Ermənistanın keçmiş müdafiə naziri ittihamları qəbul etmir

Şəklin mənbəyi, mod.am
Bu günün xəbərləri: Ermənistanın keçmiş müdafiə naziri ittihamları qəbul etmir. İlham Əliyev Qoşulmama Hərəkatının toplantısında çıxış edib. Azərbaycanda Səhiyyə Nazirliyi bir qrup vətəndaşları Covid-19-a qarşı vaksinin üçüncü dozası ilə peyvəndlənməyə çağırıb. Pakistanın atom bombasının atası Abdul Kadir Xan ölüb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Ermənistanın keçmiş müdafiə naziri ittihamları qəbul etmir
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan ona qarşı irəli sürülən ittihamı qəbul etmir və heç bir şəraitdə qəbul etməyəcək, çünki onu törətmədiyi bir işdə ittiham edirlər, Tonoyanın vəkillər qrupunun bəyanatında qeyd olunur.
"Ermənistan müdafiə naziri vəzifəsini tərk etdikdən sonra Tonoyan, dövlət sirri, Ermənistan Respublikasının və dövlətlərarası münasibətlərin təhlükəsizlik maraqlarını nəzərə alaraq, şərh verməkdən imtina edib. Cənab Tonoyan bu gün də bu maraqları öz şəxsi maraqlarından üstün bilir və, böyük həcmdə məlumata malik olaraq, onu öz müdafiəsi üçün ictimailəşdirmək niyyətində deyil", - bəyanatda deyilir.
Keçmiş müdafiə nazirin vəkilləri qeyd edirlər ki, Tonoyan əmindir ki, xüsusi peşəkar biliklərə malik mütəxəssislər tərəfindən keçirilən ekspertizanın nəticələri Ermənistan Silahlı Qüvvələrinin "keyfiyyətsiz" və "texniki normalara uyğun olmayan" təchiz olunması haqqında iddialara cavab verər.
"Tonoyan ədalət, öz günahsızlığı və xoş adının bərpa olunması üçün mübarizə edəcək", - bəyanatda deyilir.
2018-2020-ci illərdə Ermənistanın müdafiə naziri olan David Tonoyan sentyabrın 30-da saxlanılıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin vəsatəti ilə məhkəmə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Eyni cinayət işi üzrə həmin gün Ermənistan Silahlı Qüvvələri üçün silah və sursat təchizatı ilə məşğul olan şirkətin rəhbəri David Qalstyan da saxlanıb. Hər ikisi də, ilkin istintaqa görə, xüsusilə iri məbləğdə (təxminən 4,7 milyon dollar) pul mənimsəməkdə ittiham olunur.
Tonoyanla Qalstyan vəzifədən sui-istifadə etmək və fırıldaqçılıq haqqında cinayət işi üzrə istintaq çərçivəsində həbs olunub.
Oktyabrın 2-də isə Ermənistan SQ baş qərargah rəisinin müavini Stepan Qalstyan həbs olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdi

Şəklin mənbəyi, mincom.gov.az
Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adını dəyişdirərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırıb.
Prezident fərmanında nazirliyin tabeliyində iki publik hüquqi şəxs yaradıldığı qeyd olunub: İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti, İnnovasiyalar Agentliyi və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə formalaşdırılıb.
Fərmanda deyilib ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi "informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir."
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi isə "rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edən, yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirən, fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onlara maliyyə dəstəyi verən və innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir."
Bakı yeni qətnamə layihəsi üçün Qoşulmama Hərəkatının "dəstəyinə arxalanır"

Şəklin mənbəyi, Azertag
Qoşulmama Hərəkatında Azərbaycanın sədrlik müddəti üzv olan dövlətlər tərəfindən yekdilliklə 2023-cü ilin sonunadək uzadılıb.
Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının bu gün keçirilən Yüksək Səviyyəli Toplantısında videoformatda etdiyi çıxışında qeyd edib.
İlham Əliyev BMT və Qoşulmama Hərəkatı çərçivəsində COVİD-19 pandemiyasına qarşı mübarizəyə Azərbaycanın verdiyi töhfəni qeyd edib.
"Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik, - Əliyev deyib. - BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı."
Əliyev xatırladıb ki, 2020-ci ildə Azərbaycanın təşəbbüsü ilə keçirilmiş Qoşulmama Hərəkatının onlayn Zirvə Toplantısının praktiki nəticəsi olaraq hərəkata üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb.
"Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir", - Əliyev qeyd edib.
Bakının təklifinə əsasən, 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunub.
"Yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım" olaraq Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib.
Koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün bakı Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib.
"Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır", - İlham Əliyev çıxışında qeyd edib.
Bu ilin martında "Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib".
Prezident Əliyev qeyd edib ki, "BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır" və bu işdə Qoşulmama Hərəkatının "dəstəyinə arxalanır".
Əliyev bildirib ki, ötən həftə Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirib.
"Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir."
Əliyevin sözlərinə görə, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində "Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir."
"Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər", - Əliyev qeyd edib.
Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən "Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini" Bakı tərəfindən yüksək qiymətləndirdildiyini vurğulayıb.
Səhiyyə Nazirliyi üçüncü doza vaksinlə bağlı əhaliyə müraciət edib

Şəklin mənbəyi, Roberto Silvino/NurPhoto/Getty Images
Səhiyyə Nazirliyi tam doza vaksinlənmiş risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza ("buster" doza) ilə peyvəndlənməyə çağırıb.
- Türkmənistan: koronavirusun "rəsmən olmadığı" ölkədə COVİD-19-a yoluxmaq
- "Təcili yardım çağırıram, gəlmir", "Testin cavabını 5 gün sonra verirlər" - Azərbaycanda koronavirusun idarə edilməsindən şikayətlər
- AstraZeneca, Pfizer, Sputnik V yoxsa Sinovac - hansı vaksin daha yaxşıdır?
- Koronavirus vaksini vurdurmasam nə olar?
Qurum bildirib ki, mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır, koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması isə virusla "daha ciddi mübarizə aparılmasını" zəruri edir.
Məlumatda deyilir ki, nazirlik koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığını, son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq əhalinin sözügedən qrupunu 3-cü doza ilə vaksinlənməyə çağırıb.
Azərbaycanda üçüncü doza vaksin üçün ölkədə təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.

Şəklin mənbəyi, Reuters
Pakistanın atom bombasının atası və "dünyanın ən təhlükəli adamı" Abdul Kadir Xan ölüb
Pakistanın nüvə proqramının "atası", nüvə fizikası sahəsində dünyada tanınmış alim Abdul Kadir Xan 86 yaşında koronavirusdan vəfat edib.
Qərb xüsusi xidmət orqanlarının nümayəndələri onu dünyanın ən təhlükəli adamlarından biri adlandırıblar. Onun atom bombasının yaradılması texnologiyasını qanunsuz olaraq Şimali Koreyaya, İrana və Liviyaya verdiyi iddia olunur.
Alim buna görə 2004-cü ildə həbs edilib. Pakistanın o zamankı Prezidenti Pərviz Müşərrəf onu əfv edib. Bununla belə Abdul Kadır Xan 2009-cu ilə qədər ev dustaqlığında olub.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru George Tenet Abdul Kadir Xanı Əl-Qaidə terror təşkilatının lideri Usama Ben Laden qədər təhlükəli adam hesab edib.
Pakistanın Baş naziri İmran Xan öz Twitter səhifəsində yazıb: "Ölkə öz milli qəhrəmanını itirib. Xalqımız onu sevib, belə ki, Pakistan nüvə silahını yaratdığı üçün ona minnətdardır".
Pakistan Prezidenti Arif Alvi olun ölümü haqqında deyib ki, "Nüvə silahını yaratmaqla Abdul Kadir Xan ölkəmizi xilas edib. Pakistan xalqı onun xidmətlərini heç zaman unutmayacaq".
Qərbdə bir çoxları Xana qarşı həddindən artıq yumşaq rəftardan narazı olublar, amma o, vətənində milli qürur simvolu olaraq qalıb.









