Whatsapp hansı məlumatları paylaşacaq? Şəxsi məlumatlarınız istifadə ediləcəkmi? – 7 suala cavabda

WhatsApp, Şubat ayında yürürlüğe girecek güncelleme ile kullanıcılarını bir tercihe zorluyor

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, WhatsApp-ın məxfilik siyasəti fevralın 8-dən sonra dəyişəcək

WhatsApp ani mesajlaşma tətbiqi bu yaxınlarda iki milyard istifadəçisinə yeni məxfilik müqaviləsini qəbul etməyi, əks halda bu tətbiqin həmin istifadəçilərin smartfonlarında işləməyəcəyi barədə xəbərdarlıq göndərir.

WhatsApp xəbərdarlıq edib ki, istifadəçilər yeni müqavilə şərtlərini və məlumat paylaşma qaydalarını fevralın 8-dək qəbul etməlidirlər. Şirkət yeni qaydaların qəbulundan sonra alış-veriş və ödənişlər kimi xidmətlərin təklif ediləcəyini deyir.

Bu, bütün dünyada, eləcə də Azərbaycanda WhatsApp-ın nə qədər təhlükəsiz olması, istifadəçilərin hansı məlumatlarını paylaşıb, paylaşmayacağı barədə suallar, müzakirələr yaradıb.

Whatsapp-ın yeni qaydaları nələrdir?

Facebook 2014-cü ildə WhatsApp-ı satın aldıqdan bəri məlumat mübadiləsi və məxfilik qaydalarının necə dəyişəcəyi maraqla gözlənilirdi.

Bu məsələyə xüsusi marağı doğuran amil Facebook-un adının məlumat paylaşımı və məxfiliklə bağlı qalmaqallarda hallanması idi.

Wired jurnalına görə, WhatsApp-ın bu yaxınlarda istifadəçilərə göndərdiyi xəbərdarlıq, əslində 2016-cı ildə məlumatların Facebook ilə paylaşması barədə dəyişdirilmiş qaydaların daha geniş bir versiyasıdır.

Bu səbəbdən də jurnala görə, bu qaydalar əslində 2016-cı ildən etibarən qüvvədədir.

2016-cı ildə məxfilik və məlumat mübadiləsi qaydalarına dair əsas yeniləmədə istifadəçilərə bəzi məlumatların Facebook ilə paylaşılmasını aradan qaldırmaq seçimi verilmişdi; lakin bu seçim yeni müqavilə ilə ləğv edilir.

Wired-ə görə, yeni məxfilik müqaviləsi daha çox WhatsApp Business hesabları olan istifadəçilərin mesajlarının necə qorunacağına aid olacaq.

WhatsApp tətbiqini 2016-cı ildən sonra yükləyən bir milyarddan çox istifadəçinin məlumatları artıq Facebook ilə paylaşılıb.

İnsanlar niyə Whatsapp-ı silir?

Bu mesajlaşma xidməti 8 fevraldan etibarən yeni qaydalarla işləyəcəyi barədə planlarını açıqladıqdan sonra dünyada WhatsApp istifadəçilərinin bu tətbiqdən imtina etmə halları nəzərəçarpacaq dərəcədə artıb və WhatsApp-dan imtina etmə kampaniyalarının keçirilməsinə səbəb olub.

Məlumatlarının kiminlə və hansı qurumlarla paylaşılacaqlarından narahat olan istifadəçilər alternativlər axtarmağa başlayıblar.

Nəticədə, son vaxtlar məxfiliyə daha çox əhəmiyyət verən Signal və Telegram kimi tətbiqlərə maraq artıb. Onlar barədə bir qədər sonra, yazının sonunda danışacağıq.

Bununla belə, misal üçün, bir sıra rusiyalı informasiya texnologiyaları ekspertləri WhatsApp tətbiqindən imtinaların hələlik kütləvi hal almadığı qənaətindədirlər.

Hansı məşhurlar Whatsapp-dan imtina edib?

Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın mətbuat xidməti açıqlamasında WhatsApp-dan istifadədən imtina etdiyini bildirib.

Bu qərarın səbəbi kimi mesajlaşma tətbiqinin məxfilik siyasətindəki baş vermiş dəyişiklik olub.

Türkiyə Prezidentinin administrasiyası əvvəllər WhatsApp mesajlaşmasında yaradılmış bütün qrupları Turkcell İletisim Hizmetleri A.Ş. şirkətinə məxsus BiP tətbiqinə köçürəcəyini bildirib. Erdoğanın mətbuat xidməti jurnalistləri də eyni addım atmağa çağırıb.

Türkiyədə Bayraktar TB2 pilotsuz uçaqların memarı sayılan Selçuk Bayraktar da WhatsApp-ı smartfonundan silərək BiP tətbiqinə keçib və eləcə də Telegram və Signal tətbiqlərindən də istifadə etdiyini açıqlayıb.

Tesla və SpaceX şirkətlərinin qurucusu, hazırda dünyanın ən zəngin iş adamı sayılan Elon Mask da Signal tətbiqindən istifadə etməyə çağırış edib.

Messenger, WhatsApp, Instagram, Facebook

Şəklin mənbəyi, Getty Images

Narahatlığa səbəb olan nədir?

Hazırki vəziyyətdə isə istifadəçilər məlumatlarının təkcə Facebook şirkətləri ilə deyil, açıqlanmayan üçüncu tərəflərlə paylaşılmasından narahatdırlar.

WhatsApp tərəfindən atılan bu addım şəxsi məlumatların qorunması, kiber təhlükəsizlik uğrunda və haqsız rəqabətə qarşı kampaniya aparan qrupların sərt reaksiyasına da səbəb olub.

Bu Facebook-la bağlı ilk qalmaqal deyil. 2018-ci ilin mart ayında Facebook-da istifadəçilərin məlumatının sızması ilə bağlı qalmaqal baş vermişdi. Məlum olmuşdu ki, həmin məlumatlar seçicilərin siyasi baxışlarının təhlili ilə məşğul olan Cambridge Analytica şirkətinə ötürülüb. Şirkət Facebook-un məlumatından siyasi reklam yerləşdirmək üçün istifadə edib.

Bu məsələ ilə bağlı Facebook təsisçisi Mark Zuckerberg 2018-ci ildə ABŞ Konqresində ifadə verib, 2019-cu ildə isə Facebook 5 milyard dollar məbləğində cərimə olunub.

Mark Zuckerberg istifadəçilərin məxfiliyini qorumaq üçün keçən il şirkətinin şifrəli mesajlaşma funksiyalarını inkişaf etdirmək fikrində olduğunu söyləmişdi.

Bəzi ölkələr illərdir məxfi məlumat mübadiləsinə qarşı çıxır və şirkətlərin məlumat toplama fəaliyyətinə məhdudlaşdırıcı qaydalar tətbiq edir.

2017-ci ildə Fransanın məlumat qoruma agentliyi Fransa qanunlarına görə WhatsApp-ın kommersiya məlumatlarının toplanması üçün qanuni bir əsas olmadığına, məlumatların Facebook ilə paylaşmadan əvvəl istifadəçilərdən razılıq almadığına və bu səbəbdən də qaydaları pozduğuna dair qərar verib.

İngiltərədə 2018-ci ildə rəsmilər Facebook-un İngiltərə vətəndaşlarına məxsus WhatsApp məlumatlarını istifadə etməsinin qarşısını alıb və məlumatların qorunmasına dair qanunlarının pozulduğu barədə qərar çıxarıb.

Bu arada yeni qaydalar hələ danışıqlar getdiyi üçün Avropada olan istifadəçilərə aid deyil, lakin onlara da yeni qaydaları qəbul etməklə bağlı mesaj göndərilib.

WhatsApp hansı məlumatları paylaşacaq, hansıları yox?

WhatsApp-ın istifadə etdiyi və paylaşdığı məlumatlar əsasən tətbiqetmədən necə istifadə etdiyinizə aiddir.

WhatsApp-ın Facebook ilə paylaşdığı məlumat bazasına telefon nömrəniz, WhatsApp-dan nə qədər və nə dərəcədə istifadə etdiyiniz, digər istifadəçilərlə necə əlaqə qurduğunuz, cihazınız, IP adresiniz, əməliyyat sisteminiz, brauzeriniz, batareyanın sağlamlığı, tətbiqin versiyası, mobil xidmət təminatçısı, dil və saat qurşağı barədə məlumatlar daxildir.

Tətbiq yüklənərkən WhatsApp-a verdiyiniz icazəyə görə, ödəmə məlumatlarınız və yeriniz Facebook ilə paylaşıla bilər.

Wired dərgisi son dəyişikliyin "end-to-end encryption" şifrələmə qaydasına təsir etmədiyini vurğulayır.

Bu o deməkdir ki, göndərdiyiniz mesajlara, fotolara və ya digər məzmuna yalnız öz smartfonunuzda və ya göndərdiyiniz insanların cihazlarında baxıla bilər.

WhatsApp və Facebook mesajların məzmununu göstərmir.

Wired-ə danışan John Hopkins Universitetindən kriptoloq Matthew Green deyib: "WhatsApp mesajlarınızın məzmunu ilə bağlı məxfiliyinizi qorumaq üçün yaxşıdır. Lakin qalan məlumatlarla bağlı məxfilik, görünür, pozulur."

Forbes dərgisi WhatsApp-ın metadata topladığına da diqqət çəkir.

Forbes bildirir ki, WhatsApp mesaj göndərdiyiniz, kiminlə tanış olduğunuz, nə vaxt və nə qədər danışdığınız barədə məlumatları paylaşır.

Forbes-ə danışan bir virtual təhlükəsizlik şirkəti olan Cyjax-ın informasiya təhlükəsizliyi üzrə baş direktoru Ian Thornton-Trump deyib: "Metadata məlumatlarınızla əlaqəli məlumatlardır. Meta məlumatların özü qədər güclü ola bilər."

WhatsApp əvvəllər də giriş məlumatlarını, qrup məlumatlarını və profil şəkillərini, telefon, əlaqə və yer məlumatlarını avtomatik olaraq yadda saxladığını elan etmişdi.

WhatsApp yanvarın 12-də özünün rəsmi saytında açıqlama yayıb ki, bu tətbiq istifadəçilərin nə fərdi yazışmalarını görə bilir, nə də danışıqlarını eşidə bilir.

Məlumatda qeyd olunub ki, WhatsApp "end-to-end encryption" şifrələmə üsulundan istifadə edir, istifadəçinin olduğu yer barədə paylaşdığı məlumatı görə bilmir, mesaj göndərənlərin və ya zəng edənlərə aid məlumatı yaddaşda saxlamır, istifadəçinin kontaktlarını Facebook-la paylaşmır, WhatsApp daxilində yaradılmış qrupların məxfiliyi pozulmur. Şirkətə görə, mesajlarınızın təhlükəsizliyindən əmin deyilsinizsə, onlar öz-özünə yox olma rejimində də göndərilə bilər.

Hansı reklamlar smartfonuza göndərilə bilər?

TechRadar texnologiya xəbər saytı WhatsApp-ın statusunuzu, məlumatlarınızı və profil şəklinizi paylaşdığını və bunlara uyğun olaraq reklamlara məruz qala biləcəyinizi xatırladır.

Misal üçün, WhatsApp statusunuzda müəyyən bir avtomobil modeli almaq istədiyiniz barədə məlumat paylaşırsınızsa, Facebook bu məlumatları reklamverənlərə ötürəcək, beləliklə Facebook, WhatsApp, Messenger və Instagram-da müvafiq məzmunlu reklamları göstərilə bilər.

TechRadar WhatsApp Business hesabınız olduğu halda, satdığınız məhsulların rəqiblərlə paylaşıla biləcəyini qeyd edir.

Qaydaları qəbul etməyənlər nə edəcəklər?

İstifadəçilər tərəfindən yeni qaydaların təsdiqlənməsi WhatsApp-dan istifadə etmək istəyənlər üçün məcburidir.

8 fevralda qüvvəyə minəcək yeni qaydaları qəbul etmək istəməyənlər bu kommunikasiya platformasından istifadə edə bilməyəcəklər.

Beynəlxalq media yazır ki, artıq bu tətbiqin rəqibləri - Signal və Telegram tətbiqlərinin istifadəçi sayı artmaqda davam edir.

WhatsApp-ın elanı verildiyi tarixdən bir həftə sonra dünya üzrə o, 8.8 milyon dəfə endirilib. Elandan bir həftə əvvəl bu rəqəm cəmi 246 min dəfə idi. Signaldan ən çox istifadə edən ölkələr Hindistan, Britaniya və ABŞ-dır, Sensor Tower adlı məlumat təhlil şirkəti açıqlayıb.

Telegram-ın da endirilmə sayı dekabrın 28-dən sonrakı həftələrdə 6.5 milyondan 11 milyona artsa da, şirkətə görə, bu WhatsApp üçün böyük bir problem törətməyəcək və o, hələ də məşhur olmaqda davam edəcək.

Bəs görəsən, WhatsApp-I tərk dənlər niyə Signal və Telegram tətbiqlərini seçirlər?

İstanbulun Kadır Has Universitetinin əməkdaşı Hamid Akın Ünver BBC Türkçe üçün yazdığı məqalədə bu barədə danışıb.

Signal

Facebook WhatsApp-ı satın aldıqdan sonra 2017 və 2018-ci illərdə WhatsApp-ın təsisçiləri Brian Acton və Jan Koum şirkəti tərk etdilər.

Acton bir neçə aydan sonra sonra Signal Fondunu qurdu. Qurum açıq mənbəli Siqnal Protokolunu yaradıb.

Signal tətbiqi meta-məlumatları da şifrələyərək WhatsApp-ın "end-to-end encryption" şifrələmə protokolunu daha da təkmil edib. Beləliklə, bu cür məlumatları üçüncü şəxslərə satmaq və ya Signal da daxil, digər kanallar vasitəsilə məlumat əldə etmək mümkün deyil.

WhatsApp ilə müqayisədə Signal-ın ən vacib üstünlüyü, daha inkişaf etmiş təhlükəsizlik funksiyalarına sahib olmasıdır.

Bunlardan ən əsası "öz-özünə silinən və ya yox olan mesajlar" funksiyasıdır. Bu xüsusiyyət göndərilən və alınan mesajların istifadəçinin təyin etdiyi vaxtdan və ya oxunduqdan sonra avtomatik silinməsini təmin edir.

Silinmə funksiyası video, foto, audio mesajlara da aiddir.

Bundan əlavə, Signal-ın "açıq kodlu" platforma olması onu "qapalı kod" əsasında işləyən WhatsApp-dan daha təhlükəsiz edir.

Signal tətbiqində məlumatlar serverə və ya digər bulud yaddaşına köçürülmür. Mesajlar yalnız istifadəçinin telefonunun yaddaşında qalır. Bu, kənardan həmin mesajlara daxil olmaların qarşısını alır.

Telegram

Telegram tətbiqi də "end-to-end encryption" şifrələmə protokolundan istifadə edir.

Lakin bu protokol yalnız "məxfi söhbət" rejimində işə düşür. Həmin rejim yalnız iki həmsöhbət arasında qurula bilər, həmsöhbətlərin sayı daha çox olan qruplarda isə "məxfi söhbət" protokolu işləmir.

Bu, Telegram-ın Signal-la müqayisədə zəif cəhətidir.

Telegram WhatsApp ilə müqayisədə daha az istifadəçi meta-datasından istifadə edir.

"Məxfi söhbət" funksiyası işləmədiyi hallarda mesajlar Telegram serverlərində şifrələndikdən sonra göndərilir.

Telegram-ın bu halda müdafiə sisteminin xüsusiyyəti ondadır ki, platforma bu cür mesajlara yalnız "birdən çox ölkənin təhlükəsizlik orqanlarının müraciəti" əsasında müdaxilə edə bilər.

Telegram vurğulayır ki, indiyədək heç bir kənar tətbiqlə və təhlükəsizlik strukturu ilə məlumatları paylaşmayıb.

Telegram mesajları şifrələmək üçün MTProto2.0 adlanan özünün qapalı protokolundan istifadə edir.

Bu şifrələmə protokolu qapalı kod olduğundan onun müstəqil kriptoqrafik analizini aparmaq mümkün deyil. Bu, Telegram-ın Signaldan daha "qeyri-müəyyən" hesab olunmasına gətirib çıxarır.