Xocavənddə iki yeni hərbi hissə açılıb, Ermənistan müdafiə nazirinin müavini işdən çıxarılıb

Şəklin mənbəyi, MOD.GOV.AZ
Xocavənddə iki yeni hərbi hissə açılıb,Nikol Paşinyan Ermənistan müdafiə nazirinin müavini Suren Saakyanı vəzifəsindən azad edib. Azərbaycandan olan şəxslərin də izlənildiyi deyilən proqramın sızdırılan siyahısında bir sıra ölkələrin rəhbərlərinin adı var - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Azərbaycan Ordusu Xocavənd rayonu ərazisində iki yeni hərbi hissə qurub, Müdafiə Nazirliyi bildirib.
Bu hərbi hissələrin Prezident İlham Əliyevin göstərişinə əsasən, "azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması çərçivəsində" yaradıldığı məlumatda qeyd olunub.
Hərbi hissələrdəki "xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub."

Şəklin mənbəyi, MOD.GOV.AZ
"Hərbi birlik komandiri general-mayor Mais Bərxudarov yeni hərbi hissələrin açılışı və Qurban bayramı münasibətilə Ali Baş Komandanın və Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb", - MN məlumatında deyilib.
Azad olunmuş digər ərazilərdə də "yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir", - MN qeyd edib.
Ermənistan müdafiə nazirinin müavini işdən çıxarılıb

Şəklin mənbəyi, Ermənistan Müdafiə Nazirliyi
Nikol Paşinyan Ermənistan müdafiə nazirinin müavini Suren Saakyanı vəzifəsindən azad edib. Azərbaycandan olan şəxslərin də izlənildiyi deyilən proqramın sızdırılan siyahısında bir sıra ölkələrin rəhbərlərinin adı var - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Ermənistan müdafiə nazirinin müavini Suren Saakyan vəzifəsindən azad edilib.
Bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərəncam imzalayıb, Sputnik Armenia yazır.
Paşinyan bu qərarından əvvəl Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyanı müdafiə nazirinin birinci müavini təyin etmişdi.
Bundan əvvəl Prezidentin fərmanı ilə Arşak Karapetyan Baş Qərargah rəhbərinin müavini vəzifəsindən çıxarılıb. Əslində, o, Ermənistan müdafiə nazirinin vəzifələrini icra edən və 20 iyulda vəzifəsindən istefa vermiş Vaqarşak Arutyunyanın əvəzinə Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edəcək.

Şəklin mənbəyi, EPA
Fransa Prezidenti də Pegasus casus proqramı ilə "hədəflənib"
Fransa Prezidenti Emmanuel Macronun Pegasus izləmə proqramı vasitəsilə telefonu izlənilən dünya liderləri arasında olduğuna inanılır, mətbuat yazır.
Pegasus adlı proqram telefonlara yüklənir və operatorlara "hədəfləri" izləməyə imkan verir.
Dünya liderləri İsrail mərkəzli NSO Group şirkətinin müştərilərinin marağına səbəb olduğu düşünülən təxminən 50.000 telefon nömrəsinin siyahısında yer alır. Siyahı iri media qurumlarına sızdırılıb.
NSO Group ittihamları qəbul etməyib.
Şirkət proqramın cinayətkar və terrorçulara qarşı istifadə üçün nəzərdə tutulduğunu bildirib.
Təşkilat Parisdə mərkəzləşən "Forbidden Stories" qeyri-hökumət təşkilatı və Amnesty İnternational insan haqları üzrə təşkilatı tərəfindən aparılan araşdırmaların "səhv fərziyyələr və təsdiqlənməmiş nəzəriyyələrlə dolu olduğunu" deyib.
Hesabatlar minlərlə tanınmış insanın hədəf alındığını iddia edən bir sıra məqalələrinin bir hissəsidir.
Fransanın "Le Monde" qəzeti Mərakeşin kəşfiyyat xidmətlərinin cənab Macronun 2017-ci ildən bəri istifadə etdiyi mobil telefonu təsbit etdiyini bildirib.
Mərakeş Pegasus proqramının müştərisi olduğunu inkar edib.
Siyahıda yer almaq proqramın istifadə olunduğu demək deyil, şəxsin potensial hədəf olduğu deməkdir.
Proqramın Fransa Prezidentinin telefonuna quraşdırılıb-quraşdırılmadığı bəlli deyil.
Sızdırılan siyahıdakı nömrələrin arasında İraq və Cənubi Afrika Respublikasının prezidentlərinin, Pakistan, Misir və Mərakeşin hazırki Baş nazirlərinin və Mərakeş kralının adı var.
Siyahıda 34 ölkədən 600-dən çox dövlət məmuru və siyasətçi var.
Fransa Prezident Aparatı deyib ki, açıqlamalar həqiqət olsaydı, çox ciddi olardılar.









