İki addım irəli, bir addım geri. Putin qlobal istiləşmə ilə mübarizəyə necə mane olur?

Şəklin mənbəyi, Getty Images
Son yeddi ildə dünya işıqlı gələcəyə doğru iki nəhəng addım atdı: qlobal istiləşməyə insan fəaliyyətinin səbəb olduğunu qəbul etdi və fəlakətdən qaçmaq üçün emissiyaları məhdudlaşdırmaq qərarına gəldi. Hava temperaturunun müşahidə edildiyi bütün müddət ərzində son yeddi il ən isti dövr oldu, hazırkı səkkizinci ildə də bu tendensiya davam edə bilər.
Dünyanın, demək olar ki, bütün ölkələri aralıq nəticələri təhlil etmək və sözügedən istiqamətdə fəaliyyətlərini sürətləndirib-sürətləndirməməklə bağlı qərar vermək üçün BMT-nin bu dəfə Misirdə keçirilən illik iqlim sammitinə məhz bu fonda torplaşdılar. İqlim Dəyişikliyi Konfransı (COP 27) hələ tam start götürməmiş məlum oldu ki, nəticələr məyusedicidir, ötüb keçməkdə olan ildə bəşəriyyət planetimizi yaşayış üçün yararlı vəziyyətdə saxlamaq məqsədinə nəinki yaxınlaşıb, əksinə, ondan uzaqlaşıb.
Bunun birinci günahkarı dünyadakı postkovid iqtisadi böhranıdırsa, ikinci günahkarı Avropaya qarşı enerji müharibəsi, Ukraynaya qarşı isə ərazilərin işğalı və on minlərlə insanın ölümü ilə nəticələnən real müharibə başlatmış Rusiya Prezidenti Vladimir Putindir.
Konfransın təşkilatçıları etiraf ediblər ki, bu il baş vermiş "dəhşətli daşqınlar, görünməmiş istilər, bərk quraqlıq və güclü qasırğalar iqlimdəki fövqəladə vəziyyətin birmənalı sübutlarıdır; bütün dünyada milyonlarla insan enerji, ərzaq və su qıtlığından, real gəlirlərin azalmasından əziyyət çəkir".
"Böyük geosiyasi münaqişələr bu problemləri daha da dərinləşdirir. Bu heç də sadə olmayan situasiyada bəzi ölkələr yeraltı yanacaq növlərinin istehlakını ikiqat artıraraq, iqlim dəyikliyi ilə mübarizəni arxa plana keçiriblər və ya tamamilə dayandırıblar" - COP 27 sammitindən əvvəl yayılmış müaraciətdə belə deyilir.
"Faciəli sürətlə" artan istiləşmə
BMT-nin indiyədək olan 26 iqlim konfransından hələ ki yalnız biri - 2015-ci ildə keçirilmiş Paris sammiti tarixə düşüb. Onda dünya ölkələri razılığa gəlmişdilər ki, planetin istiləşməsini sənayeləşmədən əvvəlki temperaturdan sadəcə 1,5 ° C yüksəkdə saxlamağa çalışsınlar, daha güclü təbii fəlakətlərə, kütləvi miqrasiyaya və yoxsulluğa gətirib çıxaracaq 2 °C-lik artıma heç bir halda imkan verməsinlər.
Paris razılaşmasında 2050-ci ilə qədər tullantıların sıfırlanması nəzərdə tutulmuşdu, amma heç kim bununla bağlı konkret məqsəd və vəzifələrə məsul edilməmişdi - bu, könüllü iş sayılırdı. İndiki templərlə hədəfə çatmağın mümkünsüzlüyü barədə alimlər hələ ötən ildən xəbərdarlıq etsələr də, hələlik heç nə dəyişməyib.
Paris razılaşmasını imzalayan 194 ölkədən yalnız 24-ü keçən il yenilənmiş planlarını təqdim ediblər. Onların arasında nə dünyanın birinci və ikinci iqtisadiyyatları olan ABŞ və Çin var, nə də digər sənaye dövlətləri.

Şəklin mənbəyi, Getty Images
Bundan başqa, enerji böhranı "yaşıl" inqilabı da təxirə salıb. Kreml Avropa İttifaqına "təmiz" qaz ixracını müxtəlif bəhanələrlə azaldıb və bu, avropalıları kömürlə işləyən "kirli" elektrik stansiyalarını yenidən aktivləşdirməyə məcbur edib.
BMT son proqnozunda qeyd edir ki, bütün ölkələr tullantıları azaltmaqla bağlı öhdəliklərinə əməl etsələr belə, digər vədlərini yerinə yetirməsələr və özləri üçün yüksək normativlər müəyyənləşdirməsələr, əsrin sonunda planetdə havanın temperaturu 2,5-2,9°С artacaq.
2022-ci ili apokalipsisin növbəti xronikası hesab etmək olar: isti, quraqlıq, qasırğa, yanğın və daşqınlar çoxasylı ölümlərə, dağıntılara, itkilərə və Çindən tutmuş Avropaya və Amerikaya qədər bütün dünyada milyonlarla insanın əzab çəkməsinə səbəb olub.
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) "Planetin vəziyyəti" haqqında bu yaxınlarda açıqladığı hesabatında qeyd edib ki, "Qlobal istiləşmə davam edir. Bütün müşahidələr tarixində 2022-ci il yalnız üçqat La-Ninye sayəsində (Sakit okeanda temperaturun azalması fenomeni) "sadəcə" beşinci və ya altıncı ən isti il ola bilər. Bununla belə, uzunmüddətli tendensiya dəyişmir və yeni rekord göstərici zaman məsələsidir".
"Vəziyyət faciəli sürətlə dəyişir. Hər yeni dalğada istiləşmə daha intensiv və daha öldürücü olur. 1990-cı illərlə müqayisədə okean səviyyəsinin qalxma sürəti iki dəfə artaraq adalarda və sahil kənarlarında yaşayan milyonlarla insanın həyatına təhlükə yaradıb. Buzluqlar rekord sürətlə əriyir və bu, bütöv kontinentlərin su ilə təminatını təhdid edir" - BMT-nin Baş katibi Antonio Guterres ÜMT-nin hesabatını şərh edərkən belə deyib.
Nəsə etmək lazım gəldiyini hamı başa düşür. Amma Joe Biden, Emmanuel Macron, Rishi Sunak və digərləri yeni formalı köhnə vədlərindən başqa nə təqdim edə bilərlər?
Putin kartları qarışdırıb
Ötən il Qlazqoda keçirilmiş COP 26 sammitində məlum olmuşdu ki, qlobal istiləşmə ilə mübarizənin iki problemi var: yaşıl enerjiyə keçidi gecikdirən enerji böhranı və yeraltı enerji mənbələrindən imtinaya görə varlı ölkələrin kasıb ölkələrə təzminat ödəmək istəməməsi.
Bu problemlər nəinki aradan qalxmayıb, əksinə, Putinin Ukraynanı işğal etmək üçün ora qoşun göndərmək qərarından sonra daha da kəskinləşib.

Şəklin mənbəyi, AFP
Birincisi, həm Avropada İkinci Dünya Müharibəsindən sonra baş verən ilk aqressiyaya görə tətbiq edilən sanksiyalar, həm də Kremlin Aİ ilə daha əvvəl başlatdığı qaz müharibəsi bu yanacaq növünün dəfələrlə bahalaşmasına, kömürdən istifadənin bərpasına və əhalinin narazılığına səbəb olub. Hərçənd böhrandan əvvəl də insanlar planeti xilas etmək üçün həyat tərzlərini dəyişməyə hazır deyildilər.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının bu yay Zəngin Ölkələr Klubunun sifarişi ilə həyata keçirdiyi sorğunun nəticələrinə görə, inkişaf etmiş ölkələrin bir çoxunda əhalinin 90 faizə yaxını qlobal istiləşməni inkar etmir, bunun insanlar tərəfindən törədildiyinə dair alimlərin qənaətlərinə inanır və başa düşür ki, istiləşmə Yerdəki həyatı təhdid edir.
Amma həyat keyfiyyətinə xələl gətirmədən əsrin sonuna qədər tullantıların təsirini neytrallaşdırmağın mümkünlüyünə 40 faizdən də az adam inanır; üstəlik, ümumi mənafe naminə daha az maşın sürməyə, istiliyin və kondisionerin dərəcəsini azaltmağa onların yalnız 34-37 faizi hazırdır.
İkinci problem varlı və kasıb ölkələr arasındakı inamsızlıqdır. Bu problem iqlim dəyişikliyil iə bağlı narahatlıq yaranandan bəri mövcuddur.
İlkin müzakirələrdə sənayeləşmiş ölkələr tullantıları azaltmağı təklif etdilər, yenicə varlanmağa başlayan ölkələr isə bunun ədalətli olmadığını - istixana qazlarının atmosferə Qərbdəki sənaye inqilabına görə yığıldığını və Qərbin bunun sayəsində varlandığını bildirdilər. Buna görə də onlara şans vermək lazımdır ki, yeraltı sərvətlərdən istifadə etməklə öz sənayelərini qurub Qərbə çatsınlar, ya da Qərbi məcbur etmək lazımdlr ki, yeni "yaşıl" texnologiyalar üçün həmin ölkələrə pul ödəsinlər.
Problemi həll etmək üçün varlı ölkələr öhdəlik götürdülər ki, tullantıların azaldılmasından yaranan itkiləri kompensasiya etmək üçün inkişaf etməkdə olan iqtisadiyyatlara ildə 100 milyard dollar vəsait ayıracaqlar.

Şəklin mənbəyi, AFP
Amma onlar vədlərinə əməl etmədilər. Nəticədə ötən il Qlazqoda Hindistan inkişaf etməkdə olan ölkələr adından tələb etdi ki, ödənişlər ildə 1 trilyona qədər artırılsın. Müzakirələr dalana dirəndi və son ana qədər belə görünürdü ki, proses COP 27-də də ölü nöqtədən tərpənməyəcək.
Sammitin rəsmi açılışından əvvəlki gecə ümidin ölməsinə imkan vermədilər: təzminat məsələsi belə görüşlərin tarixində ilk dəfə gündəliyə əlavə edildi.
Hərçənd indiki nəsli mövcud narahatlıqlardan yayınaraq gələcək nəsillərin problemləri ilə ciddi şəkildə məşğul olmağa qoymayan dərin böhranları və fikir ayrılıqlarını belə müzakirələrlə aradan qaldırmaq çətin mümkün olsun.
Rusiyanın Ukraynaya qarşı müharibəsi tullantıların əsas mənbəyi olan iki ölkənin - ABŞ-la Çinin münasibətlərini daha da gərginləşdirərək, varlı və kasıb ölkələr arasındakı inamı sarsıtdı. Bu müharibə inkişaf etməkdə olan ölkələri ərzaq və enerji böhranları ilə də üz-üzə qoydu; üstəlik, ikincisi hətta Avropaya da təsir etdi.
Bununla belə, COP 27-nin hələ də dünyaya xatırlatmaq şansı var ki, Putinin səsləndirdiyi nüvə apokalipsisi təhlükəsi çətin və maliyyətli iqlim apokalipsisini xatırlamaq məcburiyyətini aradan qaldırmır, çünki qlobal istiləşmə təhlükəsi bir avtokratın döyüşkən ritorikası deyil; Rusiya da daxil olmaqla, 195 ölkənin imzaladığı, on illər boyu davam etmiş 14.000 elmi iş nəticəsində ortaya çıxmış qənaətdir.








