COP26 sammitində İqlim paktı qəbul edilib. Ekspertlər onu səthi və kəsərsiz adlandırır

Glasgow - COP26 sammiti

Şəklin mənbəyi, Getty Images

Glasgow-da COP26 Beynəlxalq İqlim sammitinin iştirakçıları yekun sənədi imzalayıblar.

Sazişin məqsədi 2030-cu ilə qədər atmosferə istixana qazı tullantılarını maksimal dərəcədə azaltmaqdır.

Lakin bir çox ekspertlərin fikrincə, bunun üçün təklif olunan tədbirlər kifayət qədər kəsərli deyil.

Qəbul olunmuş yekun sənəd tarixdə Glasgow İqlim paktı kimi qalacaq.

Yekun sənədin əsas maddələri aşağıdakılardır:

  • İstifadə olunan kömürün həcminin tədricən azalması Ekologiya üçün ən dağıdıcı olan fosil yanacağı kimi
  • Görülən işlərin daha müntəzəm olaraq təhlili
  • İqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün yoxsul və inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının artırılması

Yekun sənəd 200-ə yaxın ölkənin nümayəndə heyəti tərəfindən imzalansa da, demək olar ki, onun hər bir bəndi tərəflərin fikir ayrılığına səbəb olur.

Məsələn, sənədin ilkin variantında söhbət kömürdən istifadənin dayandırılmasından gedirdi, lakin Hindistan bu yanacaq növündən "mərhələli imtina" ifadəsinin sənədə salınmasına nail olub.

Bu düzəliş bir çox Qərb ölkələrini qane etmir, lakin dünyada ətraf mühitin çirklənməsi miqyasına görə üçüncü ölkə olan Hindistanın yekun sənədi imzalanması olduqca vacib olub.

Ekspertlər qeyd edirlər ki, sammit iştirakçıları tərəfindən ümumilikdə götürülən öhdəliklər qlobal istiləşmənin 1,5 C çərçivəsində saxlanması üçün kifayət deyil. Altı il əvvəl qəbul olunmuş Paris sazişində dünya ölkələri qarşısında məhz bu hədəfə nail olmaq əsas vəzifə kimi qeyd olunmuşdu.

Hələ sammit başlanmazdan əvvəl əksər ekspertlər ondan heç bir irəliləyiş gözləmədiklərini bildirmişdilər.

Glasgow sammitinə iqlim proseslərinin ən iri iştitrakçıları olan Rusiya və Çinin nümayəndə heyətləri qatılmamışdı.

ABŞ da sammitdə iqlim məsələləri üzrə aydın fəaliyyət proqramı təqdim etməyib.

Sammitin prezidenti Alok Sharma yekun nitqində görüşün nəticələrinin hamını qane etməməsindən təəssüfləndiyini bildirib.

İsveçrənin ətraf mühit naziri Simonetta Sommaruga isə deyib ki, "1,5C hədəfi " ifadəsinin təkrar-təkrar hallandırılmasının heç bir mənası yoxdur, çünki bu hədəfə necə nail olmağın yolu izah olunmayıb.