi idi.

1970-ci ildə Ted Heath partiyanın lideri seçiləndə o, təhsil naziri postuna təyin olundu. O, nazirliyin xərclərini azaltmalı idi.

Bu məqsədin nəticələrindən biri olaraq yeddi və 11 yaşlı məktəblilərə verilən pulsuz süd götürüldü.

Leyboristlər partiyası ona qarşı hücuma başladı, mətbuatda isə xanım Thatcherə qarşı "Margaret Thatcher, milk snatcher" (Margaret Thatcher, süd oğrusu) şüarı ilə kampaniya aparılırdı.

Kabinetdə xanım Thatcher özü pulsuz südün yığışdırılmasına qarşı çıxış etmişdi. Daha sonra o yazmışdı: "Mən bundan çox faydalı bir dərs götürdüm. Mən minimum siyasi xeyirə görə maksimum siyasi nifrət qazandım."

Yüksək rütbəli qadınlar siyasətdə çox az sayda olduqlarına görə, qaçılmaz olaraq Margaret Thatcherin baş nazir olması barədə söhbətlər var idi, lakin o, bu ehtimalı rədd etmişdi. Televiziyaya verdiyi müsahibələrindən birində o, həyatında qadın baş nazir görməyəcəyinə inandığını demişdi.

Elə ilk səsvermədə Heath ona məğlub oldu və istefa verdi. Bu, hamı üçün sürpriz oldu.

Margaret Thatcher
Şəklin alt yazısı, 1979-ci ildə Downing Street-ə daxil olanda onun məqsədi - dövləti kiçilmək və ölkənin maliyyəsini bərpa etmək idi.

İkinci səsvermədə Willie Whitelaw ona məğlub oldu. Nəticədə o, Britaniyanın aparıcı partiyasına rəhbərlik edən ilk qadın oldu.

Evdar qadın - siyasətçi

O, sürətlə karyerasını qurmağa başladı. 1976 ildə Sovet İttifaqının repressiv siyasətini tənqid edəndən sonra Sovet mətbuatında onu “Dəmir Ledi” adlandırmağa başladılar. Bu addan o, həzz alırdı.

Evdar qadın-siyasətçi personasını qəbul etmiş bir şəxs kimi, inflyasiyanın sıravi ailələr üçün nə demək olduğunu bildiyi halda, o, həmkarlar ittifaqlarını sıxışdırmağa başladı. Həmkarlar ittifaqlarının təşkil etdiyi etiraz tətilləri 1979-cu ilin qışında pik səviyyəsinə çatdı və həmin il "narazılıq qışı" adlandırıldı.

Callaghan hökuməti laxlamağa başlayanda Mühafizəkarlar işsizlərin uzun növbəsi təsvir edilmiş plakat kampaniyasına başladılar.

1979 il martın 28-də Jim Callaghan parlamentdə etimad səsverməsini uduzdu. Xanım Thatcherin baxışları seçicilərin əksəriyyətinin ürəyindən oldu və Mühafizəkarlar partiyası parlament seçkilərində qələbəni təmin etmiş oldu.

Pul siyasəti

Baş nazir kimi, o, dövlətin rolunun azaldılması və sərbəst bazara dəstək verməklə ölkənin maliyyəsini sağlamlaşdırmaq əzmində idi.

İnflyasiyanın azaldılması hökumətin başlıca məqsədi idi və tezliklə radikal bir vergi və xərclərin ixtisarı büdcəsi tətbiq olundu.

Həmkarlar ittifaqının gücünün zəiflədilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi və hökümətin balansında olan evlərin sakinlərə satılmasına icazə verən qanunlar qəbul olundu.

Milyonlarla insan ev sahibi oldu, yaxud keçmiş dövlət müəssisələrin səhmdarlarına çevrildi.

Yeni pul siyasəti London City-ni dünyanın əsas maliyyə mərkəzlərindən birinə çevridi.

Köhnə qayda ilə işləyən vaxtı ötmüş müəssisələr bağlanmağa başladı. İşsizlərin sayı 3 milyonu aşdı.

Mühafizəkarlar partiyasının daxilində Margaret Thatcherə qarşı narazılıq artdı, siyasətini dəyişmək məqsədilə ona təzyiqlər edildi.

Lakin Baş nazir geri çəkilmədi. 1980 ildə keçirilmiş partiya konfransında o dedi: “Məndən geriyə dönəcəyimi gözləyənlərə yalnız bunu deyə bilərəm – özünüz dönün, istəyirsinizsə… Ledi geri dönmür.”

Folkland müharibəsi

1981-ci ilin sonunda onu bəyənənlərin sayı 25%-dək düşmüşdü, amma 1982-ci ildə iqtisadiyyat və onunla birlikdə baş naziri bəyənənlərin sayı bərpa olunmağa başlamışdı.

1982-ci ilin aprel ayında, Argentina Folklend adalarını işğal edəndə onun həlledici cavabı xanım Thatcherin populyarlığını zirvəyə çatdırdı.

Baş nazir dərhal hadisə yerinə donanma işçilərini göndərdi və adalar iyunun 14-də, Argentina qoşunları təslim olanda geri qaytarıldı. Beləliklə Mühafizəkarlar partiyası 1983-cü ildə də böyük fərqlə seçkilərdə qalib gəldi.

Növbəti yazda şaxtaçılar ümumxalq tətili elan etdilər, lakin keçmiş baş nazir Heath-dən fərqli olaraq Thatcherin höküməti kömür ehtiyatlarını əvvəlcədən artırmışdı.

Üçüncü müddət

Polislərlə etirazçılar arasında gərgin toqquşmalar baş verirdi, amma mart ayında tətil zəiflədi. Mübahisələrdən zəifləmiş sənayenin özü kimi şaxtaçı icmaları da özünə gələ bilmədi.

Thatcherin xarici siyasətinin məqsədi isə Böyük Britaniyanın xaircdəki imicini ucaltmaq idi. O, iqtisadi siyasəti xanım Thatcherinkinə oxşar olan ABŞ prezidenti Ronald Reagana çox yaxın idi. Eyni zamanda Thatcherlə islahatçı Sover prezidenti Mixail Qorbaçov arasında gözlənilməz alyans quruldu.

Margaret Thatcher və Ronald Reagan
Şəklin alt yazısı, Margaret Thatcher və Ronald Reagan

Leyboristlər patiyasında daxili çəkişmələr davam edirdi və 1987-ci ilin ümumi seçkilərində xanım Thatcher üçüncü müddəti qazandı. Bu, görünməmiş bir hadisə idi.

Onun ilk qərarlarından biri səsvermə vergisinin tətbiqi idi. Bu, bələdiyyə xidmətləri müqabilində daşınmaz əmlakın qiyməti əvəzinə onun içərisində yaşayan adamların sayına əsasən hesablanan vergi idi.

Bu qərar tarixdə ən pis küçə zorakılığı ilə nəticələndi.

Mühafizəkar deputatlar həyəcanlı idi: bu vergilər onlara mandatalrını itirmək bahasına başa gələ bilərdi. Ancaq onlar başa düşürdülər: nə qədər ki, kabinetə Margaret Thatcher rəhbərlik edir, heç nə etmək mümkün deyil.

1989-cu ildə o, partiyada liderliyi saxlaya bildi. Amma rəhbərliyə rəqibinin olması Mühafizəkar millət vəkilləri arasında onun siyasətinə qarşı narazılığın artmasından xəbər verirdi.

Onun davamçısı John Major oldu və 1992-ci ildə Mühafizəkarlar yenidən hakimiyyətə gələndə Margaret Thatcher deputat səlahiyyətlərini təhvil verdi.

Sonrakı illər

1995-ci ildə o, Lincolnshire qraflığından Baroness tituluna layiq görüldü.

O, siyasətdə fəal ikən iki cildlik xatirələrini yazdı. Maastricht Müqaviləsinin əleyhinə kampaniya apardı və Serbiyanın Bosniyada etnik təmizləmə siyasətini tənqid etdi.

O, 1997-ci ildə (hazırkı xarici işlər naziri) William Hague-i Mühafizəkarlar Partiyasının rəhbərliyinə layiq gördüyünü ictimayiyyətə açıqladı.

2001-ci ildə səhhətində problemlər ortaya çıxandan sonra fəaliyyətini məhdudlaşdırmalı oldu. Bir neçə kiçik ürək iflicindən sonra həkimlər ona ictimaiyyət qarşısına çox çıxmamağı məsləhət gördülər və o, getdikcə daha çox nasaz görünməyə başladı.

O, həmçinin yaddaş çatışmazlığından əziyyət çəkirdi. Qızı Carol 2008-ci ildə aşkar etmişdi ki, onun qısamüddətli yaddaşı pisləşib.

Həyat yoldaşı Denis 2003-cü ildə 88 yaşında vəfat edəndə Margaret Thatcher çox emosinal danışmışdı: "...Nə gözəl kişi idi. Nə gözəl ər idi. Nə gözəl dost idi".

Bir il sonra o, ABŞ-a, siyasi partnyoru Ronald Reaganla vidalaşmağa getdi. Onun dəfni 2004-cü ilin iyununda Vaşinqtonda keçirildi.

O, ictimaiyyət qarşısına çıxmaqda davam etdi və hətta parlamentdə öz bürünc heykəlini özü açdı. İlk dəfə idi ki, bir baş nazir həyatda ikən ona belə xatirə abidəsi qoyulurdu.

Və o, Downing Street-ə, Baş Nazirin ofisinə qayıtdı. Gordon Brown Baş Nazir seçiləndən sonra onu çaya dəvət etdi. 2010-cu ildə o, burada həmçinin yeni koalisiya hökuməti rəhbəri David Cameronun qonağı oldu.

İrs

Çox az siyasətçi vəzifədə olarkən bu qədər hökmranlıq tətbiq edib və çox az siyasətçi bu qədər güclü hisslər cəlb edib – olsun lehinə, olsun əleyhinə.

Onu pisləyənlər deyirlər ki, o, sərbəst bazarı hər şeydən üstün tutub və onun siyasətinin qurbanları olanlar artan işsizlikdən və ictimai iğtişaşdan əziyyət çəkiblər.

Dəstəkçiləri isə güclü həmkarlar ittifaqı liderlərinin nüfuzunu azaltdığına görə, Britaniyanın dünyadakı şöhrətini bərpa etdiyinə görə onu alqışlayırlar.

Xanım Thatcher çox nadir bir siyasətçi – pis-yaxşısına baxmayaraq əqidələrinə sadiq olan əzmli siyasətçi idi.