Ermənistan 6 hərbçisinin həlak olduğunu deyib, Türkiyə lirəsi dollara qarşı yenidən ucuzlaşıb

Şəklin mənbəyi, ARIS MESSINIS/GETTY IMAGES
Ermənistan noyabrın 16-dakı döyüşlərdə itirdiyi 6 hərbçisindən birinin kimliyini araşdırır, Türkiyə lirəsi bu il ərzində ABŞ dollarına qarşı rekord həddə ucuzlaşıb - ətraflı BBC News Azərbaycancanın icmalında.
Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində 16 noyabr döyüşləri zamanı 6 hərbçisinin həlak olduğunu açıqlayıb.
Bu döyüşlər zamanı Azərbaycan 7 hərbçisini itirib. Hər iki tərəfdən yaralılar var.
Bölgədə vəziyyətin gərginləşməsində Azərbaycan və Ermənistan bir-birini ittiham edir.
Ermənistan Müdafiə Nazirliyi həlak olan 5 hərbçisinin adını açıqlayıb, digərinin kimliyinin araşdırılıdığını deyib.
Nazirlik bildirib ki, Rusiya tərəfinin vasitəçiliyi ilə itkin düşənlərin axtarışı və əsir düşənlərin qaytarılması işləri davam etdirilir.
Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, erməni tərəfindən döyüşlər nəticəsində 13 hərbçi əsir, 24 nəfər itkin düşüb.
Azərbaycan Ermənistanın 13 nəfər hərbçisinin əsir düşdüyü xəbərini indiyə kimi nə təsdiq, nə təkzib edib.

Şəklin mənbəyi, Getty Images
Türkiyə lirəsi ABŞ dollarına qarşı yenə ucuzlaşıb: 1 dollar 11 lirə olub
Türkiyədə lirə ilə ABŞ dolları arasındakı məzənnə dəyişib, lirə dollara qarşı ucuzlaşaraq 1 dollar 11 lirə olub. Türkiyənin Mərkəzi Bankının uçot faizini 16-dan 15-ə endirməsindən sonra lirənin ucuzlaşması sürətlənib. Türkiyə lirəsi bu il ABŞ dolları qarşısında 30 faiz dəyər itirib.
Gün ərzində Dollar/TL məzənnəsi 11,29, Avro/TL məzənnəsi 12,79, Sterling/TL məzənnəsi isə 15,20-yə qədər yüksəlib.
Türkiyə Mərkəzi Bankının sentyabr, oktyabr, noyabr aylarında bazarda gözlənilənin əksinə faiz dərəcələrini endirməsi lirənin ucuzlaşmasını sürətləndirib.
Türkiyədə iqtisadçılar hesab edirlər ki, ölkədə inflyasiyanın 20 faizə yaxın olmasına baxmayaraq, Mərkəzi Bankın faiz dərəcəsini 15-ə endirməsi lirəyə təzyiqləri artırıb.
Dollar/TL məzənnəsi ilk dəfə oktyabrın 12-də psixoloji hədd olan 1 dollar-10 lirə səviyyəsini keçib.
Ötən ay türk lirəsi dollara qarşı 11 faiz ucuzlaşıb və Bloomberg-in hesablamalarına görə, inkişaf etməkdə olan ölkələr arasında ən pis nəticə göstərən pul vahidi olub.
İqtisadçılar hesab edirlər ki, lirənin son altı həftədə ardıcıl dəyər itirməsi Türkiyədə məzənnə böhranı yaradıb, amma bəzi mütəxəssislərin fikrincə, lirənin dəyərsizləşməsi sürəti 2018-ci illə müqayisədə daha aşağıdır.








